Ukrayna və ABŞ nadir torpaq metallarına dair saziş imzalayıb.
“Xeberlenti.com” xəbər verir ki, bu barədə Amerikanın “Bloomberg” agentliyi sazişin şərtləri ilə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, saziş ABŞ-yə Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, qrafit, neft və təbii qazın işlənməsi üçün yeni investisiya layihələrinə imtiyazlı çıxış imkanı verəcək.
Mənbə əlavə edib ki, Ukrayna sazişin təfərrüatlarını razılaşdırıb sonra imzalamağı planlaşdırıb. Bununla belə, Amerika tərəfi bütün komponentlərin eyni vaxtda razılaşdırılmasında təkid edib.
Digər tərəfdən, Ukrayna baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko da Kiyevin Vaşinqtonla mineral ehtiyatlara dair saziş imzaladığını təsdiqləyib.
O qeyd edib ki, resurslara tam sahiblik və nəzarət Ukraynada qalır və fond bərabər əsaslarla idarə olunacaq.
Razılaşmada həmçinin Ukraynanın ABŞ qarşısında borc öhdəliklərinə dair heç bir söz yoxdur.
Nazir qeyd edib ki, saziş vergi zəmanətlərini nəzərdə tutur: fondun gəlirləri və töhfələri nə ABŞ-də, nə də Ukraynada vergiyə cəlb edilmir.
Sazişin imzalanmasını ABŞ Prezidenti Donald Tramp da təsdiq edib. O bu barədə Ağ Evin “YouTube” kanalında yayımlanan kabinet iclasında deyib.
Tramp əlavə edib ki, saziş təkcə ABŞ üçün yox, Ukrayna üçün də faydalıdır. Onun sözlərinə görə, bu, Amerikanın ölkədə mövcudluğunun təmin olunması ilə bağlıdır ki, bu da öz növbəsində “bir çox arzuolunmaz aktyorları ölkədən uzaqlaşdıracaq”.
Qeyd edək ki, bir gün əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal Vaşinqton və Kiyevin yaxın vaxtlarda nadir torpaq metalları ilə bağlı saziş imzalayacağını bəyan etmişdi