Cəmiyyətin inkişafı üçün hər bir fərdin təhsil almaq, özünü inkişaf etdirmək və cəmiyyətə fayda vermək hüququ var. Lakin bəzi insanlar üçün bu yol daha çətin ola bilər. Xüsusilə fiziki məhdudiyyətləri olan gənclər üçün təhsil almaq, sosial maneələri aşmaq və uğur qazanmaq bəzən əsl mübarizəyə çevrilir.
Bir fiziki məhdudiyyəti olan gənc olaraq, bu yolun necə keşməkeşli olduğunu şəxsən yaşamışam. Doğuşdan onurğa əyriliyi (skolioz) problemi ilə dünyaya gəlmişəm və bu, həyatımın hər mərhələsində mənə müəyyən çətinliklər yaradıb.
Kiçik yaşlarımdan etibarən həkimlərin proqnozlarına, cəmiyyətin yanaşmasına baxmayaraq, təhsil almaq və özümü inkişaf etdirmək istəyindən heç vaxt vaz keçmədim.
Azərbaycanda əlilliyi olan insanların təhsil alması üçün müəyyən imkanlar yaradılsa da, bu sahədə hələ də bir çox problemlər mövcuddur. Əsas çətinliklərdən biri fiziki məhdudiyyətləri olan tələbələr üçün uyğun infrastrukturun olmamasıdır.
Bir çox təhsil müəssisəsində panduslar, liftlər və xüsusi avadanlıqlar çatışmır. Bu isə əlilliyi olan tələbələrin dərs prosesinə tam şəkildə qoşulmasını çətinləşdirir.
Digər bir problem isə cəmiyyətin yanaşmasıdır. Çox zaman fiziki məhdudiyyəti olan şəxslərə qarşı “yazıq” yanaşması sərgilənir. Halbuki bu insanlar da istedadlıdırlar və düzgün şərait yaradıldıqda böyük uğurlar qazana bilərlər.
Bütün bu çətinliklərə baxmayaraq, öz məqsədlərimdən geri çəkilmədim. Hazırda universitetdə təhsil alıram və bu yolda qarşılaşdığım bütün maneələri dəf edərək daha güclü oldum. Mənim kimi olan gənclərə mesajım budur:
“Əlillik sizi dayandıra bilməz! Əgər siz hədəfinizi müəyyən etmisinizsə, onu gerçəkləşdirmək üçün mübarizə aparın”.
Dövlət və cəmiyyət olaraq bizlər də bu məsələyə daha çox diqqət ayırmalıyıq. Əlilliyi olan şəxslər üçün daha inklüziv bir mühit yaratmaq, onların təhsil və iş imkanlarını genişləndirmək vacibdir. Yalnız bu halda cəmiyyətimiz həqiqətən inkişaf edə və hər kəs üçün bərabər imkanlar təqdim edə bilər.
Bu mövzu cəmiyyət üçün vacibdir və geniş müzakirə olunmalıdır. Çünki hər bir fərdin uğur qazanmaq və cəmiyyətə töhfə vermək hüququ var!
Nurməhəmməd İsmayıllı