Sosial medianın təsiri ilə formalaşan yeni kommunikasiya vasitələri təhsil sisteminə də təsirsiz ötüşmür. Maarifləndirmənin rəqəmsal aləmdə təqdimatı müasir dövrün reallığına çevrilib. Lakin bu reallıq bəzən əsas dəyərlərin arxa plana keçməsi ilə müşayiət olunur. Son günlər TikTok platformasında “#AzərbaycanMüəllimləri” adlı video-müsabiqənin elan olunması bu baxımdan cəmiyyətdə ciddi müzakirələr doğurub. Müzakirələrin mərkəzində dayanan əsas məsələ isə budur: müəllimin peşəkarlığı və nüfuzu sosial media statistikası ilə ölçülə bilərmi?
Sözügedən məsələ ilə bağlı TİHA sədri, təhsil eksperti Əmrah Həsənli Xeberlenti.com-a açıqlamasında bildirib ki, sosial media dövründə maarifçilik yeni formalarla təqdim olunur, texnologiyanın imkanlarından təhsildə istifadə meylləri artır. Lakin bu proses bəzən təhsilin əsas hədəflərinin və onun baş qəhrəmanı olan müəllimin populizmin kölgəsində qalmasına səbəb olur:
“Son günlər TikTok platformasında “#AzərbaycanMüəllimləri” adlı video-müsabiqənin elan edilməsi bu baxımdan cəmiyyətin diqqətini çəkdi. Sosial media vasitəsilə müəllimlərin təşviqi və maarifləndirmə məqsədilə həyata keçirilən bu təşəbbüs, təəssüf ki, ciddi müzakirələrə səbəb oldu. Müzakirənin səbəbi sadədir: müəllim nüfuzunun və peşəkarlığının baxış sayı ilə qiymətləndirilməsi cəmiyyətin elmi və mənəvi dayaqlarına xələl gətirir.”
Əmrah Həsənli qeyd edib ki, müəllimlik sadəcə bir peşə deyil. Bu, həm mənəvi məsuliyyəti, həm də cəmiyyət qarşısında sosial və elmi öhdəlikləri özündə birləşdirən müqəddəs missiyadır:
“Bu missiyanın daşıyıcısını – müəllimi – sosial şəbəkələrdə neçə nəfərin izlədiyinə, hansı effekti yaratdığına və nə qədər ‘like’ topladığına görə qiymətləndirmək, bu peşənin mahiyyətini yanlış anlamaq deməkdir. Təhsil sahəsində könüllülük prinsipi ilə həyata keçirilən təşəbbüslər müsbət haldır, lakin bu, müəllim obrazının hansı platformalarda və necə təqdim olunmalı olduğunu düşünmək zərurətini aradan qaldırmır.”
Ekspertin sözlərinə görə, belə müsabiqələrdə qaliblərin baxış sayı ilə müəyyən edilməsi və əsas qiymətləndirmə meyarının məzmundan çox statistika üzərindən aparılması, müəllimi maarifçi yox, izlənən obrazına çevirir:
“Tədris və təhsil prosesinin mahiyyəti tamaşa yox, dəyər yaratmaqdır. Biz müəllimə sinif otağında uşağın taleyini dəyişə biləcək bir güc sahibi kimi yanaşmalıyıq, sosial mediada daha çox bəyənmə yığan kontent istehsalçısı kimi yox. Əlbəttə, sosial şəbəkələr təhsilin imkanlarını genişləndirə bilər. Faydalı məzmunun paylaşılması, müəllimlərin təcrübə mübadiləsi və təhsilə marağın artırılması müsbət haldır. Ancaq bu təşəbbüslər pedaqoji etika, məzmun keyfiyyəti və təhsilin mahiyyətinə uyğun şəkildə həyata keçirilməlidir.”
Həsən Məmmədov
“Xeberlenti.com”
