Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” MMC “L-Sim” MMC (VÖEN – 1401345351) ilə satınalma müaviləsi imzalayıb.
“Xeberlenti.com” xəbər verir ki, satınalma tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtinə görə “L-Sim” MMC ASAN Xidmət üçün (“İnnovasiyalar Mərkəzi” MMC) SMS paketinin satın alınması xidmətini həyata keçirəcək.
“L-Sim” MMC ASAN Xidmətə 5 000 000 ədəd SMS-in yer aldığı paket təqdim edəcək və bunun üçün 175 000 manat alacaq.
Rəqəmlərdən də göründüyü kimi, ASAN Xidmət 1 SMS üçün 3,5 qəpik vəsait xərcləyəcək.
Məlumat üçün bildirək ki, bu günə kimi “ASAN Xidmət” bir çox şirkətlərdən SMS paketlər alıb. Son 5 ildə satın alınan SMS-lər heç vaxt 2,5 qəpikdən baha olmayıb.
– 2020-ci ildə “L-Sim” MMC-dən 1 ədədi 2,2 qəpiyə 12 500 000 ədəd SMS paketi;
– 2021-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
– 2022-ci ildə “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-dən 1 ədədi 2,1 qəpiyə 15 000 000 ədəd SMS paketi;
– 2023-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi;
– 2024-cü ildə “Figensoft Azərbaycan” MMC-dən 1 ədədi 2,5 qəpiyə 15 000 000 ədəd SMS paketi.
Elnur Əli