XƏBƏRLENTİ

xeberlenti.com

Cəmilə Bağırova: Təəssüflər olsun ki, bəzən uşaqlar küçədə yaşamağa təhrik edilirlər

Azərbaycanda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, baxımsız və küçə həyatına məruz qalan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.

Hamıya bəllidir ki, hazırda küçə uşaqları məsələsi bütün dünyada ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Bu sahədə həyata keçirilən işlər nəticəsində gələcəkdə küçə həyatına, baxımsız şəraitdə saxlanılmağa meyilli olan uşaqlarla mübarizə istiqamətində daha praktik nəticələr əldə edilməsinə səbəb olacaq.

“Xeberlenti.com” xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.

C. Bağırova qeyd edib ki, qanunvericilikdə edilən dəyişikliklər hesabına işin icra mexanizmində daha çox çevik reaksiya əldə etmək mümkündür. Çünki uşaqların küçə həyatına məruz qalmasına, baxımsız şəraitdə saxlanılmasına gətirib çıxaran amillər olur: “Həmin həllini tapmayan səbəblərə görə məhz uşaqlar ziyan çəkir. Bu kimi səbəblərə görə Dövlət Komitəsi tərəfindən müəyyən normativ sənədlərdə dəyişiklik hazırlanıb.

Həyata keçirilən bütün bu işlərlə yanaşı bəzən uşaq hüquqlarının pozulmasının şahidi oluruq. Ölkənin ümumi qanunvericiliyinin əsasını təşkil edən Konstitusiyanın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bəzən valideynlər, bəzən də rəsmi, yaxud qeyri-rəsmi himayəsində yaşadığı şəxslər tərəfindən uşaqlar təəssüflər olsun ki, küçədə yaşamağa, orada onların mənəviyyatına, fiziki və psixoloji sağlamlığına zərər verən fəaliyyətlə məşğul olmağa təhrik edilirlər. Heç şübhəsiz ki, hazırda gündəlik olaraq bizlərin küçələrdə rastlaşdığımız vəziyyət bu halın artmasına əsaslı fikirlər formalaşdırır. Bunun nəticəsində küçələrdə hüquqları pozulmuş uşaqlarla rastlaşırıq. Amma, hesab edirik ki, bu kimi problemlərin həllində öyrənilən beynəlxalq təcrübə gələcəkdə bu halın daha müsbət yöndə həllinə nail olmağa imkan yaradacaq”, – deyə şöbə müdiri qeyd edib.

 

About Author