Kreml “Crocus Sity Hall”-da törədilən məlum terror aktına görə məsuliyyəti hər nə qədər Ukraynanın üzərinə atmaq istəsə də, bunu inkar edən yeni faktlar üzə çıxmaqda davam edir.
“AzPolitika”xəbər verir ki, “Reuters” agentliyi “Crocus”dakı terror aktından cəmi bir neçə gün əvvəl Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan İranın Moskvanı xəbərdar etdiyini yazıb.
“Reuters” özünün kəşfiyyat dairələrindəki mənbələrinə istinadla qeyd edir ki, rəsmi Tehran daha öncə İranda baş verən terror aktının istintaqı zamanı Rusiyada terror aktları hazırlandığı barədə məlumatlar əldə edib və bunları Kremlə ötürüb: “Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İrandakı terror partlayışları ilə bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə paylaşıb. İranın Kəşfiyyat Nazirliyi yanvarda bildirib ki, yanvarın 3-də ölkənin cənub-şərqindəki Kirman şəhərində(Qasim Süleymaninin anım mərasimində-red.) 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarda iştirak edən 35 nəfəri həbs edib. Yanvarın 19-da nazirlik İŞİD-in Əfqanıstan qolu olan “İŞİD-Xorasan” komandirini həbs etdiyini bildirib”.
Məlumatda bildirilir ki, Tehran Moskvaya gözlənilən hücumla bağlı məlumat versə də konkret vaxt və dəqiq hədəfləri müəyyən edə bilməyib: “Onlara (İŞİD üzvlərinə-red.) Rusiyada mühüm əməliyyata hazırlaşmaq tapşırılıb. Terrorçulardan biri (İranda həbs olunub) bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər. İran illərdir terror hücumlarının qurbanı olduğu üçün İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib”.
Agentlik məsələ ilə bağlı Kremlə və İranın Kəşfiyyat Nazirliyinə müraciət etsə də hər iki tərəf bu məlumata şərh verməkdən imtina edib.
“Reuters” yazır ki, ABŞ kəşfiyyatı Rusiyada gözlənilən hücumla bağlı məlumatı İŞİD yaraqlıları arasında danışıqların ələ keçirilməsi nəticəsində müəyyən edib.