XƏBƏRLENTİ

xeberlenti.com

“Təhsil ekspertindən ciddi çağırış: Məktəb psixoloqları sertifikasiyadan KEÇMƏLİDİR”

Məktəb mühitində psixoloji sağlamlığın qorunması və şagirdlərin sosial-emosional inkişafına dəstək göstərilməsi bu gün təhsil sisteminin prioritet istiqamətlərindən birinə çevrilib. Bu kontekstdə məktəb psixoloqlarının rolu danılmazdır. Lakin bu vacib və məsuliyyətli peşə sahiblərinin peşəkar səviyyəsinin ölçülməsi və sistemli şəkildə inkişaf etdirilməsi üçün sertifikasiyaya cəlb olunması məsələsi gündəmə çevrilir.

Mövzu ilə bağlı “Xeberlenti.com”-a danışan TİHA sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, psixoloqların sertifikasiyadan keçirilməsi onların müasir metod və yanaşmalara nə dərəcədə bələd olduğunu müəyyən etməyə imkan verir.

“Sertifikasiya yalnız bilik yoxlaması deyil, eyni zamanda məsuliyyət və keyfiyyətə dair bir göstəricidir. Bu proses həm də psixoloqlara öz bilik və bacarıqlarını təkmilləşdirmək, müasir təhsil psixologiyasının tələblərinə uyğunlaşmaq imkanı yaradır.

Eyni zamanda məktəb psixoloqları yalnız şagirdlərlə deyil, həm də müəllimlərlə, valideynlərlə və məktəb rəhbərliyi ilə işləyən, sistemin müxtəlif qatlarını əhatə edən mütəxəssislərdir. Onların peşəkar hazırlıq səviyyəsi zəif olduqda bu, bütövlükdə təhsil mühitinə mənfi təsir göstərə bilər. Sertifikasiya bu riskin qarşısını almağa xidmət edir.

Ekspert vurğulayıb ki, sertifikasiya psixoloq peşəsinə olan etimadı və ictimai nüfuzu artırır:

“Cəmiyyət psixoloqun səlahiyyətinə və biliklərinə daha çox güvənməyə başlayır. Bu isə həm uşaqların, həm də valideynlərin psixoloji dəstəyə daha açıq və inamlı yanaşmasına gətirib çıxarır.

Sertifikasiya təkcə nəzarət aləti deyil, həm də inkişaf vasitəsidir. Bu prosesi sadəcə yoxlama kimi deyil, həm də davamlı təkmilləşmə və peşəkar inkişafa dəvət kimi qəbul etmək lazımdır.

Bu səbəbdən məktəb psixoloqlarının sertifikasiyaya cəlb edilməsi Azərbaycan təhsilində keyfiyyətin və etimadın artmasına mühüm töhfə verəcək bir addımdır. Bu yanaşma bütövlükdə psixoloji xidmətlərin təkmilləşdirilməsinə, daha sağlam təhsil mühiti formalaşdırılmasına səbəb olacaq.”

O qeyd edib ki, bu çağırış 2018-ci il 5 iyul tarixində imzalanmış 164 nömrəli Fərmanın 1.1.2-ci yarımbəndinin icrasına uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” ilə də uzlaşır:

“Həmin sənəddə məktəb psixoloqlarının fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, eləcə də onların təhsil mühitindəki rolu aydın şəkildə müəyyən olunub. Xidmətin əsas hədəfləri arasında təhsilalanların psixoloji rifahının qorunması, təhsil mühitində sağlam münasibətlərin təşviqi, riskli davranışların qarşısının alınması və peşəyönümü istiqamətində dəstək göstərilməsi xüsusi yer tutur”.

Ekspert əlavə edib ki, sənəddə psixoloqların sertifikasiyası və peşəkar inkişaf mexanizmləri öz əksini kifayət qədər sistemli şəkildə tapmayıb:

“Buna görə də təklif edirəm ki, psixoloqlar üçün mütəmadi sertifikasiya prosesləri tətbiq edilsin, psixoloji xidmətlərin effektivliyi monitorinq və qiymətləndirmə sistemləri ilə dəstəklənsin, peşəkar inkişaf üçün resurs və təlim imkanları genişləndirilsin və məktəb psixoloqları arasında əməkdaşlıq şəbəkələri və bilik mübadiləsi təşviq olunsun.

Bu yanaşma təkcə hüquqi sənədə əsaslanmaqla kifayətlənməyəcək, həm də real ehtiyaclara cavab verən funksional bir sistemin qurulmasına xidmət edəcəkdir.”

Həsən Məmmədov

About Author