XƏBƏRLENTİ

xeberlenti.com

Çinə vizasız gediş-gəliş bizə nə vəd edir?

Aprelin 23-də Pekində Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub.

“Xeberlenti.com”xəbər verir ki, imzalanan sənədlər bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Mediada və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu isə Azərbaycan ilə Çin arasında vizasız gediş-gəlişin təmin edilməsi barədə saziş olub.

Məlumat üçün bildirək ki, Azərbaycan hələ ötən ildən bir il müddətinə Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edib. Belə ki, Çin vətəndaşları 2024-cü ilin 20 iyul tarixindən 2025-ci ilin 20 iyul tarixinədək 3 dəfə və hər girişdə 30 gün olmaqla Azərbaycana vizasız gələ bilirlər.
Onu da bildirək ki, Çin Azərbaycanın birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etdiyi yeganə ölkədir.

Bu gün imzalanan yeni saziş qüvvəyə mindikdən sonra Azərbaycan vətəndaşları da Çinə vizasız səfər edə biləcəklər.
Qeyd edək ki, Çin Azərbaycana ən çox məhsul idxal edən 2-ci ölkə olsa da, hər iki ölkənin qarşılıqlı səfərləri yüksək deyil. Bu ilin ilk 2 ayında Azərbaycana 5 377 Çin vətəndaşı səfər edib. Bu, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının ümumi sayının cəmi 1,6%-ni təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə, yəni Çin vətəndaşlarına viza tətbiq olunan dövrdə Azərbaycana 3 046 Çin vətəndaşı gəlib və bu da ölkəyə gələn əcnəbilərin cəmi 0,9%-ni təşkil edib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, viza rejiminin qaldırılması Çindən Azərbaycana gələnlərin sayını artırsa da, onların sayı digər ölkələrdən gələnlərlə müqayisədə az olub.

Bundan əlavə, Azərbaycan vətəndaşlarının Çinə səfəri də aşağı səviyyədə olub. Ötən il Çinə 10 602 nəfər Azərbaycan vətəndaşı gedib. Bu, xaricə səfər edən Azərbaycan vətəndaşlarının cəmi 0,5%-nə bərabər olub.

Ekspertlər iki ölkə arasında viza rejiminin qarşılıqlı ləğvinin ticarət dövriyyəsinə hansısa ciddi təsirinin olacağını proqnozlaşdırmırlar. Ticarət dövriyyəsinə təsir edən əsas faktor viza rejimindən çox, iki ölkə arasında mövcud olan gömrük rüsumlarının dərəcələri və digər gömrük prosedurlarıdır.

Ötən ilin ilk rübündə Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Çin olub və ümumi idxalda Çinin payı 20,4% olub. Azərbaycanın Çin vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsindən sonra – bu ilin ilk rübündə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi 2-ci ölkə olub. Ümumi idxalda isə Çinin payı azalaraq 17,7%-ə düşüb. Açıqlanan rəsmi statistika da onu göstərir ki, viza rejiminin ləğvi ticarət dövriyyəsinin artmasına birbaşa təsir göstərmir.

Ekspertlər hesab edirlər ki, Azərbaycan ilə Çin arasında qarşılıqlı vizasız rejimin tətbiqi iqtisadi deyil, ilk növbədə siyasi-strateji əhəmiyyətə malik bir addım kimi dəyərləndirilməlidir. Bu razılaşma Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən yüksək səviyyəli görüş və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması fonunda baş verib.

Qloballaşmadan qütbləşməyə keçid dövrünü yaşayan dünyada bu cür addımlar Azərbaycanın xarici siyasət kursunun təzahürüdür. Çin ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın regionda və daha geniş beynəlxalq arenada öz yerini müəyyən etməsi, həm də yeni dünya düzənində müttəfiqlərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Viza rejiminin aradan qaldırılması simvolik baxımdan ölkələrarası etimadın və qarşılıqlı açıq siyasi iradənin göstəricisidir.

Elnur Əli

 

About Author