XƏBƏRLENTİ

xeberlenti.com

Süni intellekt iş dünyasında inqilab yaradır – Açıqlama

“Süni intellektin insanların iş dünyasındakı rolu zaman keçdikcə daha da nəzərəçarpacaq dərəcədə artacaq”.

Bu barədə Xeberlenti.com-a İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev bildirib.

Onun sözlərinə görə, süni intellekt xüsusilə rutin və təkrarlanan tapşırıqların avtomatlaşdırılması sayəsində iş proseslərini həm sürətləndirir, həm də səhvlərin sayını azaldır:

Mühasibatlıqda sənəd emalı, müştəri xidmətlərində chatbotlardan istifadə və istehsalat sahəsində robotlaşdırma bunun bariz nümunələridir. Bu texnologiyalar şirkətlərə xərcləri azaltmaq və məhsuldarlığı artırmaq imkanı verir”.

O süni intellektin bəzi peşələri əvəz etsə də, yeni iş sahələrinin də ortaya çıxdığını vurğulayıb:

Məlumat analitikləri, süni intellekt mühəndisləri, eləcə də bu sahənin etik və hüquqi tərəflərinə nəzarət edən mütəxəssislərə olan tələbat artır. Süni intellektin böyük həcmdə məlumatı təhlil etməsi rəhbər şəxslərə daha əsaslı qərarlar qəbul etməyə kömək edir. Bu xüsusilə marketinq strategiyalarında, maliyyə proqnozlarında və risk idarəçiliyində əhəmiyyətlidir. Süni intellekt hələlik kreativlik, empatiya və sosial qarşılıqlı əlaqə tələb edən sahələrdə insanı əvəz edə bilmir. Ən uğurlu yanaşmalar insan və maşın əməkdaşlığını birləşdirən hibrid modellərdir”.

Ekspertin fikrincə, süni intellektin tətbiqinin genişlənməsi aşağı ixtisaslı iş yerlərinə daha çox təsir edir:

“Buna görə də təlim və yenidən ixtisaslaşdırma proqramlarının rolu xüsusi önəm kəsb edir. Ancaq qeyd etmək lazımdır ki, süni intellektin iş dünyasındakı rolu getdikcə genişlənəcək və bu proses həm yeni imkanlar, həm də ciddi çağırışlarla müşayiət olunacaq”.

Rəşanə Quliyeva 

 

 

 

About Author