XƏBƏRLENTİ

xeberlenti.com

Nadir İsrafilov: “Təhsil Yaddaşı Doldurmaq Yox, Tərəqqiyə Yol Açmaqdır”

İstər intellektual ol – həyata hazır deyilsənsə, boşuna vaxt keçirmisən.
Antik filosoflardan başlayaraq, postmodernistlər də daxil olmaqla, müasirlərimizə qədər əbəs yerə deməyiblər ki, təhsil hər hansı bir həyat situasiyasında düzgün hərəkət etmək bacarığıdır” ; “Düşüncəsiz təhsil hədər zəhmətdir” ; “Fitri ağıl hər hansı bir təhsili  əvəz edə bilər, amma heç bir təhsil fitri ağlı əvəz edə bilməz” ; “İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır” ; “Təhsil yaddaşı doldurmaq deyil, beyini inkişaf etdirməkdir.”; “Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” ; “Mükəmməl təhsil almaq heç də mükəmməl həyat fəlsəfəsinə yiyələnmək demək deyil.” ;  “Nəzərdə tutduğumuz elm, həqiqəti bilməkdir. Yoxsa oxumuş olanlardan ən böyük cahillər çıxdığı kimi, heç oxumaq bilməyənlərdən də həqiqəti görən gerçək alimlər çıxa bilər.” və s. və i.a. Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik, ümumiyyətlə yiyələnmişikmi? Bax, məsələnin əsl mahiyyəti elə bundadır.
Yaddaşdan təfəkkürə, hafizə məktəbindən təfəkkür məktəbinə keçiddən danışırıq,”Bizim təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər var. Çünki biz heç vaxt buna fokuslanmamışıq” kimi rəsmi açıqlamalar veririk. Elə isə niyə görə hələ də yaddaşı doldurmaqda davam edirik, niyə oxuyub-anlama bacarıqlarına fokuslanmırıq? Kimi gözləyirik…? Axı, tədrisin məqsədi təkcə öyrətmək deyil, həm də öyrənməyi öyrətmək və öyrənmək imkanı yaratmaqdır. Belə yüklü tədris planları və təhsil proqramları ilə nəyisə öyrənmə imkanı yaranacaqmı?

Baxmayaraq ki,  təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəminində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qaneedici diqqət yetirilmir.

Uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər, narazılıqlar və narahatlıqlar nə dünənin, nə də bu günün məsələsi olmayıb, uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də hələ ki, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır. Məsələ ondadır ki, məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf etmək zərurəti qarşısında qalıblar. Bu məsələdə qarşılıqlı ittihamlara da yol verilməmiş deyil.

Bununla belə bir mühüm məqama da etinasız yanaşırıq ki, uşaqları ifrat dərəcədə yükləməklə əslində onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Bəzi müəllim və valideynlərin uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi problemə kökündən yanlış mövqedən yanaşmadır. Uşaqların dərs yükünün optimallaşdırılması üçün müəllimlərlə işləməzdən və valideynlərə izah etməzdən əvvəl proqramları yüngülləşdirməli, dərslikləri gələcək üçün lazımsız materiallardan azad etməliyik. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır.

Sözüm heç də onda deyil və müasir gəncliyin  daha məlumatlı olması da hər hansı bir mübahisə obyekti ola bilməz. Bəli, istəsək də istəməsək də qəbul etmək, zorundayıq ki, müasir gənclik bizlərlə – yaşlı və orta nəslin nümayəndələri ilə müqayisədə daha çevik və daha məlumatlıdır. Çünki, onların sərəncamında bizim dövrümüzdən fərqli olaraq, daha çox texnoloji resurslar, informasiya daşıyıcıları var. Lakin, gəlin aydınlaşdırmağa çalışaq və baxaq görək ki, məlumatlı olmaq daha önəmlidir, yoxsa savadlı olmaq və ya digər bilikli, səriştəli, istedadlı, intellektual və təhsil leksikonumuzda olan digər bu kimi kateqoriyalar…

Belə bir nəticə hasil olacaq ki, məlumatlı, bilikli, səriştəli, istedadlı, intellektual olmaq, hələ heç də savadlı olmaq demək deyil. Yəni, hər hansı bir xalqın savadlılıq indeksi savadlıların sayı ilə ümumi əhalinin sayı arasındakı nisbətlə ölçülür. Elə isə, bu kateqoriyaların hər birinin məzmun və mahiyyətini ayrı-ayrılıqda nəzərdən keçirək. Məlumatlılıq nədir? Müəyyən sahələr üzrə müxtəlif informasiya daşıyıcılarından müvafiq informasiyalara yiyələnmək. Bəs bilik? Bilik insanın  real vəziyyətə faktlar və rasional dəlillərlə əsaslandırılmış inamdır. Başqa sözlə, bir şəxsin biliyi problemi həll etməyə imkan verən məlumatlara sahib olmasıdır. Səriştə isə adətən bir işə bələdlik, bir işi bacarma, təcrübə, bacarıq kimi qəbul olunur. İstedada isə adətən uğur əldə etmək imkanı verə bilən fitri qabiliyyət, bir şeyi tez mənimsəmə bacarığı kimi izahlar verilir. O ki, qaldı intellektuala buna ən uğurlu tərifi amerikalı linqvist, filosof, tarixçi və politoloq Noam Çomski verib: “Sadəni mürəkkəbləşdirmək intellektualın sevimli oyunudur: nə qədər anlaşılmaz olsa, bir o qədər yaxşıdır.”

Göründüyü kimi ən sadə və primitiv izah savada verilib: Oxu və yazı bacarıqlarına yiyələnmək, yəni yazı-pozunu bilirsənsə – savadlısan. Halbuki, bu təməl daşı olan “yazı-pozu” bacarığına mükəmməl yiyələnməklə insanın gələcək inkişafına geniş yol açılır. Bu təməl əsasında kitaba, yazıya, onun vasitəsi ilə klassik və müasir ədəbiyyata, tarixi yazılı mənbələrə, arxiv sənədlərinə, bir sözlə insan zəkası ilə ərsəyə gələn bütün elmi-kütləvi mənbəələrə çıxış əldə edilir. Yazıb-oxumağı hamı bilən müasir cəmiyyətlərdə yazı-pozunun qrammatikasına, müəyyən edilmiş normalarına düzgün əməl edilməsinə xüsusi diqqət yetirilir.

Məsələni bir az da konkretləşdirsək belə qənaətə gələ bilərik ki, məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir. Biz də əsasən bununla razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, ali təhsil müəssisələrinin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görəcəyi işi isə məktəbəqədər təhsilin üzərinə yükləyirik. Nəticəsi də o olur ki, valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Nə baş verir? Hara tələsirik? İstixana üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük?

Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənin vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya, metodologiyanın onilliklərdən, yüzilliklərdən bəri toplanmış potensialına əsaslanır, təkamül yolu ilə inkişafı tərciyə edir. Nə qədər acı olsa da, bir həqiqəti etiraf etmək zorundayıq ki, getdikcə müasir texologiyaların əsirinə çevrilərək virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki cəhətdən, həm də mənəvi tərəfdən nəsə bir cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu da səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə də sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.

Bu gün biz uşaqlarımızı faktiki bilik qazanmağa, elementar tərbiyə elementlərinə yiyələnməyə deyil, hansısa test suallarına cavab tapmağa yönləndirmişik. Halbuki, təhsilə dair heç bir normativ sənəddə orta məktəbin vəzifəsi məhz ali məktəbə tələbə hazırlamaq kimi müəyyənləşdirilməyib. Ümumtəhsil məktəbinin fəaliyyətinin yeni kompleks qiymətləndirmə meyarları hazırlanmalıdır. Məktəbimiz, bütövlükdə təhsilimiz yalnız formaca deyil, məzmun və struktur baxımından yenilənməlidir. Nə qədər ki, bu baş verməyəcək, təhsilalanlarda məktəbə, mükəmməl təhsilə maraq hissi yaranmayacaq. Bu isə yeniyetmə və gənclər arasında bir sıra xoşagəlməz, hətta faciə xarakterli fəsadların baş verməsinə yol açacaq.

“Xeberlenti.com”

About Author