XƏBƏRLENTİ

xeberlenti.com

Bakı sakinləri niyə susuz qalıb? – Rəsmi şərh

Son günlər paytaxt sakinləri suyun qədrini hər zamankından daha çox anlayıblar. Əvvəlcə Oğuz-Qəbələ su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar, indi isə Oğuz-Qəbələ-Bakı su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının 10 rayonu və Abşeron yarımadası iki gün susuz qalacaq.

Suallar yaranır: təmir işləri niyə bu qədər uzanır? Vətəndaşlara niyə alternativ mənbələrdən su verilmir?

Azərbaycan Su Ehtiyatları Dövlət Agentliyi yanında Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu vəziyyəti Oxu.Az-a şərh edib.

İdarənin nümayəndəsi bildirib ki, qəzanın baş verdiyi Oğuz-Qəbələ-Bakı su kəmərində təmir işlərinə bu gün səhər saat 08:00-dan başlanılıb.

“Bu sahə Ceyranbatan Su Təchizatı İdarəsi tərəfindən idarə olunur. Onlar müəyyən ediblər ki, qəza ötən gecə baş verib. Gecələr su kəmərlərindən axıdılır. Təbii ki, üç-dörd gün olsun, bir gün belə suyun olmaması uzun müddətdir. Amma boru kəmərinin uzunluğu 265 kilometr, diametri iki min millimetrdir, ona görə də suyun boşaldılması çox vaxt aparır. Proses avqustun 20-si axşam saatlarına qədər davam edəcək. Avqustun 21-dən suyun verilişinin əvvəlki rejimə qaytarılması planlaşdırılır. Ola bilsin ki, avqustun 22-də bəzi ərazilərə su gəlsin”, – deyə C.Musaoğlu bildirib.

O qeyd edib ki, 265 kilometrlik kəmərdə təmir işləri başa çatandan sonra da onun su ilə doldurulması prosesi müəyyən vaxt aparacaq.

“Suyun yenidən Bakıya axması üçün vaxt lazımdır. Problem aradan qaldırıldıqdan sonra əhali eyni vaxtda suyu açır ki, bu da texniki problemlər yaradır. Amma iş sürətlə gedir. Ötən dəfə suyun verilişində fasilələr təmir-bərpa işləri ilə bağlı olub, bu dəfə qəza baş verib, qeyd etməliyik ki, bunlar heç bir əlaqəsi olmayan hadisələrdir”, – deyə qurumun mətbuat katibi əlavə edib.

Alternativ mənbələrdən suyun verilməsinə gəlincə, mətbuat katibi qeyd edib: “Oğuz-Qəbələ-Bakı su kəməri boyunca yerləşən ərazilər Ceyranbatan su anbarından, Kür-1 və Kür-2 mənbələrindən su ilə təmin olunur. Paytaxt alternativ üsulla təmin edildikdə, bu mənbələrdən su alan əhali susuz qalır. Bunun baş verməməsi üçün bu məsələni nizamlamaq lazımdır. Çox çətindir”.

About Author