XƏBƏRLENTİ

xeberlenti.com

Akademik Musiqili Teatra yeni direktor təyin olunub

Mədəniyyət naziri Adil Kərimlinin imzaladığı müvafiq əmrə əsasən, Aqil Adil oğlu Bəhramlı Akademik Musiqili Teatra direktor təyin edilib.

Bu barədə “Xeberlenti.com”-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Aqil Bəhramlı 1974-cü il dekabrın 15-də Bakı şəhərində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsində, 2015-2020-ci illərdə isə K.Karaqo adına Kiyev Dövlət Teatr, Kino və Televiziya Universitetində teatr işinin təşkili və idarəçiliyi ixtisası üzrə təhsil alıb. 1993-2003-cü illərdə Azərbaycan Ensiklopediyası nəzdində “Xəmsə” kiçik dövlət müəssisəsində, 2003-2009-cu illərdə Milli İncəsənət Muzeyində çalışıb. O, 2010-2020-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini, 2021-ci ildən son təyinatadək Gəncə Dövlət Milli Dram Teatrında direktor vəzifələrində çalışıb. 2024-cü ildə Azərbaycan milli teatrının inkişafındakı səmərəli fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülüb. A.Bəhramlı müxtəlif illərdə Türkiyə, Gürcüstan və Rusiyanın bir sıra vilayətlərində keçirilən beynəlxalq teatr festivallarında fəxri qonaq, eləcə də münsiflər heyətinin üzvü qismində iştirak edib. Gəncə teatrına rəhbərlik etdiyi dövrdə yaradıcı kollektiv Türkiyə, Gürcüstan, Portuqaliya və Litvada beynəlxalq teatr festivallarında yerli və xarici müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalarla Azərbaycan teatrını uğurla təmsil edib.

Xatırladaq ki, Akademik Musiqili Teatrın əvvəlki direktoru Əliqismət Lalayev olub.

About Author