XƏBƏRLENTİ

xeberlenti.com

Pakistan hava məkanını Hindistana bağladı

Pakistan hava məkanını Hindistan və Hindistana məxsus aviaşirkətlər üçün bağlayıb.

“Xeberlenti.com” xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərar Pakistan Milli Təhlükəsizlik Şurasının mübahisəli Cammu və Kəşmir bölgəsinin Hindistan hissəsində baş vermiş terror aktına Yeni Dehlinin reaksiyası ilə bağlı keçirilən iclasının yekunları üzrə qəbul edilib.

Bununla yanaşı, Pakistan Hindistanla sərhəddə yerləşən “Vagah” sərhəd-keçid məntəqəsini də bağlayıb.

Qeyd edək ki, aprelin 22-də silahlı şəxslər məşhur turizm şəhəri olan Pahalqamda vətəndaşlara atəş açıblar. Hadisə nəticəsindıə 25 Hindistan vətəndaşı və bir Nepal vətəndaşı həlak olub. Həmçinin, çoxlu sayda yaralı var. Hücum edənlər qaçmağa müvəffəq olub.

Hindistanın “The Times of India” qəzetinin Hindistan kəşfiyyatındakı mənbələrə istinadla verdiyi məlumata görə, hücumu Pakistanda yerləşən “Ləşkər-e-Taibə” radikal qruplaşmasının təxribat qanadı olan Müqavimət Cəbhəsinin yaraqlıları həyata keçirib.

Aprelin 23-də Hindistan transsərhəd terrorizmə dəstək verdiyi iddiası ilə Pakistanın Yeni Dehlidəki səfirliyinin müdafiə, dəniz və hava qüvvələri müşavirlərini “persona non qrata” elan edib.

Yeni Dehli, həmçinin Cənubi Asiya Regional Əməkdaşlıq Assosiasiyasının vizadan imtina sxemi çərçivəsində bəzi kateqoriyalı yüksək vəzifəli məmurlara verilən xüsusi səyahət sənədləri ilə Pakistan vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Xatırladaq ki, Kəşmir 1947-ci ildə Britaniya Hindistanı müstəqillik əldə etdikdən sonra dini zəmində iki dövlətə bölündüyündən bəri Hindistan və Pakistan arasında mübahisə predmeti olub. Kəşmirdə dövlət sərhədi yoxdur; onun ərazisi Nəzarət Xətti ilə bölünür. Hindistan hissəsində ölkədən ayrılmağı müdafiə edən fəal qruplar var. Yeni Dehli qonşu Pakistanı ekstremistləri dəstəkləməkdə ittiham edir, İslamabad isə bu ittihamı rədd edir.

 

About Author