Keyfiyyətsiz təhsilə görə təhsil müəssisələrinin məsuliyyəti, heç də müəllimlərin məsuliyyətindən az deyil…
Yəqin, bir çoxları bilməmiş deyil ki, hələ 1999-cu ildə Dövlət islahat komissiyası “Təhsil sahəsində islahat Proqramı”nı qəbul edib və sənəddə pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, onların əmək haqqının ödənilməsinə diferensial yanaşmanın tətbiqinə lazımi diqqət yetirilməməsi xüsusi olaraq vurğulanıb. Bu məqsədlə də rəhbər və pedaqoji kadrların attestasiyasını 2004-cü ilə qədər başa çatdırılması nəzərdə tutulmuşdu. Lakin 2018-ci ildə “Təhsil haqqında” qanuna “sertifikatlaşdırma”nın keçirilməsi ilə bağlı edilmiş dəyişiklikdən sonra attestasiya sertifikasiya ilə əvəz olundu.
Əvvəla, attestasiya ilə sertifikasiyanın fərqini nəzərdən keçirək. Elmi – kütləvi mənbələrə əsasən attestasiya – (lat. attestatio – şəhadət, şəhadətnamə, təsdiq); sertifikasiya – (lat. certum – doğru + lat. Facere – etmək). Başqa sözlə, attestasiya bir şəxsin bilik dərəcəsini, qabiliyyətini və bacarığını təyin və təsdiqetmə anlamına gəlir. Sertifikasiya isə sertifikasiyanı həyata keçirən orqan tərəfindən obyektlərin texniki reqlamentlərin tələblərinə, standartların müqavilə şərtlərinə uyğunluğunun təsdiqidir. Sertifikasiya adı altında həmçinin sertifikat alınması proseduru da başa düşülür. Bu mənada, attestasiya konkret fərdlərə, sertifikasiya isə deyək ki, müəllim hazırlığı ilə məşğul olan hazırlıq kurslarına şamil edilə bilər. İndi təsəvvür edin ildə nə qədər kurslar, nə qədər adamlara sertifikatlar verir. Respublika üzrə müəllimlərimizin bəlkə də yarısından çoxu hələ sertifikasiya başlamamış bu və digər kursların sertifikatlarını alıblar. Halbuki, bu ad oxşarlığı hələ heç də sertifikatı olan kiminsə rəsmi sertifikasiyadan keçməsi anlamına gəlmir…
Sözüm heç də onda deyil. Attestasiyanı sertifikasiya ilə əvəz etsək belə, bu proseduru rəhbər pedaqoji kadrlardan başlasaydıq daha effektiv nəticələrə nail ola bilərdik. Biz isə əksinə, yuxarıdan başlamalı olan işi ortadan yəni rəhbər işçilərdən deyil, müəllimlərdən başladıq, indi isə aşağıya eniş edərək, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi və metodistlərini imtahana çəkməyi planlaşdırırıq. Halbuki, kurikulumlara keçid zamanı da, ali məktəblərdən başlamaq əvəzinə orta məktəblərdən başladıq və bunun fəsadlarını bu günün özündə də görürük. Orta məktəb müəllimlərini “istehsal edən” universitetlər isə, onlara nə vaxt növbə çatacağı ilə bağlı hələ ki, gözləmə mövqeyindədirlər. Bu gün məsuliyəti məhz onlar deyil, onların dərs verdikləri daşımalı olur.
Başqa sözlə, təhsilin keyfiyyətinin ildən ilə aşağı düşməsi fonunda, Təhsil haqqında Qanunun “keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” maddəsini heç bir halda tətbiq etməməklə, istər təhsil alanların, istərsə də, təhsil verənlərin hüquq və vəzifələrinə etinasızlq göstərməklə onları məsuliyyət hissindən azad etmişik. İndi də başlamışıq “şaftali”, “anbar” sözlərini səhv yazan, kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilməyən müəllimlərin məktəblərə yol açmasında günahkar axtarmağa, bunlara güzəşt etsək hansı problemlərlə üzləşəcəyimiz barədə fikirləşməyə, “narazılığı olan varsa, qurumu məhkəməyə verə bilər” kimi məsləhətlər verməyə.
“Məhkəməyə” vermək normal prosesdir”sə bunu niyə müvafiq icra hakimiyyəti orqanı deyil,
məhz tələbə və ya valideyn etməlidir…? Axı, Qnunvericiliyimizə görə“ təhsil müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırıla bilər.”
Təhsil hüququna dövlət təminatına əssən dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür. Təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Bir də ki, təhsilin məzmununa və təşkilinə dair cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaqla bağlı ümumi tələblər var…
Hansı bir təhsil müəssisəsini akkreditasiyadan keçirib, müvafiq dövlət təhsil standartlarına uyğun tədris təşkil etdiyini, təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddia qaldırmışıq? Suallar çoxdur. Əsas sual isə odur ki, gücümüz elə aşağılara çatır…?