Şabran rayonunda yeni seçilən bələdiyyə sədri Fidan Fərzəliyevanın fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıq və suallar yaranıb.
“Xeberlenti.com”xəbər verir ki, iddialar görə, o, vəzifəsinin icrasına başladığı ilk günün səhəri heç bir əsas və səbəb göstərmədən bir çox əməkdaşın əmək müqaviləsinə xitam verib.
Belə ki, işçilərə könüllü şəkildə ərizə yazdırılaraq, guya “yenidən işə qəbul olunacaqsınız” sözü verilsə də, bu vəd yerinə yetirilməyib.
Məsələ ilə bağlı, bələdiyyədə işdən çıxarıldığını iddia edən və orada kadrlar üzrə müvəkkil vəzifəsini daşıyan Əzməmmədova Şəhla ilə əlaqə saxladıq.
O, saytımıza açıqlamasında bildirdi ki, ərizəni öz istəyi ilə yazmayıb:
“Fidan xanım bizə dedi ki, sədr dəyişikliyi olanda hamı ərizə yazır və sonradan yenidən işə qəbul olunur. Bu bizdə də belə olacaq. Ona inanıb birinci özüm yazmışam ərizəni. Mən 17 ildir o bələdiyyədə işləyirəm. Hər gələn sədr işçilərlə əvvəlki sədr arasında bağlanan əmək müqavilələrinə xitam verir və yeni müqavilələr bağlanır. Biz də 7 nəfər oturub ərizəmizi yazdıq”.
Həmsöhbətimiz vurğulayıb ki, Fidan Fərzəliyeva sədr seçiləndə çox sevinib:
“Biz bir yerdə böyümüşük. Bir-birimizi çoxdan tanıyırıq. Heç vaxt aramızda hörmətsizlik olmayıb. Bütün idarə ona inanaraq ərizə yazıb. Martın 18-i ərizə yazmışam və mənə deyib ki, 19-dan işə gəlmə”.
Şikayətçi işinə qaytarılmasını istəyir:
“Bu dövrdə kim işdən çıxmaq istəyər? 2 aydır mənim yerimə öz adamlarını da qoyub, işlədir də”.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Xeberlenti.com