XƏBƏRLENTİ

xeberlenti.com

Şabranda güclü sel fəsadlar törədib – aidiyyəti qurumlar səfərbər olunub

16 aprel 2025-ci il tarixində yağan leysan yağışları nəticəsində Şabran rayonu ərazisində güclü sel hadisəsi baş verib. Təbii fəlakət bir sıra kəndlərdə ciddi fəsadlara səbəb olub. Sel nəticəsində sakinlərin evlərinə, təsərrüfatlarına, mal-qarasına və əkin sahələrinə böyük ziyan dəyib.

Zərər dəymiş ərazilər sırasında Borbor, Düzbilici, Xəlifələr və Əmirxanlı kəndləri xüsusilə qeyd olunur. Hazırda adıçəkilən kəndlərdə Şabran Rayon İcra Hakimiyyəti, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” ASC-lər və digər aidiyyəti qurumların əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Kəndlərdə elektrik enerjisi və qazın bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

İnsanlara dəymiş ziyanın miqyası müəyyənləşdirilir, faktlar araşdırılaraq qeydə alınır. Eyni zamanda, selin dağıtdığı yollar və yararsız hala düşmüş körpülərin bərpası istiqamətində intensiv işlər aparılır. Kəndlərə nəqliyyat əlaqəsi bərpa edilməyə çalışılır.

Məsələ ilə bağlı Xeberlenti.com-a açıqlama verən Şabran Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Orxan Kərimov bildirib ki, hazırda bütün qüvvələr hadisə yerində səfərbər olunub və fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sosial şəbəkələrdə yayılan görüntü və məlumatlar da fəlakətin miqyasını bir daha göstərir. Rəsmi qurumlar və FHN vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını tövsiyə ediblər.

Günay Atayeva

About Author