XƏBƏRLENTİ

xeberlenti.com

Şəhidin övladları Türkiyədə qızıl və bürünc medal qazanıblar

Şəhid Əli Ələkbərovun qızı Nazlı Ələkbərzadə və oğlu Əkbər Ələkbərzadə Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasının (TİMO) final mərhələsində iştirak edərək qızıl və bürünc medal qazanıblar.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Nazlı Ələkbərzadə 18 ölkəni təmsil edən 1 399 iştirakçının mübarizə apardığı final mərhələsində bütün sualları düzgün cavablandıraraq, 100 faizlik nəticə göstərib və qızıl medal qazanıb. O, eyni zamanda fərdi göstəricilər üzrə dünya üçüncüsü olub.

Əkbər Ələkbərzadə isə final mərhələsində bürünc medal qazanıb.

Qeyd olunub ki, Nazlı Ələkbərzadə və Əkbər Ələkbərzadə martın 8-də Azərbaycanda təşkil olunmuş Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasının seçim turunda şəhid və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin III-XI siniflərdə təhsil alan 27 övladının iştirak etdiyi seçim turunda ən yüksək nəticə göstərərək qızıl və gümüş medallara layiq görülmüş və final mərhələsinə vəsiqə qazanmışdılar.

 

About Author