Mayın 2-3-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II Tibb Konqresi və Özbəkistan Kardioloqlarının Respublika Konfransı keçirilib. Beynəlxalq əhəmiyyətli tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və institutun elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev təmsil ediblər.
Konqres çərçivəsində ölkəmizin nümayəndələri elmi çıxışlarla çıxış edib, Azərbaycanın səhiyyə sistemində həyata keçirilən islahatlar, tibbi təhsil və kardiologiya sahəsində fəaliyyət göstərən elmi-tədqiqat mərkəzlərinin rolu barədə məlumat veriblər. Alimlər müasir tibbi müalicə üsullarının araşdırılması və bu sahədə əldə edilən nailiyyətlərin önəmini vurğulayıblar.
Tədbir çərçivəsində Azərbaycan və Özbəkistan arasında kardiologiya sahəsində əməkdaşlığa dair memorandumun imzalanması da həyata keçirilib. Sənəd ölkələr arasında elmi, tədris və praktik mübadilənin inkişafına zəmin yaradacaq.
Çıxışlarda, həmçinin ölkəmizdə uğurla tətbiq olunan icbari tibbi sığorta sisteminin tibbi-sosial həyata müsbət təsirləri və onun əhalinin sağlamlıq xidmətlərinə çıxış imkanlarını artırması xüsusi qeyd olunub.
Tədbirdə ŞƏT ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinin, xüsusilə kardiologiya kimi ixtisaslaşmış sahələrdə təcrübə və bilik mübadiləsinin əhəmiyyətinə diqqət çəkilib.
Qeyd olunub ki, Azərbaycanda TAVİ (transkateter aortal klapan implantasiyası) kimi yüksək texnologiyalı kardioloji əməliyyatlar uğurla həyata keçirilir və bu istiqamətdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə təlim və kurslar davam etdirilir.
Xeberlenti.com