XƏBƏRLENTİ

xeberlenti.com

Dünya İqtisadiyyatında Baş Verən Gərginliklərin Azərbaycan İqtisadiyyatına necə təsir edəcək?-Ekspert açıqladı

Dünya bazarında Brent markalı neftin qiyməti 60 dollardan aşağı düşərək, son 4 ilin neqativ rekordunu qırıb.

Bu, ABŞ və Çin arasında artan iqtisadi müharibə gərginliyi fonunda baş verib.

Qeyd edək ki, Azərbaycanın dövlət büdcəsində 2025-ci il üçün neft qiyməti 70 dollardan hesablanıb.

ABŞ prezidenti Donald Trampın açıqladığı yeni gömrük rüsumları və digər ölkələrin cavab olaraq tətbiq etdiyi rüsumlar qlobal birjalarda böyük dalğalanlamalar yaradıb.

JP Morgan bankının ehtimalına görə, bu il ABŞ iqtisadiyyatının resessiyaya girmək ehtimalı ciddi şəkildə yüksəlib. Ekspertlərin fikrincə, ABŞ iqtisadiyyatında yaranacaq böhran 2008-ci ildə olduğu kimi bütün dünya iqtisadiyyatını öz arxasınca böhrana sürükləyə bilər.

Dünya iqtisadiyyatında müşahidə olunan gərginliklər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərməkdədir. Xüsusilə, neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə daxilolmaların həcminə mənfi təsir edir. Burada əsasən birbaşa yox, dolayı daxilolmalardan söhbət gedir.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Xeberlenti.com”-a açıqlamasında deyib ki, neftdən əldə olunan gəlirlər birbaşa büdcəyə daxil olmasa da, Dövlət Neft Fondunda toplanır və daha sonra dövlət büdcəsinə transfer edilir. Bu transferlər isə büdcə gəlirlərinin təxminən 50 faizini təşkil edir.

Buna görə də Neft Fondunun gəlirlərindəki azalma, dövlət büdcəsinə ediləcək transfertlərin həcminə də mənfi təsir göstərə bilər:

“Neftin qiymətinin azalması Azərbaycan manatına olan təzyiqləri də artırır. Eyni zamanda, neft və qaz sektoru üzrə ixracatdan toplanan vergi gəlirləri proqnozlaşdırılandan xeyli az olur. Bütün bu faktorlar milli valyutaya təzyiqləri gücləndirir. Lakin bu, hələlik Azərbaycanda devalvasiyanın baş verəcəyi ilə bağlı konkret əsas yaratmır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycanın valyuta ehtiyatları kifayət qədərdir və hətta neftin ən aşağı səviyyədə olduğu halda belə, ölkə maliyyə sabitliyini təxminən bir il müddətində qoruyub saxlaya bilər. Əgər bu vəziyyət uzun müddət davam etsə və ABŞ ilə Avropa İttifaqı, eləcə də ABŞ ilə Çin arasında mövcud olan iqtisadi gərginliklər və qarşılıqlı vergi tətbiqləri artarsa, bu, neftin qiymətinin daha da aşağı düşməsinə səbəb ola bilər. Çünki neftə olan tələbatı azaldır və bu da alışların zəifləməsinə gətirib çıxarır”.

Ekspert vurğulayıb ki, ABŞ və İran arasında 12 aprel tarixində baş tutacaq görüşdən müsbət nəticələr əldə olunarsa və sanksiyalar yumşaldılarsa, İranın dünya bazarına əlavə neft çıxarması neftin qiyməti  bir qədər də aşağı sala bilər:

“Belə bir vəziyyətdə Azərbaycan hökuməti bir sıra önləyici tədbirlər həyata keçirməlidir. İlk növbədə, cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş neftin qiymətinə düzəliş edilməlidir. Çünki beynəlxalq təşkilatların mart ayında yenilənmiş proqnozlarına əsasən, 2025-ci ilin sonuna qədər neftin qiymətinin 58–60 dollar arasında dəyişəcəyi gözlənilir. Halbuki, hazırda Azərbaycan dövlət büdcəsində neftin qiyməti 70 dollar olaraq götürülüb. Buna görə də, dövlət büdcəsində proqnozlaşdırılan gəlir və xərclər arasında defisit yarana bilər. Bu defisitin qarşısını almaq üçün bəzi layihələrin təxirə salınması və ya ertələnməsi, həmçinin büdcədə neftin qiymətinin ən azı 60 dollar səviyyəsində götürülməsi məqsədəuyğun olardı. Bu halda müəyyən maliyyə risklərini önləmək mümkündür”.

O qeyd edib ki, yaxın bir il ərzində hər hansı bir devalvasiya təhlükəsi gözlənilmir:

“Azərbaycanın maliyyə sabitliyi əsasən inzibati resurslar hesabına təmin olunur. Hərçənd bu üsul bazar mexanizmlərinə tam uyğun olmasa da, hazırda iqtisadi tənzimləmə inzibati alətlər və ehtiyat fondları hesabına həyata keçirilir. Hökumət bu risklərin qarşısını almaq üçün ehtiyatlarda mövcud olan əlavə vəsaitlərdən də istifadə etməyə hazırdır. Bu baxımdan, yaxın perspektivdə devalvasiya ehtimalı real görünmür”.

Həsən  Məmmədov

About Author