“Səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş hazırlamaqdan bir kəlmə belə danışan yoxdur”.
Bu sözləri “Xeberlenti.com”a təhsil eksperti Nadir İsrafilov qeyd edib.
Ekspertin sözlərinə görə, ali məktəb sevdası, indiki qədər diplomçu olmaq predmetinə çevrilməmişdi:
“Sanki, bu gün təhsilin vəzifəsi elə, təkcə imtahan keçirməkdən və yüksək “bal toplamaq uğrunda yarışa” qoşulmaqdan ibarət imiş. Hər il buraxılış və ya qəbul imtahanları başlayar-başlamaz dərhal başlayırıq ki, “Buraxılış imtahanı ilə bağlı vacib açıqlama – Nələr dəyişib?”, Keçid balları qalxacaq, enəcək?”, ” Qəbul imtahanları çətinləşəcək?”, ”Bu ilki buraxılış imtahanında nəticələr ötən ildən uğurludur?”, “DİM sualların ağırlıq dərəcəsini süni şəkildə dəyişir?”, “700 bal yığanların sayı qəsdən azaldılır?”, “200-dən çox bal toplayanlar tələbə adını qazana biləcək?” və s. və i.a bu kimi təhlillər aparmağa, “Nostradamus sayağı” proqnozlar irəli sürməyə, populist açıqlamalar, pafoslu bəyanatlar verməyə…Hələ bir yandan da, blok imtahanları, nə bilim, altqrup, üstqrup imtahanları, MİQ, DİQ, yerdəyişmə daha nələr, nələr… Belə çıxır ki, təhsilin vəzifəsi elə təkcə imtahan keçirməkdən, təhsilalanı və təhsil verəni yerli-yersiz sınağa çəkməkdən ibarət imiş.
Axı, biz də məktəbə getmişik, qayğısız uşaqlıq həyatı keçirmişik, əkavə hazırlıq nə olduğunu bilməmişik, repetitor, marker, bloqqer, tiktoker, yutuber və digər filankəslər barədə anlayışımız belə olmayıb. Dərs oxumaqdan başqa əlavə məşğuliyyətimiz dərsdən sonra maraqlarımız üzrə fakultativ məşğələlərə və dram, musiqi, və s. bu kimi öz fəaliyyət üzrə dərnəklərə getmək olub.Ali məktəbə daxil olmaq barədə yalnız buraxılış siniflərində qərara gəlmişik. Hər kəs meyl marağına görə sənədlərini ali təhsil müəssisəsinə verib.
Müəllim olmaq arzusunda olanlar o zaman APİ adlanan indiki ADPU-ya, həkim olmaq istəyənlər AMİ adlanan ATU-ya, mühəndisliyi seçənlər də Politexnik adlanan AzTU-ya üz tutublar. Bizə orta məktəbdə nə öyrədiblərsə, qəbul imtahanında da onu soruşublar. Birinci il qəbul olmayalar, ikinci dəfə, ikinci dəfə qəbul olmayanlar üçüncü dəfə cəhd edərək məqsədlərinə çatıblar.
Digərləri bilik, bacarıq və səviyyələrini nəzərə alaraq, texniki peşə məktəblərinə üz tutaraq, cəmiyyətə yararlı peşə sahiblərinə çevriliblər. Bir çox məzunlar isə hərbi xidmətlərini başa vurduqdan sonra istehsalatın müxtəlif sahələrində çalışaraq özlərinə uğurlu karyera qurublar. Ali məktəb sevdası, indiki qədər diplomçu olmaq predmetinə çevrilməmişdi. Halbuki, o qədər də uzaq olmayan keçmişimizdə diploma sahiblənməyənlər bu dərəcədə hörmətsiz və nüfuzsuz vəziyyətə salınmamışdı. Müəllimin nüfuzu isə bu dərəcədə sarsılmamışdı. Bir vaxtlar bizdən imtahan götürənlər hazırda bizə imtahan verənlərə çevrilib. Ali məktəblərə daxil ola bilməyənlər isə özünə qapılanlara, intihara cəhd edənlərə.
Vəziyyətdən çıxış yolunu yeni islahat aparmaqda gördük. Elə ondan başlayaq ki, təhsilimizin son onilliklərdə səngimək bilməyən, bir növ problem xarakteri alan yeniliklərindən biri kimi kifayət qədər müddət keçməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər də nə şagirdlər üçün, nə də müəllimlər üçün hələ də problem yaratması iddia olunan kurrikulum konseptual sənədini qəbul etdik. Kurikulumu təhsildə tətbiq etməmişdən əvvəl müəllimləri bu sistemə ciddi şəkildə hazırlamadıq.
Halbuki, bu islahatların əsas məqsədi “cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməklə, təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması idi.
Başqa sözlə, ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq, müasir kurrikulumun şəxsiyyətyönümlü, əvvəlki kimi müəllim yönümlü deyil, şagird yönümlü,fənyönümlü deyil, nəticə yönümlü, təklif yönümlü deyil, tələb yönümlü olması, ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqənin məqsədyönlü və sistemli xarakter daşımaması, müasir kurrikulumda isə inteqrativliyin əsas prinsip kimi qəbul olunması və digər bu kimi fərqləndirici xüsusiyyətlər öz əksini tapmışdı.
Gözlənilən nəticə isə ondan ibarət olmalı idi ki, təlim-tərbiyənin məzmunu təhsil alanların imkanlarına uyğun, dövlətin, ictimaiyyətin və şəxsin tələbatı əsasında qurulacaq. Təhsilin dinamik inkişafını və yüksək keyfiyyətini, şəxsiyyətin və cəmiyyətin tələbatını təmin edən, dövlət və ictimaiyyətin birgə fəaliyyətininin səmərəli əlaqələndirilməsini tənzimləyən idarəetmə sistemi yaradılacaq”.
“Kurikulumla bağlı növbəti müzakirələrə, polemika və debatlara yeni modelə uyğun ali məktəblərə qəbul formatının dəyişməsi nəticəsində 700 ballıq nəticə göstərənlərin sayını sıfıra bərabər olması zəmin yaratdı”,-deyə həmsöhbətimiz fikrinə əlavə edib:
“Ən yuxarı nəticənin olmaması ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bir qisim kurikulum sistemini, digər qisim yeni qəbul formatını günahlandırdı. 700 bal məsələsi ətrafında kifayət qədər ajiotaj yaradıldı. Bir çoxları bunu kurikulumun tətbiqinin uğursuzluğu kimi dəyərləndirdi. Halbuki, kurikulumun məqsədi heç də ümumtəhsil məktəbi qarşısında ali məktəbə tələbə hazırlamaq vəzifəsi qoymayıb və təhsilə dair digər hüquqi-normativ sənədlərdə də belə bir zərurət tələbli məcburi göstəriş yoxdur.
Baxmayaraq ki, ümumtəhsil məktəbinin vəzifəsı təkcə təhsil alanların zəruri biliklərə və həyati bacarıqlarla yiyələnməsini təmin etmək deyil, eyni zamanda milli-mənəvı və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını təmin etməkdən ibarətdir.
Bununla belə biz yenə də təhsilimizdə bilik faktorunu əsas götürərək, məktəblərimizin fəaliyyətini yalnız bilik göstəriciləri ilə- neçə şagirdin ali məktəbə daxil olması, neçəsinin yüksək bal toplaması, medal qazanması, müxtəlif olimpiada qalibi olması, təqaüdlə rəğbətləndirilməsi, bir sözlə bilik nümayişı ilə ölçürük. Heç də əbəs yerə deyil ki, “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun inkişaf etdirilməsi birinci istiqamət kimi nəzərdə tutulmuşdur. İstənilən halda təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir. Bunun üçün isə ilk növbədə “mentalitet” adlandırdığımız düşüncəmizdə korrektə işləri aparılmalıdır.
Bir də ki, təkcə bu deyil. Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?,Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqı baza yaradıldımı?,Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?,Təhsil sisteminin idarə olunmasinda inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?,İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?, İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?, Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü? Funksiyaların yuxaridan aşağıya paylanması prosesi reallaşdımı?, Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?, Əsas hədəf təhsil verənə və alana yönəldimi?, Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?, Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?,Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?,Təhsilin inhisarsızlaşdırılması baş verdimi? və s.Mövcud vəziyyəti normal hala salmaq üçün bu suallara cavab axtarmalıyıq”.