Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Oruc Mədəniyyət Nazirliyinin Qərbi Azərbaycana aid irs nümunələrini vahid milli fonda daxil edəcəyinə ümidvar olduqlarını bildirib.
Xeberlenti.com xəbər verir ki, o, STM və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktik konfransda deyib ki “Qayıdış ensiklopediyası” seriyası ilə yazılan üç elmi əsərin müəllifi Əfqan Vəliyev 532 abidəni tədqiq edib:
O, ilk dəfə 20 kateqoriya üzrə Qərbi azərbaycanlılara məxsus 21 pir, ocaq və ziyarətgah, 6 məscid, 21 məbəd, 16 qala, 5 karvansara, 4 türbə, 2 günbəz, ümumilikdə 144 dəyərli və mühüm abidə haqqında dolğun və ətraflı məlumat verib. Qərbi Azərbaycanın sərvətləri bütövlükdə xalqımıza məxsusdur”.
Z.Oruc vurğulayıb ki, Azərbaycan xalqının maddi-mədəni irsini qorumaq Vətəni əbədiləşdirmək deməkdir:
“Xalqı kökündən ayırıb tarixi yaddaşı və sərvətləri gələcək nəsillərə ötürmək mümkün deyil. İrs millətin hard diskidir. Qərbi Azərbaycanda itirilmiş torpaqlarda hər bir abidənin texniki şərtini, kimlik pasportunu və sahiblik reyestrini yaratmaqla torpağa və əcdadlarımızın mirasına haqqımızı sübut edirik. Beləliklə, elin göz, söz və daş yaddaşının vəhdəti yaranır”.