XƏBƏRLENTİ

xeberlenti.com

“Valideynlər Uşaqlarının Yanında Necə Rəftar Etməlidir?” Uşaqlara qarşı nələr etmək olmaz?!Pedaqoqla müsahibə 

Valideynlərin hərdən bir-birilə mübahisə etməsində dəhşətli bir şey yoxdur. Lakin bu uşaqlara müxtəlif cür təsir edir. Mübahisələrin uşaqların sağlamlığına vurduğu zərəri azaltmaq üçün valideynlər və qəyyumlar necə davranmalıdırlar?

Sözügedən mövzu ilə bağlı təlimçi pedaqoq Ülviyyə Hüseynova xeberlenti.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Ülviyyə xanım, uşaqlara  valideynlərinin davranışları necə təsir etdiyini düşünürsünüz?

– Uşaqlar çox tez-tez valideynlərinin hərəkətlərini təkrarlayır və onlara baxaraq öz davranışlarını formalaşdırırlar. Valideynlər uşaqlarına sevgi və qayğı göstərdikcə, uşaqların dünyaya daha müsbət yanaşması və empatiya inkişaf etməsi təmin olunur. Eyni zamanda, valideynlər sərhəd qoyduqda, uşaqlar özlərini daha təhlükəsiz hiss edir.

Valideynlər uşaqlarının yanında sərhəd qoymalı və qaydalar tətbiq etməlidir?

– Bəli, sərhədlər uşaqların təhlükəsizliyi və rifahı üçün vacibdir. Həmçinin, qaydalar uşaqların dünyada necə qarşılıqlı əlaqə qurmağı öyrənmələrinə kömək edir. Sabit və ədalətli qaydalar uşağın sosial bacarıqlarını artırır və onun özünü daha güvəndə hiss etməsinə səbəb olur.

– Valideynlərin uşaqlarının yanında sərt və ya sərbəst davranmaları arasında hansı fərqlər vardır?

– Sərt yanaşmalar uşaqlarda qorxu və təcrübəsizlik hissi yarada bilər, bu da onların özünə inamını azaldır. Sərbəst davranışlar isə uşağa az məsuliyyət və sərhəd hissi verə bilər. Ən yaxşı yanaşma, sevgi və qayğı ilə yanaşı, həm də tutarlı sərhədlər qoymaqdır. Bu balans uşaqların həm rahat, həm də məsuliyyətli olmalarını təmin edir. Həmçinin gələcəkdə müstəqil qərar qəbul etməsinə zəmin yarada bilər.

– Emosional dəstək uşağın inkişafında və böyüməsində nə qədər əhəmiyyətlidir?

– Emosional dəstək uşağın sağlam inkişafı üçün əsasdır. Uşaqlar sevildiklərini və qəbul edildiklərini hiss etdikdə, daha güvənli və açıq olurlar. Bu da onların sosial bacarıqlarını, özünə inamını artırır və gələcəkdə sağlam əlaqələr qurmağına imkan verir.

 

– Valideynlərin uşaqlarının yanında açıq ünsiyyət qurması nə qədər vacibdir?

 

– Açıq ünsiyyət uşağın düşüncə və hisslərini rahatca ifadə etməsinə kömək edir. Uşaqların valideynləri ilə açıq və dürüst danışmaları, onlara öz hisslərini başa salmağa imkan verir. Bu da onların gələcəkdə sağlam münasibətlər qurmasına kömək edər. Düşünürəm ki, açıq münasibət qurmaq uşaqların öz problemlərini daha rahat dilə gətirməsinə kömək edə bilər.

– Uşaqların tərbiyəsində empatiya rolunu necə qiymətləndirirsiniz?

 

– Empatiya, uşaqların başqalarının hisslərini anlamalarını və onlara uyğun reaksiyalar göstərmələrini təmin edir. Valideynlər uşaqlarına empatiya göstərdikcə, onlar da başqalarının ehtiyaclarına və hisslərinə hörmət etməyi öyrənirlər. Bu, sosial həyatları üçün çox vacib bir bacarıqdır.

 

Valideynlər övladlarına necə daha yaxşı nümunə ola bilərlər?

 

– Valideynlər öz davranışları ilə uşaqlarına nümunə olmalıdırlar. Uşaqlar valideynlərinin həll etdikləri problemləri, qarşılaşdıqları çətinlikləri və bir-birilə münasibətlərini izləyərək özlərini tərbiyə edirlər. Məsələn, müsbət düşüncə tərzi, dürüstlük, nəzakət, özünə hörmət və səbir kimi dəyərləri valideynlər öz həyatlarında tətbiq etməlidirlər. Xatırladım ki, uşaq evin güzgüsüdür.  Bu düşüncə ilə yanaşaraq hər bir valideyn öz övladının yanında hər bir hərəkətinə və davranışlarına diqqət etməlidir.

 

– Uşaqlara səhvlərini necə izah etmək daha faydalıdır?

 

– Uşaqlara səhvlərini izah edərkən, onları tənqid etməkdən çox, hər səhvin bir dərs olduğunu vurğulamaq vacibdir. Səhvlərini düzəltmək üçün onlara nə etməli olduqlarını anlatmaq, eyni zamanda səhvlərini qəbul etməyə təşviq etmək çox mühümdür. Uşaqların öz səhvlərini başa düşməsi və düzəltməsi, özünə inamlarını artıracaq.

 

– Valideynlər uşaqları ilə hər gün necə daha faydalı vaxt keçirə bilər?

 

– Uşaqlar ilə hər gün bir neçə dəqiqə keyfiyyətli vaxt keçirmək çox faydalıdır. Bu, birgə oyunlar oynamaq, kitab oxumaq və ya sadəcə danışmaq kimi kiçik fəaliyyətlər ola bilər. Ən əsas şey isə uşaqların hiss etməsidir ki, onlar vacibdir və valideynləri onlara vaxt ayırır.

 

– Valideynlərə ən böyük tövsiyəniz nədir?

 

– Ən böyük tövsiyəm, valideynlərin uşaqlarına qarşı hər zaman sevgi və qayğı göstərmələri, eyni zamanda möhkəm, lakin anlayışlı sərhədlər qoymalarıdır. Uşaqların yaxşı bir tərbiyə alması üçün onlara dəstək olmaq və qarşılıqlı anlayış qurmaq çox vacibdir.

Həsən Məmmədov  / Xeberlenti.com

 

About Author