Ölkəmizdə ən aktual peşələrindən biridə heç şübhəsiz ki, vəkillik peşəsidir. Bu peşəyə sahib olan vəkillərin cəmiyyət arasında çox böyük nüfuzları olur. Lakin vəkillik və hüquq sahəsi göründüyü qədər də sadə peşə olmadığı deyil.
Mövzu ilə bağlı xeberlenti.com-a vəkil Mədinə Leqayevadan müsahibə alıb. Müsahibəni təqdim edirik:
– Mədinə xanım, hüquq sahəsini seçməyinizin əsas səbəbi nə idi?
– Hüquq sahəsinə marağım erkən yaşlardan formalaşmışdır. Hələ 6-cı sinifdə oxuyarkən gələcəkdə hüquqşünas olmağı qarşıma məqsəd qoymuşdum. Lakin hüquq çoxşaxəli bir sahə olduğu üçün ilk dövrlərdə konkret olaraq hansı istiqamətdə fəaliyyət göstərəcəyimi müəyyən edə bilmirdim. Yaş ötdükcə və hüquq sahəsi ilə bağlı daha geniş məlumat əldə etdikcə, müxtəlif istiqamətlər arasında seçim etməkdə tərəddüdlər yaşayırdım. Bir müddət hakimlik, müstəntiq vəzifəsi, vəkillik və prokurorluq sahələri arasında seçim edirdim. Lakin vəkillik institutunun inkişafı, bu sahənin nüfuzu və ətrafımda olan peşəkar vəkillərin təsiri nəticəsində məhz vəkil olmağa qərar verdim. Bundan öncə uzun müddət məhkəmə sistemində çalışmış, daha sonra korporativ sektorda fəaliyyət göstərmişəm. İşlədikcə isə vəkilliyin mənim üçün daha uyğun olduğunu müəyyən etdim. Ətrafımda olan insanlar və ailəm bu sahənin çətin və məsuliyyətli olduğunu nəzərə alaraq, başqa bir istiqamət seçməyimi tövsiyə edirdilər. Xüsusilə vəkilliyin tələb etdiyi fədakarlıq, məsuliyyət və hüquq müdafiəçiliyi missiyası səbəbindən ailəm bu sahədə fəaliyyət göstərməyimi istəmirdi. Lakin mən prinsipial və məqsədyönlü insanam. Vəkillik mənim üçün cəmiyyətin ən nüfuzlu və elit peşələrindən biridir və bu yolda qarşıma çıxan çətinliklərə baxmayaraq, seçdiyim peşənin prinsiplərinə sadiq qalıram.
– Vəkil olmaq üçün ən vacib xüsusiyyətlər hansılardır?
Vəkillik cəmiyyətin ən elit peşələrindən biridir. Vəkil olmaq üçün indi sadalayacağım xüsusiyyətlər böyük əhəmiyyət kəsb edir.
Misal üçün
1) Hüquqi biliklər və analitik düşüncə – Qanunvericiliyin əsaslarını dərindən bilmək və hüquqi məsələləri sistematik təhlil edə bilmək bacarığı
2) Məntiq və tənqidi təfəkkür – Hüquqi arqumentləri düzgün qurmaq və qarşı tərəfin arqumentlərini analiz edərək müvafiq cavab vermək
3) Ünsiyyət və nitq bacarığı – Məhkəmədə və digər hüquqi prosedurlarda öz mövqeyini inandırıcı şəkildə təqdim etmək
4) Səbr və dözümlülük – Hüquqi proseslər bəzən uzun müddət davam etdiyindən vəkillər səbrli olmalı, müştərilərlə daim əlaqədə qalmalıdır
5) Etik dəyərlərə sadiqlik – Peşə etikası çərçivəsində müştərilərin mənafeyini qorumaq və qanunun aliliyinə riayət etmək
6) Gizlilik və peşə sirrinin qorunması – Müştəri məlumatlarının məxfiliyini təmin etmək hüquqşünas üçün əsas prinsiplərdən biridir
– Sizcə, hüquq sahəsində ən böyük çətinliklər hansılardır?
– Hüquq sahəsində ən böyük çətinliklərdən biri proseslərin uzun və mürəkkəb olmasıdır. Hüquqi prosedurlar bəzən aylarla, hətta illərlə davam edir və bu da həm vəkillər, həm də müvəkkillər üçün çətinliklər yaradır. Digər əsas çətinliklər bunlardır:
• Qanunvericiliyin tez-tez dəyişməsi – Hüquq sistemində edilən dəyişikliklərə daim uyğunlaşmaq və yeni qanunları araşdırmaq tələb olunur
• İnsanların hüquqi maarifləndirmə səviyyəsinin aşağı olması – Bir çox insanlar hüquqi prosedurları tam anlamır və bu, vəkillə müştəri arasındakı anlaşılmazlıqlara səbəb olur
• Emosional və psixoloji yük – Xüsusilə ailə və cinayət işlərində vəkillər həm hüquqi, həm də emosional baxımdan ağır yük daşıyırlar
• Maddi və inzibati maneələr – Bəzi hallarda hüquqi proseslərin aparılması üçün kifayət qədər resursun olmaması işin gedişatına təsir edə bilər
– Hansı sahələrdə vəkillik etməyi üstün tutursunuz və niyə?
– Mən daha çox korporativ sektor üzrə hüquqi xidmətlər göstərməyi üstün tuturam. Lakin bu sahə ilə yanaşı, ailə, əmək və mülki məsələlərlə bağlı müraciətlər də olur. Cinayət işləri isə xüsusilə vaxt tələb edən proseslər olduğu üçün bu sahədə işləməyi üstün tutmuram. Korporativ hüquq mənim üçün daha maraqlıdır, çünki burada hüquqi məsələlər daha çox mədəni və etik çərçivədə müzakirə olunur. Məsələn, bir boşanma və ya əmlak bölgüsü işində tərəflər emosional gərginlik yaşayır və mübahisələr prosesin xaricində də davam edə bilir. Lakin kommersiya mübahisələrində hər iki tərəf hüquqşünaslar vasitəsilə peşəkar şəkildə çəkişir, məhkəmə iclaslarında isə daha etik və hüquqi arqumentlər əsasında müzakirələr aparılır.
– İşinizdə qarşılaşdığınız ən çətin müştəri və ya hadisəni izah edə bilərsinizmi?
– Müvəkkillərlə iş prosesində müxtəlif çətinliklər yaranır. Müqavilə bağlandıqdan sonra bəzi müştərilər prosesi başa düşsələr də, zaman keçdikcə fikirlərini dəfələrlə dəyişirlər. Xüsusilə aliment işlərində müştərilərin hüquqi prosedurlar haqqında kifayət qədər məlumata sahib olmamaları çətinlik yaradır.
Məsələn, aliment işində qərar qəbul edildikdən bir il sonra müvəkkil mənə müraciət edərək alimentin ödənilmədiyini bildirirdi. Halbuki, qərarın icrası ilə bağlı icra məmuruna müraciət edilməsi lazım idi. Lakin müvəkkil bunu vəkilin etməli olduğunu düşünürdü. Başqa bir halda isə boşanma işi yekunlaşdıqdan sonra müştəri nikahın pozulması haqqında şəhadətnaməni vəkilin əldə etməli olduğunu zənn edirdi. Bu kimi hallar vətəndaşların hüquqi maarifləndirilməsinin zəruri olduğunu göstərir.
– Vəkil olaraq ən böyük uğurunuz nə olub?
– Vəkil olaraq ən böyük uğurum, icraatıma aldığım bütün işlərə şəxsi məsuliyyətlə yanaşmağım və müvəkkilimin hüquqlarını qorumağa olan sadiqliyimdir. Mən hər bir işi öz işim kimi görürəm və müvəkkilimin yerində özümü qoyaraq, bütün gücümü və peşəkar bacarıqlarımı istifadə edərək işləyirəm. Bu yanaşma nəticəsində, hələ ki, xidmətimdən narazı qalan bir müvəkkilim olmamışdır.
Bundan əlavə, mən yalnız hüquqi əsası olan və perspektivi olan işləri qəbul edirəm. Bu prinsipə əməl edərək, qarşılaşdığım işlərdə maksimum peşəkarlıqla hərəkət edirəm. Beləliklə, bütün işlərim uğurlu olmuşdur, çünki mən hər zaman müvəkkilimə düzgün hüquqi məsləhətlər verir və onun maraqlarını ən yüksək səviyyədə müdafiə etməyə çalışıram. Uğurlarımın əsasını təşkil edən faktlardan biri də, müvəkkillərimin mənə olan güvənidir. Bu etimad mənim üçün ən böyük uğur hesab olunur
– Vəkilin ölkə miqyasında tanınan biri olması üçün nə etməlidir?
– Bu sual əslində vəkilin məşhurluğu ilə peşəkarlığı arasındakı fərqi anlamağı tələb edir. Şəxsən mənim üçün əsas prioritet məşhur olmaq deyil, peşəkar olmaqdır. Vəkillik şou-biznes deyil və bu sahədə uğur qazanmaq üçün əsas amil tanınmaq deyil, insanların etimadını doğruldan, yüksək hüquqi biliklərə və təcrübəyə malik olmaqdır. Vəkilin tanınması onun televiziyada tez-tez ekspert kimi çıxış etməsi ilə deyil, gördüyü işlərin keyfiyyəti və nəticələri ilə ölçülməlidir. İnsanlar bəzən düşünürlər ki, media vasitəsilə tez-tez görünmək həmin şəxsin daha savadlı və nüfuzlu olduğunu göstərir. Halbuki vəkilin əsas vəzifəsi hüquqi işləri ən yüksək səviyyədə icra etməkdir, hansısa televiziya verilişlərində iştirak edib uzun müddət müzakirələr aparmaq deyil.
Mənim öz iş tempim o qədər yüksəkdir ki, belə verilişlərə qatılmaq üçün kifayət qədər vaxt ayırmaq mümkün deyil. Bundan əlavə, bəzi media platformalarında müzakirə olunan mövzuların səviyyəsi və təqdimat tərzi də hər vəkilin maraq dairəsinə uyğun olmaya bilər. Peşəkar bir vəkil üçün əsas məqsəd hüquqi sahədə dərin biliklərə sahib olmaq, məhkəmə işlərində yüksək nəticələr əldə etmək və müvəkkillərinin hüquqlarını ən effektiv şəkildə müdafiə etməkdir. Vəkilin ən yaxşı reklamı onun gördüyü işin nəticəsidir. İnsanlar yaxşı hüquqi xidmət aldıqda bu barədə ətraflarına danışır və beləliklə, vəkilin peşəkarlığı təbii şəkildə tanınır. Yəni vəkilin ölkə miqyasında tanınması üçün ən vacib amil onun uğurlu və prinsipial fəaliyyəti, hüquq sistemindəki bilik və təcrübəsidir.
– Günümüzdə hüquq sahəsindəki yeniliklər və dəyişikliklər haqqında fikirləriniz nədir?
– Müasir dövrdə hüquq sahəsi daim inkişaf edir və yeni qanunvericilik aktları qəbul edilir. Xüsusilə rəqəmsal hüquq, süni intellektin hüquq sahəsində tətbiqi və beynəlxalq hüquqi əməkdaşlıq kimi sahələr genişlənməkdədir. Hüquqi xidmətlərin onlayn platformalar vasitəsilə göstərilməsi, məhkəmə proseslərinin elektron sistemlər üzərindən aparılması və hüquqi sənədlərin rəqəmsallaşdırılması hüquq sahəsində mühüm yeniliklərdir.
– Vəkil və müştəri arasındakı münasibətləri necə qurmaq lazımdır?
– Vəkillə müştəri arasındakı münasibətlər qarşılıqlı etimada və peşəkar etika prinsiplərinə əsaslanmalıdır. Müştərilərə hüquqi məsələləri aydın və şəffaf şəkildə izah etmək, onların gözləntilərini düzgün yönləndirmək və qanuni çərçivədə optimal həll yollarını təqdim etmək mühüm rol oynayır. Vəkil heç vaxt işin nəticəsinə görə söz verə bilməz, bu qanunla da qadağan edilmişdir.
– İşinizdə ən çox nə ilə motivasiya olursunuz?
– Mənim üçün əsas motivasiya mənbələri müvəkkillərimin mənə olan inamı və ədalətli məhkəmə qərarlarının qəbul edilməsidir. Cəmiyyətdə bəzən hüquqi proseslərə qarşı inamsızlıq mövcuddur və insanlar müxtəlif təsirlərə məruz qalaraq hüquqlarını müdafiə etməkdən çəkinirlər. Xüsusilə, qarşı tərəfin psixoloji təzyiqləri nəticəsində bəzi şəxslər hüquqi proseslərdən imtina etməyi düşünürlər. Belə hallarda, mən yalnız hüquqi deyil, həm də psixoloji dəstək göstərməyə çalışıram. Müvəkkillərimi qətiyyətli olmağa ruhlandırmaq və onlara hüquqlarını qorumağın vacibliyini anlatmaq mənim üçün mühüm dəyər daşıyır. Bu yaxınlarda yekunlaşan bir iş təxminən bir il davam etdi. Müvəkkilim proses boyunca bir neçə dəfə “bəlkə işi saxlayaq” deyərək geri çəkilmək istədi, çünki qarşı tərəfin davamlı psixoloji təzyiqlərinə məruz qalırdı. Lakin mən onu bu mübarizədə dəstəklədim və ədalət uğrunda sona qədər mübarizə aparmağın vacibliyini vurğuladım. Nəticə etibarilə iddiamız təmin olundu və müvəkkilim hüquqlarını qorumağı bacardı. Bu kimi uğurlar məni işimə daha çox həvəsləndirir və hüquq müdafiəçiliyi missiyamı daha da dərin hiss etməyimə səbəb olur.
Həsən Məmmədov/Xeberlenti.com