Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, onun ölkəsi İranla Zəngəzur dəhlizinə dair əvvəlki razılaşmalara sadiqdir.
Xeberlenti.com Modern.az-a istinadən xəbər verir ki, Şoyqu bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının (MTŞ) katibi Əli Əkbər Əhmədian ilə görüşündə deyib.
Şoyqunun sözlərinə görə, Moskvanın Zəngəzur dəhlizilə bağlı siyasəti qətiyyən dəyişməyib.
Rusiya Təhlükəsizlik Şurasının katibi çıxışının başqa bir yerində deyib ki, Moskva İranın Fars körfəzindəki üç adaları üzərində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Əhmədian BRİKS ölkələrinin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli rəsmilərin – milli təhlükəsizlik məsləhətçilərinin 14-cü toplantısında iştirak etmək üçün Rusiyaya səfər edir.
Xatırladaq ki, İran rəsmiləri son günlər Zəngəzur dəhlizi ilə bağlı isterik davranışlar nümayiş etdirilər. Belə ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani, xarici işlər naziri Abbas Araqçi, parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi son bir həfdədə Zəngəzur dəhlizi əleyhinə ard-arda bəyanatlar veriblər. Bəyanatlarda Tehranın Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab etdiyi vurğulanıb.
Zəngəzur dəhlizi Ermənistandan keçməklə Naxçıvanla Azərbaycanı birləşdirəcək quru yoludur. Rəsmi Bakı tələb edir ki, İrəvan Naxçıvana maneəsiz keçid versin. Ermənistan isə hələ ki məsələnin həllini uzadır. İran da bu məsələdə Ermənistanı himayə edir.
Rusiya da Zəngəzur dəhlizinin açılmasında və ora nəzarət etməkdə maraqlı olduğunu bəyan edib.