Bu il keçirilən attestasiyada 492 nəfər musiqi müəllimi minimum nəticəni göstərə bilməyib. Onlar incəsənət məktəblərində çalışan, əsasən musiqi nəzəriyyəsi və fortepiano fənlərini tədris edən pedaqoqlardır. Attestasiyanın nəticələrinə əsasən, yalnız 112 müəllim – komissiyaların əksəriyyətindən müsbət rəy almış şəxslər – təlimlərə cəlb ediləcək və onların fəaliyyətlərinə davam etmələri üçün əlavə imkan yaradılacaq. Qalan 380 nəfərin taleyinə isə hazırda qeyri-müəyyənlik hakimdir.
Mövzu ilə bağlı TİHA sədri təhsil eksperti Əmrah Həsənli “Xeberlenti.com“-a açıqlamasında bildirib ki, attestasiyanın tətbiqi bu il ilk dəfə həyata keçirilib:
“Bu, həm sistem baxımından, həm də müəllimlər üçün psixoloji və texniki baxımdan yeni bir mərhələdir. Təcrübənin olmaması, qiymətləndirmə meyarlarının kifayət qədər anlaşılmaması və prosesin gedişatına emosional gərginliyin təsiri gözardı edilə bilməz.
İllərlə musiqi pedaqogikası ilə məşğul olan bu müəllimlər təkcə not öyrətmirlər – onlar sənətə yanaşma tərzi, bədii zövq, səhnə mədəniyyəti və yaradıcılıq düşüncəsi formalaşdıran peşə sahibləridirlər. Onların bugünkü uğursuzluğunu yalnız bilik əskikliyi ilə bağlamaq doğru olmaz. Burada sistemin yeni tətbiq olunması faktoru əsas rol oynayır. Mövcud reallıq göstərir ki, bu müəllimlər üçün geniş təlim mexanizmləri qurularsa, onların əksəriyyəti növbəti mərhələlərdə daha hazırlıqlı şəkildə iştirak edə bilər”.
Ekspert vurğulayıb ki, təhsildə keyfiyyət yalnız ölçmənin sərtliyi ilə deyil, dəstəyin dərinliyi ilə möhkəmlənir:
“Məlum nəticələr göstərir ki, bu müəllimlərin hamısı üçün ikinci mərhələ – inkişafyönümlü təlim və istiqamətləndirmə prosesi əhəmiyyətli ola bilər. Bu cür addımlar təhsilin yalnız qiymətləndirmə yönünü deyil, eyni zamanda inkişafetdirici tərəfini də gücləndirər”.
O qeyd edib ki, attestasiya nəticələri bir son olaraq deyil, başlanğıc nöqtəsi kimi qəbul edilməlidir:
“Məqsəd insanları kənarlaşdırmaq yox, onları sistemə daha səmərəli şəkildə qazandırmaq olmalıdır. Bu yanaşma həm mövcud müəllim kontingentini motivasiyada saxlamaq, həm də təhsilalanların keyfiyyətli musiqi təhsilinə davamlı çıxışını təmin etmək baxımından ciddi əhəmiyyət kəsb edir”.
H.Məmmedov
Xeberlenti.com