Ötən ilin statistik göstəricilərinə görə, Azərbaycanda dənli və dənli paxlalı bitkilərin əkin sahəsi 7,7% artsa da, bitkiçilik məhsullarının istehsalı cəmi 1,1% yüksəlib. Bu isə əkin sahələrinin genişlənməsinə baxmayaraq məhsuldarlığın aşağı olduğunu göstərir.
Bitkiçilik sahəsində məhsuldarlıq niyə aşağıdır?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Xaliq Məmmədov “Xeberlenti.com”a açıqlamasında bu geriliyin əsas səbəblərini təhlil edib, problemlərin həlli yollarını sadalayıb:
“Torpağa münasibət önəmlidir”
“Kənd təsərrüfatı istehsalçılarının torpağa münasibəti çox önəmlidir. Aidiyyəti dövlət qurumları bu məsələ üzərinə ciddi işləməlidir. Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı siyasəti təqdirəlayiqdir. Ölkədə torpaq islahatı aparılıb və nəticədə yeni təsərrüfatçılıq formaları meydana çıxıb. Azərbaycanda aqroparklara 2,2 milyard manatdan çox vəsait qoyulub. Çox nümunəvi təsərrüfatlar yaradılıb. Ölkədə iri kənd təsərrüfatı məhsulları istehsalçıları, böyük holdinqlər var. İstehsalçılar arasında çoxluq təşkil edən isə kəndli-fermer təsərrüfatlarıdır. Bunları ailə təsərrüfatı kimi də qəbul edə bilərik.
Vaxtilə islahat nəticəsində ailə fermer təsərrüfatlarına pay torpaqları verilib. Bu təsərrüfatçıların torpağa münasibəti və ondan istifadə qaydaları statistik rəqəmlər üzərindən ayrıca araşdırılmalıdır. Yəni hansı fermerin nə əkdiyi, nə zaman əkdiyi, hansı toxumdan istifadə etdiyi araşdırma tələb edir. Qanunvericiliyə görə kənd təsərrüfatında sertifikatlaşdırılmış toxumdan istifadə olunmalıdır. Bəs, rayonlaşdırılmış toxumlardan istifadə olunurmu? İqlimə, torpağa görə toxumların seçilməsi məsələsinə də diqqət edilməlidir”.
“Sudan səmərəsiz istifadə edilir”
X.Məmmədov suvarma ilə bağlı problemlərin olmasından, bunun məhsuldarlığa mənfi təsirlərindən söz açıb:
“Bizdə əsasən selləmə suvarma sistemindən istifadə olunur. Bu isə su resurslarının səmərəsiz istifadəsi deməkdir. Suyun bitkiyə vaxtında verilməməsi də problem yaradır. Su resurslarından səmərəsiz istifadə olunması nəticəsində də məhsuldarlıq aşağı düşür. Məhsuldarlığa təsir edən birinci amil aqrotexniki qulluq qaydalarıdır. Azərbaycanda çox mütərəqqi buğda təsərrüfatları var. Bu təsərrüfatlarda bir hektara 75-80 sentner, bəzi yerlərdə, məsələn, İsmayıllının İvanovka kəndində 90-95 sentner məhsul götürülür. Amma orta rəqəm bizdə 30-31 sentnerdir. Bu, dünya praktikasına görə, çox aşağı rəqəm sayılır. Odur ki, torpağa münasibət məsələsinə bütün mənalarda yenidən baxmalıyıq.
Azərbaycanda kənd təsərrüfatı subsidiyalaşdırılır. Amma burda da mübahisə doğuran məsələlər var. Subsidiyalardan necə istifadə olunur və o, fermerə zamanında verilirmi? Fermer bu gün torpağa azot gübrəsi verməlidirsə, amma subsidiya fermerin kartına yüklənməyibsə, fermer onu ala bilmirsə, torpağa lazım olan miqdarda verə bilmirsə, bu, təchizatçı şirkətlərlə fermerlər arasında uyğunsuzluq yaradır. Bu da ciddi problemdir”.
“Ölkədə gübrə çatışmazlığı var”
Ekspert qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq Rusiya mənşəli gübrələrdən istifadə olunur:
“Bizdə fosfor, kalium və azot gübrələri işlədilir. Mikro elementlərdən demək olar ki, çox az istifadə olunur. Əsasən də maye gübrələrə münasibət çox aşağıdır. Bu, xüsusi maarifləndirmə tələb edən işdir. Bu gün istifadə edilən amafos gübrəsi Rusiyada istehsal olunur. Onun qiyməti çox bahadır və idxalı da xeyli çətinləşib. Demək olar ki, bu gün ölkədə gübrə çatışmazlığı var. Nitroammofoska gübrəsinin də idxalında çətinlik yaranıb və qiymətləri də çox yuxarıdır. Fermer onu alıb torpağa verə bilmir. Rusiya-Ukrayna münaqişəsi fonunda logistika sahəsində və gübrə istehsalında ciddi problemlər var. Gübrə bahalaşıb. Nəticədə ölkədə 1 hektara verilən subsidiya qiymət artımı ilə uyğunsuzluq təşkil edir. Bu məsələyə də baxılmalıdır”.
“Maye gübrədən istifadə olunmalıdır”
X.Məmmədov fermerlərin maarifləndirilməsinin aşağı səviyyədə olduğunu vurğulayıb:
“Aqrotexniki qaydaların dünya praktikasına uyğun aparılması üçün fermerlərin lazımi bilik səviyyəsinin olmaması vacib problemlərdəndir. Bu gün fermer torpağa 200 kiloqram amafos verirsə, bu, təqribən 274 manat edir. Amma, məsələn, maye gübrədən istifadə etsə və bir hektara 3 litr maye gübrə versə, onun xərci təqribən 86 manat olacaq. Belə olduqda bir hektara düşən məhsulun maya dəyəri aşağı enir. Maye gübrənin tərkibində mikroelementlər və ya xeyirli bateriyalar olduğu üçün bitkidə yarpaqdan gübrələmə vasitəsilə daha yaxşı mənimsəmə gedir. Maye gübrələrdən istifadə həm torpağın, həm bitkinin, həm də ekologiyanın qorunmasına gətirir”.
“Fermerlərin gəliri azdır”
“Daha bir önəmli məsələ bizdə dənli və dənli paxlalı bitkilərin ixracına qoyulan müvəqqəti qadağadır. Əvvəllər Azərbaycan fermerinin bir sıra ölkələrə arpa ixrac etmək imkanı var idi. Amma indi müvəqqəti olaraq ixraca qadağa qoyulduğu və Rusiyadan idxal payı çox olduğu üçün qiymətlər aşağıdır. Fermer arpa və ya buğda istehsal etməyə çox da maraqlı deyil. O, istehsal etdiyini maya dəyərinə və ya ona yaxın bir qiymətə satır. Nəticədə gəlir əldə etmədiyi üçün bu istehsal ilə ciddi formada məşğul olmağa həvəs göstərmir”, – deyə X.Məmmədov əlavə edib.
Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən “Xeberlenti.com” açıqlamada isə qeyd edilib ki, 2024-cü il mövsümündə ölkədə yalnız buğda və arpa nəzərə alınmaqla 971,4 min hektar taxıl sahəsinin 964,9 min hektarında, yəni 99,3%-də biçin aparılıb:
“Biçilmiş sahələrdən 2 913,9 min ton məhsul istehsal olunub. Taxıl üzrə orta məhsuldarlıq 30.2 sen/ha təşkil edib. 2024-cü ildə istehsal olunan məhsulun həcmi 2023-cü illə müqayisədə 13,3 min ton (2023-cü il – 2 900,6 min ton, artım 0.5%) çox olsa da, iqlim şəraitinin taxıl istehsalı prosesi dövründə əlverişsiz olması səbəbindən 2023-cü illə müqayisədə məhsuldarlıq 2,1 sentner azalıb. (2023-cü ildə hektardan məhsuldarlıq 32,3 sentner təşkil edib)”.