XƏBƏRLENTİ

xeberlenti.com

ERMƏNİ KİLSƏSİ PAŞİNYANI DEVİRMƏYƏ ÇAĞIRDI – “Güc strukturları hərəkətə keçməlidirlər”

Hər zaman cəmiyyətə qatı millətçilik və düşmənçilik aşılayan erməni kilsəsinin Nikol Paşinyana mənfi münasibəti onun hakimiyyətə gəldiyi ilk dövrlərdən özünü büruzə verməyə başlamışdı. Koçaryan-Sarqsyan dövründə “süd gölündə üzən” erməni kilsəsi yeni hakimiyyətin zamanında “qınına çəkilmək” məcburiyyətində qalıb və bunu heç cür “həzm edə” bilmir.

“AzPolitika” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan güc strukturlarını Ermənistanda hərbi çevrilişə çağırıb. Acapayan erməni mətbuatına açıqlamasında deyib: “Vətənin xilası istefalar və daha şüurlu insanların hakimiyyətə gəlməsini tələb edir. Zorakılığa çağırış yoxdur, öz istəkləri ilə getsinlər, vətənpərvər qüvvələr gəlsin. Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, güc strukturları müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən vətəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”.

Əslində, bununla da Acapayan tək özünün yox, bütünlükdə erməni kilsəsi rəhbərliyinin mövqeyini ifadə edir. Çünki II Qaregin başda olmaqla, erməni ruhani liderləri Paşinyan hakimiyyətinin devrilməsinə çalışan siyasi qüvvələri dəstəklədiklərini heç vaxt gizlətməyiblər.

About Author