XƏBƏRLENTİ

xeberlenti.com

Çayın kənarı betonlanmayıb. Sakinlər qorxu içində: aidiyyəti qurumlar niyə susur? “Şabranda sel fəlakəti”

Aprel ayının 16-da güclü leysan nəticəsində Şabran rayonunda sel fəlakəti baş verib. Hadisə nəticəsində bir neçə evə və təsərrüfata ciddi ziyan dəyib. Sakinlər vəziyyətin olduqca təhlükəli olduğunu bildirərək aidiyyəti qurumlara müraciət ediblər.

Şabran sakininin redaksiyamıza verdiyi məlumata görə, çayın məcrası dəyişməsə də, yağıntının davam edəcəyi proqnozlaşdırılır. Xüsusilə aprelin 25-də gözlənilən intensiv yağışlar yeni bir sel təhlükəsinin yaranmasına səbəb ola bilər. Bu dəfə daha çox evin su altında qalacağı ehtimal edilir.

Vəziyyətin ağırlığı təkcə su basqınları ilə bitmir. Hal-hazırda bölgədə yol problemi də yaşanır. Bəzi sakinlər evlərinə getmək üçün qonşularının damından çıxıb düşmək məcburiyyətində qalırlar. Bu da həm təhlükəli, həm də sosial baxımdan narahatedici bir vəziyyətdir.

Sakinlərin sözlərinə görə, sovet dövründə avtovağzal tərəfdən çayın kənarı betonlanmışdı və həmin betonlar su axınının qarşısını alırdı. Lakin sovetlər birliyi dağıldıqdan sonra bu betonlar müxtəlif məqsədlərlə sökülüb aparılıb. Nəticədə çayın kənarının möhkəmləndirilməsi işi yarımçıq qalıb. Hazırda sel zamanı çay asanlıqla daşır və ətraf yaşayış məntəqələrinə təhlükə yaradır.

Məsələ ilə bağlı “Xeberlenti..com”-a danışan Şabran sakini qeyd edir:

“Çayın kənarı betonlanmadığı üçün hər dəfə yağış yağanda qorxu içindəyik. Uşaqlarımız, evlərimiz, mal-qaramız təhlükə altındadır. Xahiş edirik, bu məsələni işıqlandırın, aidiyyəti qurumlar nəhayət addım atsın.”

Günay Atayeva

About Author