Azərbaycan Respublikasında ümumtəhsil müəssisələrində şagirdlərin maraq və meyllərinə uyğun peşə yönümünün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən “Peşə Təmayüllü Siniflər” layihəsi uğurla davam edir. Layihə, şagirdlərin təhsil aldıqları mühitdən uzaqlaşmadan peşə bacarıqlarını inkişaf etdirmələrinə şərait yaratmaqla, onların gələcək həyat və karyera yollarında mühüm rol oynayır.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Xaçmaz rayonu üzrə 5 ümumtəhsil məktəbində artıq 16 ixtisas üzrə peşə təmayüllü siniflər fəaliyyət göstərir. Bu məktəblərdən biri də Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbidir. Burada 2023-2024-cü tədris ilindən etibarən 4 ixtisas üzrə peşə təmayüllü siniflər təşkil edilib. Bu təşəbbüs həm yerli, həm də qonşu kəndlərin şagirdləri tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər artıq peşə təhsili almaq üçün uzaq məsafələrə getmək məcburiyyətində qalmır, bu isə valideynlərin rahatlığı və layihəyə marağını artırır.
Peşə təmayüllü siniflərin şagirdləri, ixtisas müəllimləri və qrup rəhbərlərinin birgə səyləri nəticəsində bir sıra nailiyyətlərə imza atıblar. Praktiki məşğələlər, təcrübə səfərləri və müsabiqələr şagirdlərin bilik və bacarıqlarının inkişafında xüsusi rol oynayır. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkil etdiyi yarışlarda Qımılqışlaq kənd məktəbinin şagirdləri 8 məktəb arasında keçirilən müsabiqədə III yerə layiq görülüblər. Həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Suveren Azərbaycanın Qalib Gəncləri” adlı sərgidə məktəb şagirdləri əl işləri ilə fəal iştirak ediblər.
Bundan əlavə, cari tədris ilində Xaçmaz rayonunda peşə təmayüllü siniflərin hazırladığı məhsullardan ibarət sərgi-satış da təşkil olunub. Bu sərgidə təqdim edilən əl işləri böyük maraqla qarşılanıb və satışdan əldə edilən gəlir Qarabağ Dirçəliş Fonduna köçürülüb. Bu təşəbbüs gənclərdə sosial məsuliyyət hissinin formalaşmasına töhfə verib.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən həyata keçirilən “Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində də peşə təmayüllü siniflər fəal iştirak ediblər. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirdə şagirdlər Naxçıvan mətbəxinə aid yeməklərin sərgisini təşkil edərək həm milli mətbəximizi təbliğ edib, həm də peşə bacarıqlarını nümayiş etdiriblər.
Görülən bütün bu işlər peşə təmayüllü siniflərin yaradılmasının nə qədər əhəmiyyətli və faydalı olduğunu bir daha sübut edir. Layihə, şagirdlərin təhsildə və həyati bacarıqlarda inkişafını təmin etməklə yanaşı, onların vətənə və milli dəyərlərə bağlı ruhda formalaşmasına şərait yaradır.
Sonda peşə təmayüllü siniflərin təşkilində göstərdikləri dəstəyə və yaradılan şəraitə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbərliyinə, sektor müdirlərinə, Xaçmaz Rayon Təhsil Sektorunun rəhbərliyinə və layihənin icrasında əməyi olan bütün təhsil işçilərinə dərin təşəkkürümüzü bildiririk.