XƏBƏRLENTİ

xeberlenti.com

TÜRKSOY-un baş katibi İlham Əliyevi təbrik etdi

TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Xeberlenti.com  xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının böyük uğurudur.

TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və Türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında
Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

About Author