XƏBƏRLENTİ

xeberlenti.com

Fransa-Ermənistan münasibətlərinin C.Qafqaza təsirləri

Region dövlətlərinin xarici siyasət strategiyaları və dünyanın bir sıra güc mərkəzlərinin bölgə ilə bağlı siyasətləri, toqquşan maraqları Cənubi Qafqazın təhlükəsizlik mühitinə təsir edən əsas amillərdən hesab edilə bilər. Bu baxımdan, deyə bilərik ki, Ermənistanın xarici siyasətində baş verən dəyişikliklər, Fransanın Cənubi Qafqaz siyasəti, rəsmi İrəvanla münasibətləri regionun təhlükəsizlik sisteminə əhəmiyyətli dərəcədə təsir edir. Xüsusilə, İkinci Qarabağ Müharibəsindən sonra iki ölkə arasında hərbi-siyasi sahədə tərəfdaşlıq münasibətlərinin dərinləşməsi müşahidə edilir və bu proses regionun təhlükəsizlik mühitinə neqativ dinamika gətirməkdədir. Fransa – Ermənistan hərbi əlaqələrində ziddiyyət yaradan vacib məqamlardan biri İrəvanın təhlükəsizlik siyasəti ilə bağlıdır. Belə ki, Ermənistan ikitərəfli və çoxtərəfli müstəvidə (KTMT) Rusiya ilə dərin əlaqələrini, müttəfiqlik münasibətlərini davam etdirməklə yanaşı Moskvanın sərt geosiyasi qarşıdurma vəziyyətində olduğu Fransa ilə da hərbi – təhlükəsizlik əlaqələrini inkişaf etdirir.

Rəsmi İrəvan və Paris iki ölkə arasında hərbi əməkdaşlığın erməni ordusunun müdafiə qabiliyyətini artırmaq məqsədi ilə edildiyini və bu əməkdaşlığın üçüncü ölkələrə qarşı olmadığını iddia etsə də Fransa tərəfindən Ermənistanın silahlandırılmasının mümkün səbəblərinə nəzər saldıqda fərqli qənaətə gəlmək olar. Ermənistan-Fransa hərbi- siyasi tərəfdaşlığının yeni mərhələyə daxil olmasının əsas səbəblərindən biri Fransanın regional (Cənubi Qafqaz) geosiyasi maraqları ilə bağlıdır. Əvvəla, onu qeyd edək ki, Fransanın regional geostrategiyasında Cənubi Qafqazın əhəmiyyətini artıran əsas məqamları belə sıralamaq olar. regionun geosiyasi mövqeyi, zəngin enerji resurslarına malik olması və s. Və belə bir vacib regionda Fransa mövqeyini, təsir imkanlarını gücləndirmək üçün Ermənistanı əsas vasitə olaraq görür. İkinci Qarabağ Müharibəsindən sonra bölgədə formalaşan yeni geosiyasi reallıqlardan məmnun qalmayan və özünü “oyundan kənar” vəziyyətə düşmüş hesab edan Fransa məhz Ermənistan vasitəsilə bölgədə rolunu artırmağa çalışır. Eyni zamanda, Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Paris Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq məqsədi ilə Moskvanın regionda əsas hərbi-siyasi müttəfiqi olan Ermənistanı öz “orbitinə” çəkməyə çalışır və bu istiqamətdə ardıcıl addımlar atmaqdan çəkinmir. Fransanın regionda rəqib kimi baxdığı dövlətlər sırasında Türkiyə də var.

Fransanın Ermənistanla münasibətlərini dərinləşdirməsinin əsas məqsədlərindən biri də Orta Şərqdə və digər regionlarda geostrateji maraqlarının toqquşduğu Türkiyənin Cənubi Qafqazda təsirini azaltmaqdır. Beləliklə, görünən odur ki, Ermənistanla münasibətləri müttəfiqlik səviyyəsinə çatdırmaqla Fransa bir tərəfdan Türkiyənin regionda təsirini azaltmağa çalışır, digər tərəfdən də İrəvanı tədricən Rusiyanın nüfuz dairəsindən uzaqlaşmağa təşviq edir. Bu məqsədlərinin reallaşmasında Fransanın istinad etdiyi məqamlardan biri Avropa İttifaqının bölgədə həyata keçirdiyi strategiyadır. İttifaqın “Şərq Tərəfdaşlığı proqramı və digər layihələrlə region

dövlətlərini “qoca qitəyə yaxınlaşdırmaq siyasəti bu baxımdan Parisin bölgə ilə bağlı geostrateji maraqlarına cavab verir. Burada toxunulmalı olan digər amil onunla bağlıdır ki, son zamanlar Fransanın Orta Şərqdə, Afrikada mövqeyinin zəifləməsi də Parisin xarici siyasətində post-sovet məkanını, xüsusilə də Cənubi Qafqazı xeyli aktuallaşdırıb. Parisin Ermənistan mərkəzli Cənubi Qafqaz siyasətinin formalaşmasında geosiyasi amillərlə yanaşı Fransada mövcud olan güclü erməni diasporu faktoru da böyük rol oynayıb və oynamaqda da davam edir. Ölkənin siyasi, elmi, iqtisadi, mədəni, inzibati sektorlarında şəbəkələşmiş erməni diasporu va lobbi qruplarının Fransanın Cənubi Qafqaz siyasəti, Türkiyə ilə münasibətləri üzərində ciddi təsir imkanlarının olması inkarolunmaz faktdır. Bu baxımdan, dünyada üçüncü, Avropada birinci ən böyük erməni diasporunun yaşadığı Fransada erməni lobbiçiliyinin həm ictimai rəyə, həm də Parisin xarici siyasətinə ciddi təsir imkanları olduğunu nəzərə alsaq Fransanın regionla bağlı ziddiyyətli siyasətinin səbəblərini daha aydın dərk etmiş olarıq.

Nəticə: Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün imkanların yarandığı vaxtda Fransanın Ermənistanı silahlandırması regionda hərbi-siyasi eskalasiyanı artırır. Həmçinin, görünən odur ki, Ermənistan Qərblə yaxınlaşma siyasətindən də Azərbaycana qarşı istifadə etməyə çalışır. İkincisi, son illərdə kəskinləşən Rusiya Qərb münasibətləri fonunda Ermənistanın Qərbə doğru reveransları, Fransa da daxil olmaqla bəzi aparıcı Qərb dövlətlərinin Ermənistandan Rusiyaya qarşı istifadə cəhdlərinin Canubi Qafqazı yeni geosiyasi qarşıdurma meydanına çevirmək potensialı böyükdür. İndiki mərhələdə Ermənistanın qüvvələr balansı siyasətini tədricən Rusiyaya qarşı çevirməsi regionda xaotik geosiyasi proseslərin getməsinə səbəb olar ki, bu da nəticədə, Cənubi Qafqazın təhlükəsizlik sistemi üçün ciddi fəsadlar yarada bilər.

Alaverdova Zəhra, Azərbaycan universiteti, politologiya, bakalavr, 2ci kurs

 

 

 

About Author