Son 20 ildə Ukraynada demokratik seçki sistemi formalaşıb. Bu sistemin qurulması eks-prezident Viktor Yuşşenkonun adı ilə bağlıdır. 2014-cü ildə Viktor Yanukoviç Kremlin əmri ilə Avrasiya İqtisadi Birliyinə daxil olmağa çalışdı ki, bu da şəffaf seçki mühiti üçün böyük təhlükə idi. 2015-ci ildə Ukraynanın Avropa İttifaqının Assosiasiya Sazişinə qoşulması və həyata keçirdiyi hüquqi islahatlar demokratik seçki sisteminin möhkəmlənməsinə xüsusi təkan verdi. Rusiya ilə Ukrayna arasında gərginliyin yaranması da məhz bununla bağlıdır. Putinin Ukraynanın əlindən zəncir çeynəməsinin, 2015-ci ildə Krımı, Donbası işğal etməsinin əsas səbəbi demokratiya dalğasının Rusiya sərhədlərinə dirənməsi idi. Rusiya Assosiasiya Sazişini AİB-ə ən böyük təhlükə hesab edirdi. Nə NATO? Ukrayna NATO-ya üzvlük məsələsini konstitusiyaya Ali Radanın qərarı ilə 2019-cu ilin fevral ayında daxil edib. O zaman prezident Poroşenko idi. İndi insanlar elə danışırlar sanki, bu hadisələr yarım əsr bundan qabaq baş verib və həmin proseslərin şahidi olmayıblar. 2015-ci ildə Rusiya müharibəyə başlayanda NATO söhbəti var idi? NATO-nun Şərqə Doğru Genişlənməsi barədə Alyansın Varşava sammitinin qərarı isə 2016-cı ildə çıxarılıb. Əsl səbəb başqa idi. Ona görə qayıdaq Ukraynanın seçki sisteminin sadə izahına…
Təsəvvür edək ki, hər şey Trampın istədiyi kimi oldu və prezident Zelenski istefaya getdi. Biz məsələyə olduqca primitiv, Azərbaycansayağı yanaşırıq. Hətta sual da veririk ki, Zelenskinin yerinə kimi gətirəcəklər? Ayıbdır… Ukraynada kimisə kiminsə yerinə gətirmirlər. Azad, ədalətli, şəffaf şeçkilər yolu ilə seçirlər. Bu gün Ukraynada Zelenskinin səlahiyyət müddətinin uzadılması, yəni növbəti seçkilərin keçirilməməsi də bu sistemin tələbidir. Zelenski anti-demokratik bir seçki keçirmək istəsəydi bunu çoxdan edərdi. Amma etmədi. Çünki 9 milyon insan qaçqındır. Ölkə ərazisinin 18 faizi işğal olunub və aktiv döyüş zonasıdır. Yəni seçki keçirmək mümkün deyil. Zelenski bəlkə də növbəti seçkilərdə heç namizədliyini irəli sürməyəcək. Amma Ukrayna prezidenti üçün bir vacib anlayış var-xalqın iradəsi. Yalnız bütün seçicilərin legitimliyini qazanan şəxs prezident ola bilər. Artıq Ukraynada hər bir dövlət başçısı bu siyasi ənənəyə əməl edir. Zelenski də edəcək. Ukraynanın növbəti prezidenti də demokratik yolla seçiləcək. Son rəy sorğularına görə Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda Britaniyada səfir olan Valeri Zalujnının siyasi reytinqi daha yüksəkdir. (Bu göstəricilər seçkilər elan edildikdən sonra sürətlə dəyişə bilər). Tramp adminstrasiyası Zelenskinin hakimiyyətdən getməsi üçün istənilən namizədlə əməkdaşlığa razıdır. Bəs Zalujnı prezident seçilsə, Trampın istədiyi şərtlər daxilində hərəkət edəcəkmi? Axı, Zalujnı hərbi elitanın nümayəndəsidir. Zalujnı Ukraynanın maraqlarına cavab verməyən, təslimçi elementlərlə zənginləşdirilmiş atəşkəs və ya sülh sazişini imzalayacaqmı? Buna inananlar var. Mən isə hesab edirəm ki, yox. Generalların hakimiyyətə gəlişi Rusiya ilə qarşıdurmanı daha da dərinləşdirə bilər. Onu da nəzərə alaq ki, Zelenskinin Trampın təhdidləri qarşısında geri çəkilməməsi onun reytinqinin artmasına stimul verəcək.
Müşfiq Abdulla
Siyasi şərhçi