İran nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün bazar günü ABŞ ilə danışıqların dördüncü raundunu keçirməyə razılaşıb.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Mövzu ilə bağlı politoloq Tural İrfan “Zengezur.tv”yə açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Trampın yürütdüyü siyasət heç də göründüyü kimi radikal və birmənalı deyil:
“Sadəcə əvvəlcə bəzi dövlətlərə siyasi təziq göstərir, hücum xarakterli iqtisadi təhdidlər edir, lakin sona qədər dirəniş göstərmir. Yəməni bombalayıb, sonra da Husiləri tərifləyir, hətta İsrail Prezidenti ilə danışıqları dayandırdığı haqda məlumat da yayılıb. Qəzzaya yardım üçün ərəb ölkələri ilə danışıqlara yönəlib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan bir neçə ərəb ölkəsi rəhbəri xahiş edib ki, siyasi nüfuzundan istifadə edərək , Qəzza əhalisi barədə Trampla danışsın. Tramp da Ərdoğana müsbət cavab verib, bu da İsrailin xoşuna gəlməyib.
İranla da nüvə danışıqlarının baş tutacağı inandırıcıdır. Nəticə nisbi olacaq. ABŞ ilə İsrailin son günlərdə aralarında bir neçə mövzuda ziddiyyətin olması, eyni zamanda İranın proksi qüvvələrinin, Ənsarullah xaric, susdurulması hazırda İranın üstünə getməyə o qədər də əsas vermir. Məqsəd İranın Yaxın Şərqdə təsirini yox etməkdirsə, artıq Suriya əlindən çıxıb, İraqda da Həşdi Şabi qüvvələri orduya tabe edilib, Hizbullah da əvvəlki siyasi, hərbi gücə malik deyil. Nüvə silahı məsələsində də İran təkidlə bildirir ki, məqsədi silah hazırlamaq deyil. Trampın İsrail Baş naziri ilə əlaqəni kəsməsinə səbəb kimi Netanyahunun ona tez – tez müraciət edərək manipulyasiya etməyə cəhd etməsi, İranı bombalamağa razı salmağa cəhd etməsi göstərilir. Trampın bundan imtina etməsi göstərir ki, İranı vurmaqda o qədər də ciddi deyil. Sadəcə təhdid edir. ABŞ əgər İrandan istədiyini ala bilsə, bölgədə, Yaxın Şərqdə digər maraqlarına xidmətə məcbur etsə , hərbi müdaxilə olmayacaq”.
Politoloqun sözlərinə görə, danışıqlar əslində nüvə məsələsi deyil:
“Nüvənin kimə qarşı istifadə edilməsi məqsədidir. ABŞ İranın nüvə silahı hazırlama ehtimalından o qədər də narahat deyil. Çünki İran onu yalnız müsəlman ölkələrininə qarşı təhdid kimi hazırlayır. Çünki İran məzhəbçi ideologiya və müsəlmanlara liderlik uğrunda savaşır. Onun əslində qeyri-müsəlman ölkələri ilə problemi yoxdur. İsraillə də ona görə üzdə düşməndir ki, müsəlmanların ortaq problemi olan Fələstin məsələsində özünü baş rolda təqdim edə bilsin və xal qazansın. Bu işin zahiri yönüdür. Daxili yönü isə budur ki, İrana bağlı proksi qüvvələrin İsrailə hücumu ilə İsrail müsəlman torpaqlarına sahiblənir və kifayət qədər ərəb qanı tökülür. İran İsrailə bundan daha böyük dəstəvuz, daha böyük “töhfə” verə bilməz. Amma buna baxmayaraq İsrail ondan daha çox şey istəyir.
İran hazırda ABŞ ilə münasibətlərini tənzimləməyə cəhd edir. ABŞ-nin tələblərinə əməl etməyi bombalanmaqdan üstün hesab edəcək. Baxır tələblər nədir.
İrana ABŞ-dən hücum olmayacaq. Əgər hücum olsa, İsrail bir neçə lokal hərbi aviasiya zərbələri endirə bilər.
İran əhəmiyyətli məsələlərdə ABŞ-nin bir çox maraqlarına-İslam dünyasının birləşməməsi, boyük gücə çevrilməməsi üçün İran Qərbin maraqlarına ciddi surətdə cavab verir. Hazırda Suriyada Ələvi, Nyseyri, Druz qruplarının hökumətə qarşı üsyana qaldırılmasında İsrail maraqlarına xidmət edir. Hindistan və Pakistan arasındakı savaşda dərhal xarici işlər naziri özünü Hindistana yetirib dəstəyini ifadə etdi.
Ona görə hazırkı rejimi devirməkdə ABŞ o qədər də maraqlı deyil. Nüvə silahının isə müsəlman dövlətlərinə qarşı təhdid məqsədi güddüyünə ABŞ inanır, amma İsrail buna etibar etmir. Ona görə ABŞ-dən çox İsrail narahatdır və nüvə proqramının qarşısının alınmasını, vurulmasını istəyir. Keçmiş İran – İraq müharibəsində Səddam Hüseynin nüvə obyektlərini İsrail İrana dəstək olaraq vurdu. Çünki Səddam İrana qalib gəlsə , bir qütblü müsəlman aləmi yarana bilərdi ki, İraq liderliyində İsrailə təziq göstərib Fələstini xilas edə bilərdilər. Məhz bunun qarşısında duran ciddi problem İran idi. Məhz ona görə də üzdə “düşmən” olsalar da , İsrail İraqın nüvə obyektlərini vurub. İndi də ABŞ İranın əslində nüvə silahına sahib olmasını Türkiyə və Pakistana qarşı təziq üçün arzu edir. Sadəcə İsrailə qarantiya lazımdır. Danışıqlar bunun üçün aparılır. Əslində İran Yaxın Şərq üzərindən alver edir”.
Kəmalə Vəliyeva