XƏBƏRLENTİ

xeberlenti.com

“Təhsil Gələcəyimizdir” adlı tədbir baş tutub

20 aprel “Qafqaz Biznes Centerdə” Derya Group-un təşkilatçılığı ilə Azərbaycanın təhsil sahəsinə həsr olunmuş önəmli tədbirlərdən biri olan “Təhsil Gələcəyimizdir” adlı konfrans uğurla baş tutdu. Tədbir, ölkənin tanınmış təhsil mütəxəssislərini, ictimai xadimlərini və təhsil sahəsinə töhfə verən təşkilatları bir araya gətirdi.

Tədbirin açılış hissəsində təşkilatçılar və ev sahibləri iştirakçıları salamlayaraq, tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Açılış çıxışında xüsusi olaraq tədbirin tərəfdaşları – Chemlap Academy, Eventspark Qəbələ, TİHA və İzə Nəşriyyatı haqqında geniş məlumat verildi. Bildirildi ki, bu təşkilatlar təhsil mühitinin zənginləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və gənc nəslin inkişafında mühüm rol oynayırlar.

Tədbirdə bir sıra görkəmli şəxsiyyətlər çıxış ediblər. Onların sırasında sabiq Təhsil Naziri Misir Mərdanov, Milli Məclisin deputatları Ceyhun Məmmədov və Günay Ağamalı, təhsil eksperti və ictimai xadim Nadir İsrafilov da yer alıblar. Çıxışlarda təhsilin milli prioritet olaraq qəbul olunması, müəllim nüfuzunun artırılması, müasir texnologiyaların tədris prosesinə inteqrasiyası və təhsil siyasətində davamlılığın təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Misir Mərdanov çıxışında təhsilin cəmiyyətin əsas dayaqlarından biri olduğunu və gənc nəslin bilikli, vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini vurğulayıb.
Ceyhun Məmmədov və Günay Ağamalı isə təhsil islahatlarının hüquqi və ictimai aspektlərinə toxunaraq, bu sahədəki qanunvericilik təşəbbüsləri və dəstəklənən layihələrdən danışıblar.
Nadir İsrafilov isə təhsildə mütəxəssis yanaşmasının önəmini qeyd edərək, innovasiya və ənənənin balanslaşdırılmasının əhəmiyyətini dilə gətirib.

Tədbir çərçivəsində panel müzakirələr, sual-cavab sessiyaları və şəbəkələşmə imkanları da təşkil olunub. Həmçinin iştirakçılara tərəfdaş təşkilatların nəşrləri, tədris materialları və məlumat kitabçaları təqdim edilib.

Sonda vurğulandı ki, “Təhsil Gələcəyimizdir” tədbiri yalnız bir platforma deyil, gələcəkdə təhsilin inkişafı üçün davamlı əməkdaşlıqların əsasını qoyacaq dəyərli bir addımdır.

Həsən Məmmədov

About Author