Professor Fuad Mikayıl oğlu Sadıqov 1950-ci il aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun (indiki Kəngərli rayonunun) Qarabağlar kəndində ziyalı ailəsində anadan olub. Uşaqlıq illəri və gəncliyi burada keçən Fuad Sadıqov, 1956-1966-cı illərdə Naxçıvan şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra, 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olub. 1973-cü ildə bu fakültəni kimyaçı ixtisası ilə uğurla bitirib.
İxtisası üzrə ilk iş təcrübəsini 1973-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və fiziki-kimya institutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) baş laborant, mühəndis və elmi işçi kimi başlayıb. 1975-1979-cu illərdə həmin institutda aspirantura keçmiş, 1981-ci ildə “Lantanoidlərin tellur bismutitlərinin sintezi və tədqiqi” mövzusunda kimya üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Daha sonra 1993-cü ildə “Nadir torpaq elementlərinin xalkostibnit və xalkobismutidlər və onlar əsasında materialların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
F.Sadıqov, 1979-1988-ci illərdə Qeyri-üzvi və fizika-kimya institutunda gənc alimlər şurasının sədri və elmi şuranın üzvü olub. 1988-ci ildən isə Bakı Dövlət Universitetinə (BDU) keçərək elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi vəzifələrində fəaliyyətini davam etdirmişdir. 1995-1997-ci illərdə Kimyanın Tədrisi Metodikası kafedrasında baş müəllim kimi fəaliyyət göstərmiş, 1997-ci ildən isə “Ümumi və qeyri-üzvi kimya” kafedrasının professoru olmuşdur. 2000-ci ildə kimya üzrə professor elmi adını alıb.
O, həmçinin, nadir torpaq elementlərinin iştirakı ilə stibiumbismut xalkogenidləri əsasında termoelektrik materiallarının alınmasının fiziki-kimyəvi əsasları sahəsində elmi tədqiqatlar aparmış və bu sahədə rəhbərliyi ilə bir elmlər doktoru, on elmlər namizədi və 25 magistr yetişdirmişdir. Elmi fəaliyyəti dövründə 450-dən çox elmi əsər, 10 dərslik və dərs vəsaiti, 8 müəlliflik şəhadətnaməsi və 5 patentə imza atıb. O, bir çox respublika və beynəlxalq konfranslarda iştirak etmiş, 2000-ci ildə isə ABŞ-da Kembric Biblioqrafiya Mərkəzi tərəfindən ilin adamı seçilmişdir.
Fuad Sadıqov, 1994-cü ildən etibarən fakültədə həmkarlar təşkilatının sədri vəzifəsini də icra etmişdir. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı medalı (2009), BDU-nun 100 illik medalı (2019) və ATİAHİ 100 illik medalı (2021) ilə təltif olunmuşdur. 2002-2005-ci illərdə AAK-da kimya üzrə ekspert komissiyasının üzvü, BDU və AMEA-nın Kataliz və Qeyri-üzvi kimya institutunda müdafiə şüralarının üzvü olmuşdur. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və partiyanın təşkilati işlərində də fəal iştirak etmişdir.
Fuad Sadıqovun həyat və fəaliyyətinin Naxçıvan Muxtar Respublikasının nəşr etdiyi ensklopediyada yer alması, onun böyük elmi və ictimai fəaliyyətinin geniş auditoriya tərəfindən tanınmasını təsdiqləyir. 75 illik yubileyi münasibətilə elmi və pedaqoji fəaliyyəti, əldə etdiyi nailiyyətlər və bu sahələrdəki töhfələri böyük dəyər kəsb edir.
Fuad Mikayıl oğlu Sadıqovun 75 illik yubileyi onun elmi və pedaqoji fəaliyyətinə verdiyi töhfələrin və kimya elminin inkişafına göstərdiyi xidmətlərin təntənəsidir. Həyat yolunda qazandığı uğurlar, yetişdirdiyi gənc alimlər və həyata keçirdiyi elmi tədqiqatlarla o, Azərbaycanın elmi cəmiyyətində parlaq bir iz buraxıbdır.
Təbrik edirik.
xeberlenti.com