İctimai-siyasi hadisələrin cərəyan etdiyi dönəmlərdə hakimiyyət daxilindəki 5-ci kolon fəallaşır və öz missiyasını yerinə yetirmək üçün fəaliyyətə keçir. Əksər vaxtlarda uğursuzluğa düçar olan bu cür cəhdlərin arxasında siyasi qüvvələr dayanır. Onların isə piar üçün kifayət qədər media resursları mövcuddur. Avropaya sığınan “dost”larını informasiya ilə təmin edən 5-ci kolon feyk xəbərlərlə Azərbaycanda ictimai-siyasi atmosferə zərbə vurmaq istəyir. Avropada Azərbaycan əleyhinə aparılan təbliğatın arxasında dayanan qüvvələr öz hərəkətlərini xarici kəşfiyyat orqanlarından aldıqları tezislərə uyğun koordinasiya edirlər.
Onların üzərinə düşən əsas vəzifələrdən biri və elə birincisi də Azərbaycana düşmən mövqe sərgiləyən blogerlərə informasiya ötürməkdir. Avropadakı “vətənpərvərlər” bəzən elə məlumatlar səsləndirirlər ki, bunu hakimiyyətdə təmsil olunanlardan başqa heç kəsin bilməyi mümkün deyil. Bəs Azərbaycandan 5-10 min km kənarda yaşayan blogerlər dövlət əhəmiyyətli məlumatları kimdən və haradan alırlar?
Yenə yada hakimiyyətdə təmsil olunan 5-ci kolonun nümayəndələri düşür. “Bulanıq suda balıq tutmağa” həvəsli görünən bu tiplər xarici ölkələrin kəşfiyyatı qarşısında götürdükləri öhdəliyi yerinə yetirmək üçün dərhal hərəkətə keçir və Azərbaycan cəmiyyətində narahatlıq yaratmaqdan ötrü öz çirkin planlarından maksimum istifadə edirlər.
5-ci kolon yenə iş başındadır. Növbədənkənar prezident seçkiləri ərəfəsi hərəkətə keçən həmin qüvvələr indidən ölkədə “kadr dəyişikliyi”nə start veriblər. Nazirləri bir-bir “dəyişən” həmin qüvvələr blogerlərə “pas” verməklə ictimai fikri çaşdırmağa çalışırlar. Guya seçkilərdən sonra Daxili işlər naziri Vilayət Eyvazov vəzifəsindən azad ediləcək, Prezidentin Mühafizə İdarəsinin rəisi Bəylər Eyyubov təqaüdə göndəriləcək. Cəmiyyətdə digər güc strukturları ilə bağlı yaydıqları feyk məlumatlar da birmənalı qarşılanmır. Əvvəla, onu qeyd edək ki, adıçəkilən şəxslər sıradan biri deyil, dövlət qarşısında mühüm xidmətlər göstərən yüksək rütbəli dövlət adamlarıdır. Deməli, belə şəxslərin adının çəkilməsi təsadüfi deyil.
Düzdür, əksəriyyət bunun Avropadan ölkəmizə qarşı aparılan informasiya savaşının bir qolu olduğunu anlayır. Amma dezinformasiyalardan yararlanmaq istəyən qüvvələr də az deyil. Növbədənkənar prezident seçkilərinin əhəmiyyətini azaltmağa hesablanan bu cür kampaniyanın kimlər tərəfindən dövriyyəyə buraxıldığı gün kimi aydındır. Azərbaycanı istəməyən qüvvələr bununla seçkilərdə müəyyən problemlər yaratmaq niyyətindədirlər.
Əlüstü bir neçə naziri vəzifədən uzaqlaşdıran, bəzilərinin yerini dəyişən bu “ağıllı” adamların normal siyasi savadı da yoxdur. Onlar düşünməlidirlər ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ölkə inkişaf edib və cəmiyyəti parçalamaq üçün feyk məlumatların gücü yetərli deyil. Amma yenə də dediklərini deyir, tutduqlarını buraxmırlar. Üzərilərinə qoyulan öhdəlikləri yerinə yetirmək üçün hər cür çirkin oyunlara əl atan bu məxluqlar çox yaxşı bilirlər ki, istənilən yüksək ranqlı məmurun vəzifəyə təyin olunması və vəzifədən uzaqlaşdırılması yalnız Prezidentin səlahiyyətindədir.
Ehtimallar üzərində qurulan feyk xəbərlərlə məşğul olmaq isə yalnız xəstə təxəyyülün məhsuludur. Avropada oturub Azərbaycan əleyhinə ağızlarına gələn böhtanı yağdıran “vətənpərvər ordusu” isə düşdüyü rəzil durumun fərqində deyil. Vətəni 5-10 avroya satan, bütün günü ermənilərin tezislərini internet resurslarından xalqa sırıyan bu “qəhəmanlar” hər gün yalan, böhtan dolu çıxışlarıyla özlərini daha “vətənpərvər” göstərməyə çalışırlar. Ağızlarını ən iyrənc sözlərlə açan bu yaramazlar, görəsən, nə vaxtsa ailə tərbiyəsi alıblarmı? Küçə uşaqlarının başladıqları söyüş kampaniyasını isə bəzən minlərlə insan izləyir və əksəriyyət də onlara öz nifrətini bildirir. Budur Azərbaycanda “hakimiyyət dəyişikliyi”ni əvvəlcədən proqnozlaşdıran münəccimlərin iş prinsipi!
Vəli Həsənov