ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı konqresmen Co Vilson Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
“XEBERLENTİ.COM” xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının üzvü sosial izləmədə paylaşım edib.
“Azərbaycan və Ermənistan kimi iki böyük millətin tarixi sülh sazişini imzalamağa yaxın olduğunu öyrənməkdən məmnunam. Sülh sazişi bütün region və ondan kənarda sabitlik və rifahı mümkün edəcək! Cənubi Qafqazı yenidən əzəmətli edək!”, – o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın “Make America Great Again” (“Amerikanı yenidən əzəmətli edək” və ya qısa: MAGA) şüarı ilk dəfə 1980-ci ildə Ronald Reyqanın kampaniyasında səslənmişdi. Lakin məhz Tramp onu öz hərəkatının kult simvoluna çevirib. 2024-cü il seçkiləri ərəfəsində o, əvvəlki vədlərinə sadiqliyini vurğulayaraq bu şüardan yenidən fəal şəkildə istifadə edib.