XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-də kütləvi etiraz aksiyaları keçirilir – Tramp və Maskın istefası tələb olunur

ABŞ-nin müxtəlif şəhərlərində Prezident Donald Trampa və onun apardığı siyasətə etiraz edən minlərlə vətəndaş aksiya keçirib.

“Xeberlenti.com”ABŞ mətbuatına istinadla xəbər verir ki, bu, Trampın hakimiyyəti ələ aldığı yanvar ayından bəri ən izdihamlı etiraz aksiyalarıdır.

“Əllərini çək” devizi altında keçirilən etiraz aksiyalarının təşkilatçıları ABŞ-nin 50 ştatı da daxil olmaqla 1200 yerdə mitinqlər keçirməyi planlaşdırırlar. Şənbə günü minlərlə insan Boston, Çikaqo, Los-Anceles, Nyu-York və Vaşinqtonda, o cümlədən digər şəhərlərdə baş tutan etiraz aksiyalarında iştirak edib.

Etirazçılar Trampın sosial məsələlərdən tutmuş iqtisadi məsələlərə qədər apardığı siyasəti tənqid ediblər. Aksiya iştirakçıları Trampın və eləcə də ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən İlon Maskın istefasını tələb ediblər.

Qeyd edək ki, bəzi sorğular Prezident Trampın reytinqlərinin bir qədər aşağı düşdüyünü göstərir.

Belə ki, bu həftənin əvvəlində yayımlanan “Reuters/Ipsos” sorğusunun nəticələrinə görə, onun reytinqi 43%-ə düşüb. Bu, Trampın yanvarda ikinci prezidentlik müddətinə başlamasından bəri ən aşağı göstəricidir. Yanvarın 20-də andiçmə mərasimi keçirilən zaman onun reytinqi 47% olub.

Eyni sorğunun nəticələrinə görə, həmçinin amerikalıların 37%-i onun iqtisadiyyatı idarə etməsini, 30%-i isə ABŞ-də yaşayış xərclərini həll etmək strategiyasını bəyənir.

About Author