FİFA VAR sisteminə oxşar yeni sistemin mümkün tətbiqi barədə məlumat yayıb. Bunu FİFA Hakimlər Komitəsinin sədri Perluici Kollina da təsdiqləyib. Bu, futbol camiəsində maraqla qarşılanıb və mütəxəssislər VAR sisteminin mümkün əvəzedicisini səbrsizliklə gözləyir. Yeni sistem FVS (“Football Video Support”) – “Futbola Video Dəstək” sistemi adlanır. Bəs yeni sistemin məqsədi nədir? Bu, VAR-a necə təsir edəcək? Ümumiyyətlə yeni sistemin tətbiqi futbola nə verəcək?
“Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi VAR sisteminin məqsədləri, gələcək perspektivi, yeni yaranan FVS sisteminin inkişafı və bu sistemlərin müqayisəsi barədə araşdırmanı təqdim edir.
2009-cu ildə dünya çempionatının seçmə mərhələsinin Fransa-İrlandiya matçında Tieri Anrinin aşkar əl ilə etdiyi qayda pozuntusundan sonra Villiam Qallasın İrlandiyanın qapısına vurduğu qələbə qolunu hamımız yaxşı xatırlayırıq. Fransa bu yolla 2010-cu il Dünya Kubokunun final mərhələsinə vəsiqə əldə edən zaman hamı başa düşmüşdü ki, belə aşkar hakim səhvlərinə görə yeni texnologiyaların tətbiqinə ehtiyac var. Bu vaxta qədər FİFA və futbol oyun qaydalarının tənzimlənməsi ilə məşğul olan İFAB futbolda texnologiyaların tətbiqinə qarşı tam gücləri ilə mübarizə aparır və bunu əngəlləməyə çalışırdı.
Amma video texnologiyaların mütəmadi inkişafı və digər idman növlərində video təkrarlardan istifadə təcrübəsi futbolda texnologiyaların istifadəsini qaçılmaz etdi.
Hamının gördüyü amma hakimlərin ani bir məqamda diqqətdən yayındırdığı oyun epizodları VAR sisteminə ehtiyac yaradırdı. Həmçinin, futbol icması, xüsusilə klublar və azarkeşlər də yeniliklərin tətbiqini tələb edirdilər. Bununla belə, VAR sisteminin hazırkı duruma gətirilməsi üçün illərlə vaxt lazım oldu. Bu təsadüfü deyil. FİFA futbolda qaydalar çərçivəsində etmək istədiyi bütün dəyişiklikləri rəsmi prosedur ilə təsdiq etməyə məcbur olfu. Əsas söz sahibi isə müstəqil təşkilat olan İFAB-dır.
İFAB əvvəlcə mümkün dəyişiklikləri rəsmi təklif səviyyəsində qəbul etdi. Sonra təşkilat tədqiqat proqramları çərçivəsində FİFA ilə birlikdə mümkün dəyişiklikləri real yarışlarda (adətən aşağı yaş qrupları üzrə yığmalar səviyyəsində olan yarışlar) sınaqdan keçirdi. Testlər İFAB-ın texniki alt komitəsinin nəzarəti və bilavasitə rəhbərliyi altında baş verdi. Təsadüfü deyil ki, alt komitədə dünyanın gəlib keçmiş ən məhşur hakimlər yer alıb. Bunlar arasında FİFA Hakimlər Komitəsinin sədri Pierluici Kollina, FİFA hakimlər departamentinin rəhbəri Massimo Buzakko, İFAB-ın texniki direktoru Devid Ellerey də var. Bundan əıavə İFAB-ı formalaşdıran əsas Birləşmiş Krallığın hakimlər üzrə rəhbər şəxslər (İngiltərədən H.Veb, Şotlandiyadan V.Kollum, İrlandiyadan M.Rayli və Uelsdən F.Tomas) də yer alıb. Həmçinin, texniki testlər mərhələsi zamanı mümkün dəyişikliklərin bilavasitə futbola və futbol hakimliyinə necə təsir edəcəyi İFAB-ın iki məşvərət panelində müzakirə edilir və tövsiyələr İFAB-a təqdim edilir. Bu panellərdən biri futbol məsləhət paneli adlanır.Məşvərət qrupuna Arsen Venger, Luiş Fiqu və digər tanınmış futbol adamları daxildir. Digər texniki məsləhət paneli isə 6 konfederasiyanın hakimlik üzrə rəhbərlərini birləşdirir. Onların sırasında UEFA hakimlərinin rəhbəri Roberto Rozetti də var. Əslində bu şəxslər öz regionlarında aparılan testlərə rəhbərlik edir, nəticələri barədə İFAB-a mütəmadi məlumat və hesabat verən əsas adamlardı. Beləliklə, yalnız texniki testləri, məsləhətləşmə və müzakirələri keçən mümkün oyun dəyişiklikləri İFAB Baş Assambleyasında təsdiq edilir. Texniki və texnoloji tətbiqləri nəzərdə tutan dəyişikliklər isə həmçinin, FİFA Keyfiyyət Proqramının (“FİFA Quality Programme) təsdiqini almalıdır.
Bu proseduru sadalamaqda məqsəd VAR sisteminin inkişaf yoluna nəzər salmaqdır. Beləliklə VAR sistemi mürəkkəb inkişafı yolu keçərək, nəhayət 2016-cı ildə təsdiq edilib.
Amma VAR sisteminin uzun yolu hələ 2010-cu ildə Niderlandın Kral Futbol Assosiasiyasının “Hakimlik 2.0” layihəsi ilə başlayıb. Sistemin əsas dəstəkçisi “uçan hollandlar” 2016-cı ildə PSV ilə “Eindhoven” arasında keçirilən yoldaşlıq oyunu ilə VAR-ı ilk dəfə sınaqdan keçiriblər. Daha sonra 2017-ci ildə FIFA Konfederasiyalar Kuboku və nəhayət, 2018 FIFA Dünya Kubokunda VAR tam şəkildə tətbiqinə gedilib.İndi mütəxəssislər yeni sistem üzərində çalışırlar. FVS sistemi adlanan bu sistemin tətbiqi hələ bir neçə il vaxt aparacaq. Bununla belə, İFAB 2023-cü ildə Baş Assambleyada yeni sistemin tətbiqinə icazə verəndə sistemin adı müəyyən edilməyib. İFAB sadəcə olaraq, video təkrar texnologiyalarının hakimlərə əlavə dəstək imkanları üçün testlərə qərar verib. Belə görünür ki, bu testlər artıq FVS adını alıb və rəsmi yarışlarda sınaqdan keçirilir.
Bəs yeni FVS nədir və bu sistem niyə yaranır?
Qısa şəkildə başa düşmək üçün FVS sisteminin razılaşdırılmış iş prinsipi və oyunlarda addımlar ardıcıllığını təqdim edirik:
1. FVS sistemi VAR-da olduğu kimi yalnız aşağıdakı ssenarilərdə mümkün aydın və aşkar bir səhv və ya qaçırılmış ciddi hadisələr zamanı istifadə olunur: Qol, yaxud qol deyil; Penalti-verilməyən penalti; Birbaşa qırmızı vərəqələr, (ikinci sarı vərəqə daxil deyil); Yanlış müəyyən etmə, (hakim səhvən oyunçuya xəbərdarlıq etdikdə və ya meydandan kənarlaşdırdıqda).
2. Hakim qərar verdikdən (oyunu davam etdirmək jesti də qərar hesab olunur) sonra komanda epizoda təkrar baxmaq üçün müraciət etdikdə istifadə olunur.
3. Yalnız komandanın baş məşqçisi (və ya onun olmadığı halda, texniki zonada olan əsas komanda nümayəndəsi) təkrar baxmaq üçün müraciət edə bilər. Bu müraciət oyun epizodundan dərhal sonra, baş məşqçi tərəfindən baş barmağı yuxarı qaldırmaq və tələb kartını dördüncü hakimə təqdim etməklə edilməlidir. Lakin hər bir oyunçu baş məşqçidən təkrar baxmağı xahiş edə bilər. Çünki oyunçular oyun epizoduna yaxın olduğundan hadisəni daha yaxşı görürlər.
4. Dördüncü hakim təkrar tələbini hakimə bildirəcək və əgər oyun epizoddan sonra dayanıbsa, (və yenidən başlamayıbsa), hakim VAR sistemində olduğu kimi monitora yaxınlaşaraq, təkrar görüntünü izləyəcək. Epizoddan sonra oyun dayanmadan davam edirsə, hakim top neytral zonada olduqda oyunu dayandıracaq və monitora gedərək təkrar görüntünü nəzərdən keçirəcək.
5. Təkrar baxış zamanı görüntü hakimə operatorun köməyi ilə təqdim ediləcək. Operator monitorda fərqli təkrar görüntüləri (məsələn, müxtəlif kamera bucaqları, bölünmüş ekran, fərqli təkrar sürətləri və s.) nümayiş etdirəcək.
6. Hakimin verdiyi ilkin qərar yalnız təkrar görüntülər açıq sübutlarla qərarın açıq və ya aşkar səhv olduğunu və ya qaçırılmış ciddi hadisə olduğunu nümayiş etdirərsə, dəyişdiriləcək. FVS sistemində az sayda kamera istifadə edildiyindən təkrar görüntülər tez-tez qane edici olmaya və bu halda hakim ilkin qərarı dəyişdirməyə bilər.
7. Təkrar baxış tələbi dərhal edilməlidir ki: o Oyun Qaydalarının tələbinə uyğun olaraq oyun dayandıqdan sonra yenidən bərpa edildikdə qərar dəyişdirilə bilməsin; o Komandanın baş məşqçisi təkrar baxış tələbi edib-etməməyi düşünərkən oyunun lüzumsuz gecikməsinin qarşısı alınsın.
8. Qol vurulduqdan sonra dördüncü hakim monitorda görüntüləri yoxlayacaq, açıq və ya aşkar qayda pozuntusu olduğu təqdirdə hakimə məlumat verəcək. Bu halda qərar yozuma açıq epizoddursa, hakim özü baxıb, yekun qərarı verəcək.
Əlavə olaraq, qeyd edək ki, hər komanda yalnız 2 dəfə təkrar baxış tələbi irəli sürə bilər.
Bəs VAR və FVS sistemləri arasında fərq nədən ibarətdir?
VAR və FVS-nin müqayisəli təhlili:
Ümumilikdə, həm VAR, həm də FVS texnologiyaları futbol hakimliyində ədaləti və dəqiqliyi artırmaq məqsədi daşıyır. Onların konseptual məqsədləri və oyun zamanı tətbiq ardıcıllığı çox oxşardır. Lakin onların əhatə dairəsi, məsrəfləri və tətbiq prinsipləri fərqlənir.
VAR Sistemi
1. Məqsəd: VAR sistemi “aydın və aşkar” səhvləri müəyyən etmək üçün istifadə olunur.
2. Texnologiya və Proses:
o Stadionun müxtəlif yerlərində bir neçə kamera quraşdırılır. Minimum 6-8 kamera tövsiyə olunur.
o Video görüntülər mərkəzi video əməliyyat otağına real vaxt rejimində göndərilir.
o Hakimlər VAR müdaxiləsi olduğu halda meydanda quraşdırılmış monitorlar vasitəsilə epizodları təkrar izləyir.
o Yekun qərar bütün hallarda meydan hakiminə məxsus olur.
o Komandalar heç bir halda sistemin işləməsinə və hakim qərarlarına təsir edə bilməz.
o VAR hakimləri “aydın və aşkar” səhvlərin qarşısını almaq üçün oyunu daim izləyir.
3. Tətbiqi və çətinliklər:
o VAR sistemi əsasən böyük yarışlarda tətbiq olunur.
o VAR sisteminin tətbiqi yalnız İFAB-ın təsdiq etdiyi təlimat və VAR protokolunun tələbləri təmin edilməklə istifadə oluna bilər. Burada heç bir istisna mümkün deyil.
o Dəqiqliyi 99.3%-ə qədər artırır, lakin oyunda mümkün (VAR müdaxiləsi və VAR yoxlamaları) dayanmalar yaradır və komandalar qərarların qəbul edilmə prinsiplərini tam başa düşməmələri səbəbindən onlarda qeyri-müəyyənlik yarana bilir.
o Ən əsası, VAR yüksək xərclər tələb edir, texniki avadanlıqların xüsusi tələbləri və sertifikatları var. Bu avadanlıqlar çox bahadır.Bu səbəbdən VAR-ın kiçik liqalarda tətbiqi çətinləşir.
FVS Sistemi
1. Məqsəd: FVS kiçik büdcəli liqalar və turnirlər üçün əlçatan, ucuz alternativdir.
o VAR protokolunun əsas prinsiplərinə əməl edir, lakin daha məhdud tələblər qoyulur.
2. Texnologiya və Əlçatanlıq:
o Daha az kamera istifadə olunur. Minimum 3 kamera tövsiyə edilir.
o Daha sadə və ucuz texnoloji imkanları sayəsində istənilən stadion üçün uyğundur.
3. Tətbiqi:
o Daha kiçik büdcəli liqalar və regional turnirlər üçün nəzərdə tutulur.
o VAR sisteminə nisbətən çox az infrastruktur tələb edir.
o Minimum 3 kameralı çəkiliş görüntülərini hakimin baxması üçün monitorda nümayiş etdirmək kifayətdir.
o Təkrara baxış tələbini komandalar edir.
VAR və FVS Arasındakı Əsas Fərqlər
Sistemin adı: VAR FVS
Mürəkkəblik Geniş kamera şəbəkəsi və mərkəzləşdirilmiş video əməliyyat otağı. Az sayda kamera, sadə infrastruktur.
Xərclər Yüksək. Aşağı.
Tətbiq Sahəsi Əsasən elit yarışlar üçün uyğundur. Əs kiçik liqalar üçün əlverişlidir.
Oyunun Ritmi Tez-tez fasilələrlə oyunun axarını poza bilər. Yalnız komanda tələbi ilə daha az dayanma olur.
Yekun nəticə:
Müqayisə aydın şəkildə göstərir ki, FVS sistemi VAR-ın sadələşdirilmiş versiyası olmaqla daha kütləvi şəkildə istifadə oluna bilər. Buradan belə qənaətə gəlmək olar ki, FVS VAR sistemini əvəz etməyərək, video təkrar texnologiyalarını və imkanlarını daha az büdcəli və aşağı liqalara daşımağa kömək edəcək. Bu sistemin əsas özəlliyi əlavə VAR hakimlərinə və VAR infrastrukturuna ehtiyac olmadan komandalara onların razı olmadığı epizodlarla bağlı təkrar baxış fürsətini təqdim etməkdir. Bu həmçinin komandaların hakimlikdən narazı qalmamasına kömək edəcəkdir.
Bütün bunlara baxmayaraq FİFA VAR sistemini əvəz etməyi düşünmür və onun daha geniş miqyasda tətbiqinə səy göstərir. Çünki, bu gün VAR artıq bütün konfederasiyalarda, 50 ölkə və 200-dən artıq yarışda uğurla istifadə olunur. Amma FVS test mərhələsindədir və futbol oyun qaydalarına daxil ediləcəyi vaxt məlum deyil.
Bir şey aydındır ki, İFAB bu sistemi təsdiq etdiyi təqdirdə FVS-nin video təkrar imkanlarının aşağı liqalarda, o cümlədən ölkəmizin kubok yarışının ilkin mərhələsi və I divizion yarışlarında tətbiqi mümkün olacaq.
Qeyd edək ki, bu araşdırma “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyi (AFH) tərəfindən Azərbaycan futbol ictimaiətini futbol oyun qaydalarında olan yeniliklər barədə maarifləndirmək məqsədilə hazırlanmışdır.
AFH 2003-cü ildən fəaliyyət göstərir və AFFA-nın üzv təşkilatıdır. Təşkilatın məqsədi futbol hakimliyinin və futbol oyun qaydalarının bütün üsul və vasitələrlə təbliği və inkişafına kömək etməkdən ibarətdir.
Araşdırmada olan məlumatlar barədə daha ətraflı oxumaq üçün mənbələr:
https://en.wikipedia.org/wiki/Video_assistant_referee
https://inside.fifa.com/technical/football-technology/news/what-is-football-video-support
https://www.theifab.com/
https://www.espn.co.uk/football/story/_/id/42347583/fifa-hopes-expand-trials-var-style-coach-challenges