XƏBƏRLENTİ

xeberlenti.com

İş adamı Əhədpurun şirkəti qazi ailəsinin 8 min manatını niyə ödəmir?- Ədliyyə Nazirliyindən açıqlama

Xəbər verdiyimiz kimi “Xeberlenti.com” MMC ölümlə nəticələnən qəzaya görə 8 min manat təzminat ödəməlidir. Bu barədə məhkəmənin qərarı olsa da 2 ilə yaxındır icra edilmir.

Məhkəmə qərarının icra edilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanlamışdıq.

Nazirlikdən Musavat.com-a bildirilib ki, vətəndaş məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə Ədliyyə Nazirliyinə müraciət edə bilər. Nazirlikdən qeyd edilib ki, vətəndaşın müraciəti aidiyyəti üzrə araşdırılacaq və müvafiq cavab veriləcək.

Onu da əlavə edək ki, vətəndaş məhkəmə qərarının icra edilməməsi ilə bağlı Ədliyyə Nazirliyinə bir neçə dəfə müraciət edib.

Vətəndaşı narazı salan həmin hadisə və məhkəmənin icra edilməyən qərarı haqda…

Şabran sakini olan Məmmədtağıyevlər ailəsi bir neçə il əvvəl Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır qəzaya düşüb.

Qəza nəticəsində 34 yaşlı Mehrab Məmmədtağıyev, onun həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, onların 7 və 6 yaşlarında iki qızları yaralanıb, Yusif adlı 8 aylıq daha bir övladları isə qəza zamanı ölüb.

Mehrab Məmmədtağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili nasazlığa görə yolun kənarında saxlayıb. Bu zaman ətrafda iki yük maşını – Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”la Niyaməddin Kərimovun sürdüyü “KamAZ” toqquşub. Zərbənin təsirindən “KamAZ” gəlib içində ailənin olduğu avtomobilə çırpılıb. Nəticədə Məmmədtağıyevlər ailəsinin başına belə bir faciə gəlib.

Araşdırmalardan sonra istintaqçılar belə nəticəyə gəlib ki, qəzanın baş verməsinə görə təqsirkar Müstəcəb İsgəndərovdur. O, cinayət məsuliyyətinə cəlb edilib. Onun idarə etdiyi yük maşını isə “Aztikintiyol” MMC-yə məxsus olub. Hadisə də şirkətin yükünü daşıdığı vaxt baş verib.

Bu üzdən Ofelya Məmmədtağıyeva şirkətə qarşı təzminat tələbilə iddia qaldırıb. Zərərçəkmiş deyir ki, qəza nəticəsində onun ailəsinə həm maddi, həm də ağır mənəvi zərər dəyib, övladını itirib. Buna görə isə sürücü ilə yanaşı, şirkət də məsuliyyət daşıyır.

Onun sözlərinə görə, “Aztikintiyol”a qarşı 40 min manat təzminat tələbilə məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını qismən təmin edib. Şirkətin üzərinə zərərçəkmiş ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoyub:

“Bu qərarın qəbulundan bir il dörd ay vaxt keçir, amma indiyə qədər icra olunmayıb. Kağız üzərində qalıb. Şirkət bu kiçik məbləğdə təzminatı da ödəmək istəmir. Dəfələrlə qərarın icrası üçün məhkəmə icraçılarına da müraciət olunub. Onlar da deyir ki, bu şirkətlə bağlı başqa məhkəmə qərarları da var. O qərarlar da icrasını gözləyir. Bu, nə deməkdir? Vəkillərlə məsləhətləşmişik, deyirlər ki, insanların həyatı, sağlamlığıyla bağlı məsələlərə üstünlük verilməlidir”.

O da məlum olub ki, şirkətin nümayəndəsi təzminat tələbilə qaldırılmış məhkəmədə də iştirak etməyib və bu prosesə etiraz da göndərməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən, “Aztikintiyol” MMC-nin mülkiyyətində 85 nəqliyyat vasitəsi və yarışqoşqular var.

“90-a yaxın maşını olan şirkət 8 min manatı ödəyə bilmir? Ya da ödəmək istəmir”, – şikayətçi deyir.

“Aztikintiyol” MMC 29 mart 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Mənüçöhr Əhədpur Xangah Əli oğludur.  İran əsilli Əhədpur Xangah tanınmış iş adamıdır. Onun şirkəti uzun illərdir Azərbaycanda tikinti sahəsində milyonlarla dəyəri olan dövlət layihələrinin icrasını həyata keçirib.

Məmmədtağıyevlər hərbçi ailəsidir, zaman-zaman müxtəlif bölgələrdə yaşayıblar. Mehrab Məmmədtağıyev Vətən müharibəsi iştiraçısıdır.

Qeyd etdiyimiz kimi adı çəkilən şirkət illərdir Azərbaycanda milyonlarla manat dəyəri olan layihələri icra edib. Hazırda şirkətin balansında milyonlarla manat dəyəri olan əmlakı, texnikası, nəqliyyat vasitələri var. Amma şirkət Azərbaycanda çıxarılan məhkəmə qərarını icra etmir. Heç məhkəməyə nümayəndə də göndərmir.

About Author