Müasir dövrdə hüquqi mübahisələrin həllə qovuşdurulmasında mübahisələrin alternativ həlli üsulları (ADR-Alternative Dispute Resolution) Avropa İttifaqı təsisatları və üzv dövlətləri tərəfindən bəyənilməkdə, onu qanunvericiliyində təsbit edən dövlətlərin sayı artmaqdadır. Avropa İttifaqında mübahisələrin alternativ həllinə artan marağa görə Avropa Komissiyası 19 aprel 2002-ci il tarixli “Mülki və kommersiya hüququnda mübahisələrin alternativ həlli üsullarına dair Yaşıl Kitab (Green paper)” hazırlamışdır. Daha sonra mediasiya və məhkəmə icraatları arasında balanslı əlaqəni qoruyub saxlamaqla mübahisələrin alternativ həllinə çatımlılığı asanlaşdırmaq və mediasiyadan istifadəyə həvəsləndirməklə mübahisələrin dostcasına həllini təşviq etmək məqsədi ilə “Mülki və kommersiya işlərində vasitəçiliyin müəyyən aspektləri üzrə” Avropa İttifaqının 21 may 2008-ci il tarixli Direktivi qəbul edilmişdir. Direktiv üzv dövlətlər tərəfindən milli qanunvericiliklərinə daxil edilməsi üçün mediasiya ilə bağlı minimum standartları təqdim edir. Respublikamızda ədliyyə sisteminin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili istiqamətində atılmış ən mühüm addımlardan biri də mediasiya institutunun yaradılması olmuşdur. 29 mart 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, həmin qanunun 18.1-ci maddəsinə əsasən uyğun olaraq 12 fevral 2020-ci il tarixində “Mediasiya Şurası” qeyri-kommersiya hüquqi şəxsi təsis edilmişdir. Mediasiya təcrübəsi Azərbaycan Respublikasında yeni olmasına baxmayaraq, qəbul edilmiş qanunvericilik beynəlxalq təcrübəyə kifayət qədər yaxındır. Mediasiyanın tətbiq dairəsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsində öz təsdiqini tapmışdır. Müki işlərə, kommersiya mübahisələrinə, ailə, əmək və inzibati münasibətlərdən irəli gələn mübahisələrə mediasiyanın tətbiqi nəzərdə tutulmuşdur. 01 iyul 2021-ci il tarixdən etibarən ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməlidir. Bu da bərabərində təşviq edilən mediasiyanın məhkəməyə çatımlılıq, məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırması hüququna manə olub-olmaması ilə bağlı mübahisələri gətirmişdir. Müqayisəli hüquqa baxdıqda görmək olar ki, mübahisələrin alternativ həlli üsullarından biri kimi təşviq edilən mediasiya modeli son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri olmuşdur. Müqayisəli hüquq ədəbiyyatında təşviq edilən mediasiyanın üç modeli fərqləndirilmiş və hakim olan fikrə əsasən təşviq edilən mediasiya məhkəməyə çatımlılıq hüququna maneə deyildir. Təşviq edilən mediasiya hazırda Avstraliya, İtaliya, Türkiyə, Böyük Britaniya, Amerikanın bir çox ştatında və başqa dövlətlərdə tətbiq edilir.
I. Təşviq edilən mediasiya modelləri və onların məhkəməyə çatımlılıq hüququ baxımından qiymətləndirilməsi
Nəzərə almaq lazımdır ki, məhkəmənin iş yükünün azaldılması mediasiyanın məqsədi deyil. Sadəcə mübahisələrin alternativ həlli üsullarının tətbiqi məhkəmələrin iş yükünün də azalmasına səbəb olur. Ona görə də təşviq edilən mediasiyanın məhkəmənin iş yükünün azaldılması məqsədi ilə tətbiq edilməsi fikri ilə qəti razı deyilik. Belə yanaşmanın hüquqi və demokratik dövlət anlayışı ilə də uzlaşmadığı qənaətindəyik. Təşviq edilən mediasiya modellərinin tətbiqinin əsas məqsədi mediasiyaya müraciəti stimullaşdırmaqdır. Ona görə ki, təcrübədə sübut olunub ki, bu və ya digər səbəbdən (məhkəmənin nüfuzunun daha yüksəkliyi, tarixən baxdıqda mediasiya institunun daha yeni olduğunu, mediyasiya barəsində dolğun məlumatın olmaması və s.) könüllü mediasiyaya tez-tez müraciət olunmur.
Təşviq edilən mediasiya beynəlxalq təcrübədə əsasən üç formada tətbiq edilir. Bunlar: məhkəmə prosesi zamanı təşviq edilən mediasiya, yarı təşviq edilən mediasiya və məhkəməyə müraciət şərti kimi mediasiya [8, s.939] modelləridir.
Məhkəmə prosesində təşviq edilən mediasiya modelində məhkəmə tərəflərin razılığını almadan onların mediasiyada iştirakı ilə bağlı qərar qəbul edə bilər. Tərəflər mediasiyada iştirak etmədikdə məhkəmə prosesi qaldığı yerdən davam edəcəkdir. Yarı təşviq edilən mediasiya modelində ilkin mediasiya sessiyasında iştirak etməyi rədd edən tərəf yekun məhkəmə qərarı ilə mediasiyada təklif edilən təklifdən daha çox xeyir əldə etməmişdirsə işi udsa da məhkəmə xərclərini ödəməlidir. [8, s.931] Belə qayda tərəfləri dolayısı ilə mediasiyada iştiraka məcbur edir. Məhkəməyə müraciət şərti kimi mediasiya modelində isə qanunla bəzi mübahisələr üzrə mediasiyada iştirak edilməlidir. Tərəflər ilkin mediasiya sessiyasında iştirak etmədən məhkəmədə iddia qaldıra bilməzlər. Bu model Avstraliyada, İtaliyada və Türkiyədə tətbiq edilir. [8, s.938] İtaliya sığorta, kredit, vərəsəlik, ailə, habelə bəzi öhdəliklərdən irəli gələn mübahisələr üzrə 2013-cü ildən təşviq edilən mediasiya şərtini qəbul etmişdir. Avstraliya müxtəlif əyalətlərində təşviq edilən mediasiya qəbul edilmişdir. Məsələn, New South Wales əyalətində kənd təsərrüfatı öhdəliklərindən, icarə müqavilələrindən irəli gələn mübahisələr üzrə təşviq edilən mediasiya mövcuddur. [8, s.945] Digər tərəfdən Avstraliyada məhkəmələrin mübahisələri təşviq edilən mediasiyaya göndərmə səlahiyyəti vardır. Bu zaman məhkəmə tərəflərin razılığını almadan mübahisəni bir mediatora yönləndirə və tərəflərin mediasiya prosesində iştirakını məcburi olmasına dair qərar verə bilər. Məhkəmə təşviq edilən mediasiyası İngiltərədə də mövcuddur.
Təşviq edilən mediasiyanın ədalətli məhkəmə aradırması hüququna məhdudiyyət gətirib-gətirmədiyi müasirimizdə ən çox müzakirə olunan məsələlərdəndir. Bu məsələ ilə bağlı hakim fikir isə təşviq edilən mediasiyada da digər mübahisələrin alternativ həlli üsullarında olduğu kimi tərəflərin barışığa məcbur edilmədiyi, sadəcə tərəflərə mübahisənin həlli üçün daha az xərclə və daha təsirli alternativ bir şərait yaratmasıdır. [10, s.190-191] Əsasən Avropa İttifaqının hüquq ədəbiyyatında tez-tez rast gəldiyimiz səmərəli hüquqi müdafiə prinsipi üzv ölkələrin konstitusiyalarında, xüsusilə Avropa Konvensiyasının 6 və 13-cü maddələrində təsbit olunan ümumi prinsiplərdən ibarətdir. Avropa Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququ adlanan 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. [5] Görünür ki, ədalətli məhkəmə araşdırması hüququ daha geniş olmaqla məhkəməyə çatımlılıq hüququnu da əhatə etməkdədir. Avropa Konvensiyanın 13-cü maddəsi milli dövlətlərin üzərinə Konvensiya ilə təminat altına alınmış hüquq və azadlıqlarının pozulduğunu iddia edən hər kəsə bu iddialarının milli hüquq çərçivəsində araşdırılıb pozuntunun nəticələrini ortadan qaldırmağı təmin edən səmərəli hüquqi müdafiə vasitələri yaratma və bu mexanizmin səmərəli şəkildə fəaliyyət göstərməsini təşkil etmə öhdəliyi qoyur. Başqa sözlə fərdlər səmərəli hüquqi müdafiədən yararlanmalıdırlar. Hüquqların səmərəli hüquqi müdafiə üsulu dedikdə isə ilk olaraq məhkəmə yada düşür. Ona görə də təşviq edilən mediasiyanın tətbiq edildiyi gündən onun məhkəməyə çatımlılıq hüququna maneə olub-olmaması barədə mübahisələrin yaranması təbii haldır. Təşviq edilən mediasiyanın Avropa Konvensiyasına uyğunluğu məsələsi Avropa İttitafaqının Ədalət Məhkəməsinin (Court of Justice of the European Union) qərarlarında aydınlaşdırılmışdır. Avropa Ədalət Məhkəməsi təşviq edilən mediasiyanın qadağan olunmadığını və mediasiya nəticəsində bağlanan sazişin tərəflər üçün son olmadığı, yəni tərəflərin məhkəməyə çatımlılıq hüququnu aradan qaldırmadığı, tərəflərin məhkəmədə iddia qaldırmasını əsaslı şəkildə gecikdirmədiyi, mediasiya prosesində iddia müddətinin axımının dayandığı, mediasiyanın əlavə xərclərə yol açmadığı və ya çox az xərc tələb etməsi və təcili hallarda məhkəmə vasitəsilə təminat tədbirlərinin görülməsinə imkan verildiyi hallarda səmərəli hüquqi müdafiə prinsipinin pozulmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi təşviq edilən mediasiya özlüyündə məhkəməyə çatımlılıq hüququna maneə hesab edilmir. [7] Digər tərəfdən səmərəli hüquqi müdafiə prinsipi gərəyi yuxarıda sadalanan məsələlərin nəzərə alınmalı olduğu qeyd edilir. “Mülki və kommersiya işlərində vasitəçiliyin müəyyən aspektləri üzrə” Avropa İttifaqının 21 may 2008-ci il tarixli Direktivin 5-ci maddəsinə əsasən təşviq edilən mediasiya elə tətbiq edilməlidir ki, tərəfləri məhkəməyə çatımlılıq hüququndan məhrum etməsin. Həmin Direktivin 1-ci maddəsində qeyd edildiyi kimi mediasiya və məhkəmə icraatları arasında balanslı əlaqə saxlanılmalıdır. [6]
II. Azərbaycan Respublikasında təşviq edilən mediasiya institutunun məhkəməyə çatımlılıq hüququ baxımından qiymətləndirilməsi
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiya ilə bağlı beynəlxalq standartlar nəzərə alınmaqla tərtib edilmişdir. Hesab edirik ki, məburi mediasiya ilə bağlı normalar mediasiyanın ənənəvi konsepsiyasına uyğundur. Ona görə ki, heç kim bütün işi mediasiya nəticəsində barışıq sazişi ilə sonlandırmağa məcbur edilmir və sadəcə ilkin mediasiya sessiyasında iştirak tələb edilir. Həmin ilkin sessiyadan sonra onlar mediasiya prosesindən imtina etməkdə və məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Başqa sözlə ilkin mediasiya sessiyasında tərəflərin iştirak etməsi sonrakı mediasiya proseslərində iştirak etməli olması deyil. Belə ki, tərəfin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsinin məsuliyyətə səbəb olmasını nəzərdə tutan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 29.4-cü maddəsinin 09 iyul 2021-ci il tarixdə ləğv edilməsi yerində dəyişiklik olmuşdur. Könüllülük prinsipinə görə də tərəflərin təşviq edilən mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı məsuliyyət nəzərdə tutula və tərəflər razılığa gəlməyə məcbur edilə bilməz. Digər tərəfdən həmin Qanunun 36.5-ci maddəsinə əsasən ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. [2] Belə qayda müqayisəli hüquq ədəbiyyatında yarı təşviq edilən mediasiya modeli kimi fərqləndirilmişdir. Qanunvericiliyimizdə məhkəmə təşviq edilən mediasiya modeli nəzərdə tutulmamışdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun “məhkəmə mediasiyası” adlanan 31-ci maddəsinə əsasən məhkəmə tərəfləri mediasiya prosesində iştiraka məcbur edə bilməz, lakin məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılır. Mediasiya prosesində iştirak edən, lakin müsbət nəticə əldə etməyən tərəflər və ya onlardan biri mediasiya prosesinin nəticələri barədə protokolu təqdim etməklə növbəti dəfə məhkəməyə müraciət etdikdə dayandırılmış icraat təzələnir və işə məhkəmə tərəfindən baxılır. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə isə barışıq sazişi məhkəməyə təqdim olunur. Məhkəmə təqdim edilmiş barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir.
Mediasiyanın tətbiq dairəsi həmin Qanunun 3-cü maddəsində öz təsdiqini tapmışdır. Həmin maddəyə görə, mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilə bilər. Tərəflər, bunlardan sadəcə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. (Buna məhkəməyə müraciət şərti kimi mediasiya modeli də deyilir.) Lakin təşviq edilən mediasiyaya yönəlməli olan mübahisələrdə istisnalar da vardır. Belə ki, mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda, belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator, tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. İkinci istisna Ələt azad iqtisadi zonasına aiddir. Belə ki, Ələt azad iqtisadi zonasında baş verəcək iqtisadi münasibətlər həmin zonada formalaşdırılan “mübahisələrin həlli qurumları” vasitəsi ilə həyata keçirilir. Digər istisna ailə münasibətlərindən irəli gələn mübahisələr ilə bağlıdır. Belə ki, əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər.
Təşviq edilən mediasiyanın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olub-olmaması, məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması zamanı gözlənilməli olan mütənasiblik, habelə mediasiyanın məhkəməyə alternativ hesab edilməsi və mediasiya əlehdarları tərəfindən irəli sürülən digər məsələrlə bağlı aşağıdakıları nəzərə çatdırmaq istəyirik. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. [1] Yuxarıda da qeyd edildiyi kimi Avropa İttifaqının 21 may 2008-ci il tarixli Direktivin 5-ci maddəsinə təşviq edilən mediasiya tətbiq edilə bilər. [6] Lakin bu zaman tərəflər məhkəməyə çatımlılıq hüququndan məhrum edilməməlidirlər. Bununla bağlı qeyd edək ki, mediasiyada iştirakın təşviq edilən olması mediasiyanın əsas prinsiplərindən biri olan könüllülük prinsipinə uyğun olmasa da belə istisna sadəcə ilkin mediasiya sessiyası üçün nəzərdə tutulmuşdur. Tərəflər mediasiyadan imtina və ya baş tutmaması barədə müvafiq arayış və protokolu əldə etməklə məhkəməyə müraciət edə bilərlər. Digər tərəfdən mediasiyada iştirak təşviq edilən olsa belə o, məhkəmənin alternativi sayıla bilməz. Belə ki, Konstitusiyanın 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Hesab edirik ki, mübahisələrin alternativ həlli üsuli kimi təşviq edilən mediasiya elə tənzimlənməlidir ki, məhkəmənin ədalət mühakiməsi üstündəki mütləq hakimiyyətinə zərər verilməsin. Avropa İttifaqının 21 may 2008-ci il tarixli Direktivin 1-ci maddəsində qeyd edildiyi kimi mediasiya və məhkəmə icraatları arasında balanslı əlaqə saxlanılmalıdır. Ona görə də təşviq edilən mediasiya məhkəməyə müraciət etmək hüququnun alternativi hesab edilməməlidir. Bizə görə, təşviq edilən mediasiya sadəcə məhkəməyə müraciət etməzdən əvvəl yerinə yetirilməli olan şərtdir. Konstitusiyanın 71-ci maddəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Dövlətin təşviq edilən mediasiyanı tətbiq etməsində əsas məqsədindən biri məhkəmənin iş yükünün azaldılmasına nail olmaqla məhkəmənin səmərəliliyini daha da artırmaqdır. Digər tərəfdən təşviq edilən mediasiya yalnız mediasiya üçün daha perspektivli olan bəzi mübahisələrə tətbiq edilir, hansı ki, belə mübahisələr məhkəmənin iş yükünün kiçik bir hissəsidir. Başqa sözlə belə məhdudiyyət azlığa tətbiq edilir. Mediasiyanın isə müsbət cəhətləri olduqca çoxdur. Belə məhdudiyyətin dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olduğunu hesab edirik.
Təşviq edilən mediasiyanın məhkəməyə çatımlılıq hüququna maneə kimi qiymətləndirənlər digər tərəfdən onun vaxt itkisi olduğunu, hətta mediasiya üçün ödənilməli olan rüsumları isə maddiyatla bağlayıb bunun demokratik dövlətə uyğun olmadığını müdafiə edirlər. Vaxt itkisi olması hesab edilməsinin heç bir məntiqli əsası yoxdur. Ona görə ki, mediasiya nəticəsindən asılı olmayaraq bütün tərəflər üçün qazancdır. Mediasiya prosesində tərəflər problemlərini üz-üzə müzakirə edirlər ki, bu onları soradan barışığa da apara bilər. Hətta bəzi məsələlər barəsində razılıq da əldə oluna bilər ki, bu da gələcəkdə məhkəmənin daha tez yekunlaşmasına, məhkəmə xərclərinin azalmasına və ya mübahisənin predmetinin dəqiqləşdirilməsinə səbəb ola bilər. Nəzərinə çatdıraq ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, tərəfləri razı salacaq şəkildə mübahisənin həllini təmin etməklə bərabər tərəflər arasında münaqişə səviyyəsinin azaldılması da mediasiyanın məqsədidir. Maddiyatla bağlı onu da qeyd edək ki, həmin Qanunun 36.7-ci maddəsinə əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Habelə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. [3]
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda mediasiyanın fərdlərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaması üçün müvafiq tənzimləmələr aparılmışdır. Belə ki, həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiyanın ümumi müddəti 30 gün müəyyən edilmişdir ki, bu da prosesin dinamikliyini təmin etməklə yanaşı tərəflərin maraqlarının daha tez təmini baxımından önəmlidir. Bu müddət isə yalnız mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə daha 30 gün müddətinə qədər uzadıla bilər. Həmin Qanunun 9.3.1-ci maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Buna uyğun olaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
Xüsusən qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə sonuncu dəyişiklikdən sonra iddia təmin tədbiri müvəqqəti təminat tədbiri adlandırılmış və MPM-in yeni 157.2-ci maddəsi müvəqqəti təminat tədbirlərinin hansı məqsədlər naminə tətbiq edilməli olduğunu təsbit etmişdir. Belə ki, müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.2-ci maddəsinin əvvəlki redaksiyası isə iddianı təmin tədbirinin məqsədini yalnız qətnamənin gələcəkdə icrasını təmin etməklə bağlayırdı. Yeni tənzimləmələr ona imkan verir ki, birbaşa qətnamənin gələcəkdə icrası ilə bağlı olmasa belə, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilərsə, müvafiq müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. MPM-in 157.3-cü maddəsinə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. [4]
Göründüyü kimi hazırkı qanunvericilikdə fərdin səmərəli hüquqi müdafiə prinsipindən irəli gələn təminatları mövcuddur. Yuxarıda qeyd edilənləri nəzərə aldıqda təşviq edilən mediasiyanın məhkəməyə çatımlılıq hüquqununa əsaslı maneə yaratdığını demək olmaz. Bununla belə hesab edirik ki, barışıq sazişinin gələcəkdə mübahisələndirilə bilməsi şərtləri və qaydası, mediasiya prosesi zamanı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə bağlı ayrıca normalar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa və Mülki-Prosessual Məcəlləyə əlavə edilməlidir.
Mediasiya Şurasının Etika Komitəsinin sədri,
8 saylı Mediasiya Təşkilatının mediatoru
AQİL ƏSGƏROV