Falçılıq adıyla dələduzluğa görə üç ayadək həbs: Vəkildən xəbərdarlıq

Son illərdə sosial şəbəkələrdə falçılıq fəaliyyəti ilə məşğul olan dələduzların sayı artmaqdadır. Bu şəxslər insanları aldadaraq gəlir əldə edir və bu fəaliyyəti bir biznesə çeviriblər.

Bəs qanunvericilikdə bu cür hallara qarşı hansı cəzalar nəzərdə tutulur?

Mövzu ilə bağlı “Xeberlenti.com”a açıqlama verən vəkil Vüsal Cəfərov bildirib ki, falçılıq fəaliyyəti ilə bağlı qanunvericilikdə xüsusi bir tənzimləmə yoxdur. Lakin bu fəaliyyət zamanı dələduzluq və ya aldatma halları baş verərsə və nəticədə zərərçəkmiş şəxsə 500 manatdan artıq ziyan dəyərsə, bu, artıq cinayət məsuliyyəti yaradır:

“Əgər falçı insanları bilərəkdən yanlış məlumatlarla aldadaraq onlara maddi zərər yetirirsə, bu zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə (dələduzluq) əsasən cinayət işi başlana bilər”, – deyə vəkil bildirib.

Vəkil əlavə edib ki, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, dələduzluq – etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirmə – aşağıdakı cəzalarla nəticələnə bilər:

1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə. Əgər zərərçəkmişə dəyən maddi ziyan 500 manatdan azdırsa, bu zaman məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən müəyyən olunur.

Bu maddəyə əsasən, xırda talama – oğurluq, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi – belə hallarda:

160 saatdan 240 saatadək ictimai işlər, əgər şərait bunu tələb edirsə və şəxsin şəxsiyyəti nəzərə alınmaqla, tədbirlərin yetərli olmadığı müəyyən edilərsə, 3 ayadək inzibati həbs cəzası tətbiq oluna bilər.

Rəşanə Quluyeva “Xeberlenti.com”

About Author