XƏBƏRLENTİ

xeberlenti.com

Lavrov Çexiya ilə Slovakiyanın arasını vurub – İki ölkə arasında diplomatik gərginlik

Çexiya Slovakiya ilə hökumətlərarası məsləhətləşmələri qeyri-müəyyən müddətə təxirə salıb, çünki əsas xarici siyasət məsələləri üzrə fikir ayrılıqları var. Bu məsləhətləşmələr apreldə baş tutmalı idi.

Xarici KİV-lər Çexiyanın Baş naziri Petr Fialanın bununla bağlı “X” mikrobloqundakı paylaşımını yayımlayıb.

 

 

Fiala yazıb ki, Slovakiya ilə əməkdaşlıq Çexiya üçün vacibdir, lakin onlar Slovakiyanın Xarici İşlər naziri ilə Rusiya XİN başçısı Sergey Lavrov arasında keçirilən görüşə də diqqət yetirməyə bilməzlər: “Ona görə də biz yaxın həftələrdə Slovakiya Respublikası hökuməti ilə hökumətlərarası məsləhətləşmələrin keçirilməsini məqsədəuyğun hesab etmirik. Biz planlaşdırılan görüşü təxirə salmaq qərarına gəldik, bu barədə artıq Slovakiya tərəfini məlumatlandırmışıq”.

Xatırladaq ki, Slovakiyalı nazirin Lavrovun əlini sıxması və onunla danışıqlar aparması əksər Qərb dövlətləri tərəfindən narazılıqla qarşılanıb.

 

 

Slovakiyanın Baş naziri Robert Fitso isə videomüraciətində qeyd edib ki, “Slovakiya hökuməti heç vaxt dərin Slovakiya-Çexiya münasibətlərini bu cür təhlükəyə məruz qoymayacaq”: “Qeyd edirik ki, Çexiya hökuməti yalnız Ukraynada davam edən müharibəni dəstəkləməkdə maraqlı olduğu üçün münasibətlərimizi təhlükəyə atmaq qərarına gəlib, Slovakiya hökuməti isə açıq şəkildə sülhdən danışır. Qərarınız bizim suveren Slovakiya xarici siyasətimizə təsir etməyəcək”.

Slovakiyanın keçmiş XİN başçısı və indiki prezidentliyə namizəd İvan Korcok isə bildirib ki, Çexiya ilə münasibətlərin pisləşməsinə görə bütün məsuliyyəti Slovakiya tərəfi daşıyır: “Slovakiya hökuməti Slovakiyanı təcridə, qonşuları ilə körpüləri yandırmağa, müttəfiqlərini itirməyə və milli maraqlara ciddi ziyan vurmağa doğru aparır”.

About Author