XƏBƏRLENTİ

xeberlenti.com

Təhsildə edilən dəyişikliklər müəllimlərə necə təsir edir?

Təhsil yalnız insanlara bilik vermir, həm də onları düşünmə, analiz etmə, yaradıcılıq və problemləri həll etmə bacarıqlarını formalaşdırır. Çünki təhsil bir insanın daxili potensialını kəşf etməkdə açar rolunu oynayır.

Müəllimlər cəmiyyətin inkişafında əsas rol oynayan, gələcəyin təhsilini və sosial strukturunu formalaşdıran şəxsiyyətlərdir. Lakin son illərdə müəllimlərin cəmiyyətdəki mövqeyi və onlara verilən dəyər məsələsi gündəmə gəlməkdədir. Müasir dövrün sürətli inkişafı, texnologiyanın artan rolu, dəyişən sosial və iqtisadi şərtlər müəllimlərin iş şəraiti və dəyəri üzərində müxtəlif təsirlər yaratmışdır. Müəllimə verilən dəyər təkcə maddi təminatla deyil, eyni zamanda cəmiyyətdəki statusu, ictimai hörməti və peşəsinə olan hörmətlə ölçülür. Müəllimlərin əməyi, insan həyatının ən vacib mərhələlərində, təhsil və inkişaf prosesində əvəzsizdir. Bu səbəbdən onların cəmiyyətdəki rolu təqdirəlayiq olmalıdır. Təhsil sistemində müəllimlərə verilən dəyər, həmçinin onların iş şəraitindən, təhsil resurslarından və inkişaf imkanlarından asılıdır.
Müasir dövrün xüsusiyyətlərindən biri təhsilin sürətli şəkildə texnologiyaya inteqrasiyasıdır. İnternet, rəqəmsal dərsliklər, onlayn təhsil və digər yeniliklər müəllimlərin işinə yanaşmada birmənalı qarşılanmır. Təəssüflə qeyd etməliyik ki, bu dəyişikliklər əksər hallarda müəllimlərin rolunu zəiflətmiş və onlara verilən hörməti azaldıb. Əslində isə, bütün kəşflərə məhz müəllim əməyi sayəsində nail olunduğu unudulmamalıdır. Müasir texnologiyalar müəllimlərin daha keyfiyyətli, qısa zaman kəsiyində və interaktiv metodlarla gələcəyin gənclərinin əsaslı biliklərə yiyələnmələrində sadəcə vasitə rolunu oynayır.

Müəllimlərin rolu əvvəllər daha çox təqdir edilirdi. Lakin son dövrlərdə, xüsusilə sosial şəbəkələrdə müəllimlərə qarşı neqativ fikirlər artb. Təhsil sistemi və müəllimlərə qarşı cəmiyyətdəki münasibət bəzən yanlış anlaşıla bilər, amma unutmayaq ki, bu cür münasibət sərgiləmək bütövlükdə təhsilimizin nüfuzuna xələl gətirir. Valideynlərin və şagirdlərin müəllimlərə qarşı tənqidi yanaşmaları müəllimlərin dərsə olan motivasiyasını azaldır ki, bu da təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Təhsil islahatları bir çox ölkədə təhsil islahatları həyata keçirilsə də, müəllimlər bu islahatların önündə duran əsas qüvvə olmalıdır. Təhsil islahatlarının əsas məqsədi, təhsil sistemini inkişaf etdirmək, daha effektiv və inklüziv etməkdir. Lakin müəllimlərin bu islahatlarda aktiv rolu təmin edilməlidir. Təhsil islahatlarında qabaqcıl təhsil işçilərinin fikirlərinə, onların təcrübəsinə və ehtiyaclarına önəm verilməli, onlara müvafiq təhsil dəstəyi və inkişaf imkanları təqdim olunmalıdır. Həmçinin, müəllimlərin peşəkar inkişafı və təhsildəki yeniliklərə uyğunlaşma prosesi dəstəklənməli, daim diqqət mərkəzində saxlanılmalıdır.

Aymirə Ağamirova

About Author