XƏBƏRLENTİ

xeberlenti.com

O ağır günün xatirələri – General Lebed Yaşar həkimin evində nə axtarmışdı…

Bu gün çox ağır gündür. Düz 34 ildir ki, bu günün möhnəti o qra günün şahidlərinin beynini tərk etmir.

20 Yanvar şəhidlərinin güllə yarası aldığı günün şahidləri də elə bir travma alıblar ki, min il keçsə də unudan deyillər. Hamımız yanıqlı kamança və qoboq səsi, “Zəminxarə” dinləməz olmuşuq.

Ancaq həmin gün heç də hamı nə fiziki, nə psixoloji travma almamışdı.

Özünü yalandan kədərli göstərənlər vardı, ürəklərində “əcəb oldu, Moskvaya qarşı çıxanda bilməliydilər ki, Kreml bunları qıracaq” deyə düşünürdülər.

Şəhidlərin faciəsini ürəyinə salmayanlar vardı, özlərini heç vaxt üzünü görmədikləri, sevmədikləri qohumlarının qara xəbərini almış kimi aparırdılar.

Hüznə qərq olanlar vardı, elə haldaydılar, sanki dünyanın axırıdır, bundan sonra işıqlı, sevincli gün olmayacaq.

izdih.jpg (385 KB)

Xalq gerçəkdən də sarsılmışdı. Hər kənddə, qəsəbədə, küçədə, yol qırağında hündür lövhələrdə, uca divarlarda yazılmış “SSRİ sülhün dayağıdır” şüarı bir andaca puç olmuşdu. Sülh hara, qırğın törətmək hara?

Almaniyalı körpəni sinəsinə sıxıb güllədən qoruyan naməlum əsgər heykəlinin saxtalığı üzə çıxmışdı – Bakı küçələrində həmin naməlum əsgərlər Larisa adlı qızı da öldürmüşdülər. O qatillər hələ də naməlumdurlar.

SSRİ-nin iç üzü görünmüşdü – 70 illik ömründə istər Leninin, istər Stalinin, istər Xruşovun, istər Brejnevin vaxtında dinc əhalini gülləboran edib öldürən dövlət Almatı (1986) və Tiflisdən (1989) sonra eyni şeyi Bakıda da etmişdi.

“Qardaş müttəfiq respublikalar” nağılı sona çatmış, göydən alma əvəzinə 7,62 mm-lik güllələr tökülmüşdü, “böyük qatdaş” növbəti dəfə “kiçik qardaş”lardan daha birini güllələmişdi.

Bu dəfə günah öləndə deyildi. Onlar əzəldən, ta Leninin vaxtından lənətlənmiş və sonradan xaraba qalmış bu mənfur dövləti dağıtmaq istəmirdilər, sadəcə, haqq-ədalət istəyirdilər.

xlq22.jpg (63 KB)

20 Yanvar şəhidləri və şahidləri istəyirdilər ki, üzərində yaşadıqları Azərbaycan bir az da kiçilməsin. Onsuz da bu ölkənin dərə-dərə, düzən-düzən, kənd-kənd kiçildiyi bəlli idi, bu dəfə dava mahal davası olduğuna görə insanlar daha hiddətliydi.

Ancaq bu hiddət heç də hakim kommunist partiyasına, sovet dövlətinə ünvanlanmamışdı, insanlar sovet dövlətinin ədalətsiz mövqe tutan rəhbərlərinə, əsasən də ölkə başçısı Mixail Qorbaçova və onun arvadı Raisaya qarşıydılar.

Kremldəkilər isə hövllənmiş, sovet quruluşunun sarsıldığı qənaətinə gəlmiş, öz aləmlərində vintləri bərkitmək yolu seçmişdilər.

Halbuki sovet dövlətinin işlək mexanizminin altında qurulmuş bombanın detanatoru İrəvandaydı. SSRİ-ni öz pis örnəkləri ilə ermənilər dağıdırdı, ancaq Kremldəki qoca kütbeyinlərin xəbəri yox idi.

oğraşlar.jpg (99 KB)

Onlar bunu 1 il 8 aydan sonra, 1991-ci ilin avqustunda anladılar, amma gec oldu. İdarəetmə qabiliyyətini itirmiş korazehin adamlar özünü rüsvay etmiş dövləti qoruyub saxlaya bilmədilər.

Ancaq bunlar sonra oldu və sırf 20 Yanvara görə xalqımızın ürəyindən tikan çıxdı. Zatən, o qanlı faciədən sonra SSRİ-nin çox yaşamayacağını deyənlər çox idi.

20 Yanvar günü və ondan sonrakı günlərdə xalqımızın minlərlə duyarlı, vətənpərvər oğlunun qəzəbi sonsuz idi. Əgər həmin günlərdə o gəncləri təşkil edən, onlara silah paylayan olsaydı, ölkə gerçəkdən Əfqanıstana dönərdi.

Fəqət bunu edən olmadı və sonrakı illərdən baxdığımızda ən optimal qərarın silahlı müqavimətə başlamamaq olduğunu gördük (əslində əldə uyğun arsenal da yox idi, sadəcə, hiddətlənmiş və qisas arzusu ilə alışıb-yanan gənclər vardı).

Biz millət olaraq istədiyimizə 2 ildən sonra nail olduq – müstəqil Azərbaycan dövlətini bərpa etdik. Bir çox başqa respublikalar, necə deyərlər, hazıra nazir oldular.

Ona görə də bəzən istiqlalçıların xidmətini aşağılamaq istəyənlər “nə mübarizə, SSRİ dağıldı, biz də müstəqil olduq” deyəndə razılaşmaq olmur.

yankla.jpg (63 KB)

SSRİ durduq yerdə dağılmadı, o bir az Almatıda, bir az Tiflisdə, bir az Vilnüsdə dağıldı, ən böyük sarsıntıya isə Bakıda məruz qaldı.

Başqa respublikalardan fərqli olaraq Azərbaycan öz istiqlalını qurbanlar verərək qazandı.

20 Yanvar şəhidləri təkcə istiqlal yolumuzun şəhidləri deyil, həm də Qarabağ yolunun şəhidləridir. Məhz onların fədakarlığından sonra İrəvan da, Moskva da anladı ki, Qarabağı Azərbaycandan nə zor yoluyla, nə də dilə tutmaqla qoparmaq mümkün olmayacaq.

Məhz 20 Yanvardan sonra ölkə əhalisinin tam əksəriyyəti vətənpərvər ovqata kökləndi. Ölkənin bütün təbəqələri görünməmiş bir şəkildə birləşmişdilər – hakimindən həkiminə qədər, fəhləsindən rəisinədək, alverçisindən bəstəkarına, yazıçısısına, rəssamına kimi.

AzTV-nin məşhur diktoru Rafiq Hüseynovun efirini bərpa etmiş TV-yə qalstuksuz, qara köynkdə çıxması və xəbərləri hüzn içində oxumasını unutmaq olarmı? Əsla.

seherz.JPG (44 KB)

“Səhər” qəzetinin kollektivinin FV rejiminə və komendant saatına baxmayaraq, sovet dövlətinin antibəşəri cinayətini əks etdirən materialları dərc etməsini və ölkəyə yaymasını yaddan çıxarmaq olarmı? Qətiyyən.

Belə fədakarlıqlar minlərləydi. Birini də bu yaxınlarda danışıblar. İki ay öncə vəfat edən keçmiş vitse-spiker Yaşar Əliyev 20 Yanvar günlərində o zamankı “Semaşko” xəstəxanasının baş həkimi olub və güllələnmiş şəxslərin şəkillərini, videolarını çəkdirib. Kimsə baş həkimdən çuğulluq edib, o zaman Nəsimi rayonunun hərbi komendantı olan Aleksandr Lebed (25 gündən sonra Bakıda general rütbəsi alıb) şəxsən özü başının dəstəsi ilə Yaşar Əliyevin evinə axtarışa gəlib, amma bir şey tapmayıblar. Çünki bir az əvvəl Yaşar həkim kasetləri yoldaşına və 12 yaşlı qızı Səbinəyə verərək Qaqarin (indiki Cavanşir) körpüsü tərəfdə yaşayan dostunun evinə göndərib. Sonradan hər yana yayılan ifşaedici videoların bir hissəsi də məhz vətənpərvər həkimin iradəsi ilə lentə alınıb.

lebbak.jpg (12 KB)

Biz bu günlərə o ağır günlərdən keçib gəldik. Şəhidlərin qanı yerdə qalmadı. Son üç ildə millət yaxşı günlər gördü və hələ çox görəcək. Bu ağır günün möhnəti bizimlə – o günlərin şahidləri ilə gedəcək. Gələcək nəsillər isə 20 Yanvarı qəhrəmanlıq nümunəsi kimi yad edəcəklər.

P.S. Bakıda dinc insanları qıran A.Lebed 1991-ci ilin avqustunda QKÇP qiyamı zamanı əmrə riayət etməyərək, Rusiya Ali Sovetinin binasını mühasirəyə alan insanlara güllə atmayıb və sonradan hərəkətini belə izah edib ki, Novoçerkassk hadisəsini xatırlayıb, qax axıdılmasına yol vermək istəməyib. Bəs o hadisə onun yadına niyə Bakıda düşməmişdi?

About Author