XƏBƏRLENTİ

xeberlenti.com

Aygül Nəzərli – “Günəşə doğru” gedən yolun işıqlı yazarı

ABŞ-da yaşayan gənc azərbaycanlı yazar Aygül Nəzərli son zamanların ən parlaq ədəbi simalarından biri kimi diqqət mərkəzinə düşür. Onun müəllifi olduğu “Günəşə doğru” kitabı artıq beynəlxalq maraq qazanmağa başlayıb. Hal-hazırda əsərin ingilis dilinə tərcüməsi üzərində iş aparılır və yaxın zamanda nəşrə hazırlanır. Bu proses yazarın fəaliyyətini daha da geniş miqyasda gündəmə gətirir.

Aygül Nəzərli yalnız ədəbiyyat sahəsində deyil, incəsənət dünyasında da uğurla fəaliyyət göstərir. Bu yaxınlarda ABŞ-ın Nyu-Cersi ştatında Yeni Azərbaycanlılar Cəmiyyəti və SHAUS təşkilatının təşkil etdiyi Novruz bayramı tədbirində o, piano ifası ilə çıxış edərək iştirakçıların böyük rəğbətini qazandı. Onun incə musiqi duyumu tədbirə xüsusi ab-hava bəxş etdi.

Aygül Nəzərli hazırda ABŞ-da Azərbaycanı təmsil edən gənc ziyalılar arasında seçilən simalardan biridir. O, mədəni irsimizin təbliğində fəal iştirak edir və müasir Azərbaycan qadınının intellektual və yaradıcı obrazını uğurla nümayiş etdirir. “Günəşə doğru” əsəri də bu dəyərlərin daşıyıcısı olaraq oxuculara ümid, dirəniş və mənəvi güc aşılayır.

Gənc yazar həm ədəbi fəaliyyəti, həm də beynəlxalq platformadakı uğurları ilə Azərbaycan mədəniyyətinin səsini dünyaya çatdırmaqda mühüm rol oynayır. Aygül Nəzərlinin uğur hekayəsi yeni başlanır və onun işıqlı yaradıcılıq yolu daha böyük uğurlara aparacağına inanırıq.

Xeberlenti.com

 

About Author