Şair Firuzə Məmmədli “Xeberlenti.com”-un “Əsrin yaşıdı” layihəsində
Layihənin üçüncü yazısı
Dosye: Şair, tərcüməçi, ədəbiyyatşünas, publisist Firuzə Məmmədli 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil alıb, 1964-1968-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür “Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1995-ci ildən AYB-nin Həmkarlar Komitəsinin sədridir.
Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun “Dostluq” qəzetində çıxan “Ay həkim” adlı şeiri ilə başlayıb.
AYB-nin ikinci mərtəbəsinin pillələrini qalxıb dayanmışam. Təngnəfəsəm. Zəhrimara qalmış siqareti söyürəm və fikirləşirəm, mən heç, ildə bir, uzağı iki dəfə Birliyə gələm, ya gəlməyəm, bəs görəsən, müsahibim bu pillələri necə qalxır? Lift varsa da, hər halda, birinci mərtəbədə deyil, liftə qədər də pillələri çıxmaq lazımdır. Əlqərəz, zala keçib ilk gördüyüm adamdan Firuzə xanımı soruşmağıma bəndəm. Elə bil elçi daşının üstündə oturub yolumu gözləyirmiş. Məni görcək kadrlar şöbəsinin otağına ötürür. Firuzə xanım da burada hazır dayanıb. Otağa girər-girməz soruşuram: