XƏBƏRLENTİ

xeberlenti.com

Əlverişsiz Hava Şəraitində İşçilərin Hüquqları və Əmək Məcəlləsini necə tətbiq edilməlidir?

İki gündür ki, ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə edilir. Belə hava şəraitində işə gedib-gələn vətəndaşlar, xüsusilə uzun yol qət etməli olanlar bəzi problemlərlə qarşılaşırlar. Bəzi iş yerlərində belə hallarla əlaqədar olaraq rəhbərlik tərəfindən müvafiq güzəştlər edilirkən, xüsusilə özəl sektorda işçilərə qarşı heç bir güzəşt tətbiq olunmur. Sosial şəbəkələrdə hava şəraiti ilə bağlı paylaşılan məlumatlara görə, bəzi iş yerlərində hətta çətin hava şəraitində işə gəlməyən işçilər barəsində daxili intizam qaydalarını pozma əsası ilə inzibati tədbirlər görülür.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi əlverişsiz hava şəraitində işləyən işçilərin hüquqlarını qorumaq məqsədi ilə xüsusi normalar mùəyyən etmişdir. Xüsusilə, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən işçilər aşağıdakı hallarda fasilələr almaq və ya işin dayandırılmasını tələb etmək hüququna malikdirlər:

1) Açıq havada və ya qızdırılmayan qapalı binalarda işləyərkən hava temperaturu 14°C-dən aşağı olduqda işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

2) Havanın temperaturu 41°C-dən yuxarı olduqda, açıq havada və ya sərinləşdirmə qurğuları olmayan binalarda işləyən işçilərə fasilələr verilir və ya iş dayandırılır.

Bu fasilələr iş vaxtına daxil edilir və bu müddətdə işçilər tam maaş alırlar. Əgər iş dayandırılarsa, işçi təqsirsiz olduqda ona tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödəniş edilir. Əmək Məcəlləsinə əlavə edilmiş 2-ci əlavəyə əsasən, küləyin gücü müəyyən həddən artıq olduqda, bəzi işlərin dayandırılması tələb olunur.

Məsələn:

1) Küləyin gücü 6 bal və daha artıq olduqda: Quruda kranlarla görülən bütün növ işlər dayandırılır.

2) Küləyin gücü 2 baldan artıq olduqda: Kranların quraşdırılması üzrə montaj işləri dayandırılır.

3) Küləyin gücü 3 baldan artıq olduqda: Qaldırıcıların quraşdırılması və sökülməsi işləri dayandırılır.

4) Küləyin gücü 6 baldan artıq olduqda: Taxta-şalban işləri və onların sökülməsi dayandırılır.

Göründüyü kimi, Əmək Məcəlləsində konkret olaraq cari hava şəraitinə uyğun iş yerlərində fasilələrin verilməsi birbaşa qeyd edilməmişdir. Lakin, əgər Milli Hidrometeorologiya Xidməti hava şəraitinin əlverişsiz olduğunu elan edirsə və vətəndaşlara mümkün olduqca evdə qalmaq tövsiyə edilirsə, işəgötürənlərdən də vəziyyəti nəzərə almaları tələb olunur. Xüsusilə, yollar buz bağladıqda, işçinin işə gedib gəlməsi sağlamlığı üçün risk daşıya bilər. Distant işləmə imkanı olduqda işçi öz iş funksiyasını evdə icra edə bilər. Belə olduqda, işəgötürənin işçi barəsində intizam tədbiri tətbiq etməsi qanunsuz hesab edilə bilər. Lakin, istilik və ya sərinlik şəraiti olan və distant işləməsi mümkün olmayan iş yerlərində işçi işə gəlmədiyi təqdirdə, işəgötürən intizam tədbiri görə bilər.

Mədinə Leqayeva

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

About Author