6 aprel 2025-ci il tarixində Bakı şəhərində, Bakı Gənclər Mərkəzində Məktəbəqədər Təhsil İşçiləri və İbtidai Sinif Müəllimlərinin Əməkdaşlıq Forumu keçirildi. Tədbir Təhsil İşçilərinin Həmrəyliyi Alyansı, Təhsil Forumu Sosial Platforması və Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutdu.
Forumun məqsədi məktəbəqədər və ibtidai təhsil pillələri arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və erkən yaşlarda təhsilin keyfiyyətinin artırılması idi.
Tədbirdə müxtəlif bölgələrdən gəlmiş məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, pedaqoji işçilər, ibtidai sinif müəllimləri, təhsil ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etdilər. Forum zamanı panel müzakirələr, praktik təqdimatlar və tematik çıxışlar təqdim olundu.
İştirakçılar arasında erkən təhsildə ardıcıllıq, valideyn-məktəb münasibətləri, məktəbəqədər mühitin şagird hazırlığına təsiri kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparıldı. Forumun sonunda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi və bu istiqamətdə geniş platformaların yaradılması təklif olundu.