Rusiya Suriyanın yeni hökumətinin Rusiyadakı devrilmiş prezident Bəşər Əsədin ekstradisiyası tələbindən imtina edib.
“Xeberlenti.com” xəbər verir ki, bunu Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa aprelin 23-ü çərşənbə günü “The New York Times”a (NYT) qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu tələb yanvar ayında Rusiya hakimiyyətinə çatdırılıb.
Digər tərəfdən, bu məsələ fevral ayında Əhməd Əl-Şaraa və Vladimir Putin arasında telefon danışığı zamanı da qaldırılıb.
NYT yazır ki, imtinaya baxmayaraq, Suriyanın yeni administrasiyası Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil və Suriya hakimiyyəti Kremllə danışıqlara açıq görünür.
“Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Suriyanın silahları tamamilə Rusiya istehsalıdır. Və Suriyanın uzun illərdir arxalandığı qida və enerji təchizatı ilə bağlı çoxlu razılaşmalar var”, – deyən əl-Şaraa hökumətinin Suriyanın bu maraqlarını nəzərə aldığını vurğulayıb.
Nəşr xatırladıb ki, Suriyada dağıdıcı vətəndaş müharibəsi zamanı Moskva Əsəd rejimini dəstəkləmək üçün ölkəyə təyyarələr, gəmilər, qoşunlar və hərbi məsləhətçilər göndərib.
“İndiyə qədər başqa ölkələrdən Suriya silahlarını əvəz etmək üçün heç bir təklif almamışıq”, – deyən əl-Şaraa əlavə edib ki, ölkəsinin yenidən Rusiyanın dəstəyinə ehtiyacı ola bilər.
Qeyd edək ki, Bəşər Əsədə 2024-cü ilin dekabrında Rusiyada siyasi sığınacaq verilib.